Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzən elə suallar olur ki, onların nə doğru cavabı var, nə də ümumiyyətlə verilməsinin bir mənası. Maraqlıdır ki, insanlar ən çox da məhz belə sualları sevir. Çünki həmin suallara verilən cavablar insanın vicdanını deyil, cəmiyyət qarşısında yaratmaq istədiyi obrazı göstərir. Bir müddət əvvəl sosial şəbəkələrdə bir görüntü geniş müzakirə olunurdu. Jurnalist köməyə ehtiyacı olan bir insanı lentə almışdı. Ardınca isə linç başladı. "Niyə çəkdin?", "Niyə kömək etmədin?", "Sən insanlıqdan uzaqsan", "Reytinq dalınca qaçırsan...".
Maraqlıdır, həmin adamlar doğrudanmı bilirlər ki, özləri o vəziyyətdə nə edərdilər? Yox. Sadəcə elə düşünürlər.
Daha sonra bu mövzunu müəllimlə müzakirə edirdik. Eyni sual mənə də verildi:
"Əgər sən orada olsaydın, vətəndaş borcunu yerinə yetirərdin, yoxsa jurnalist borcunu?"
Hamı növbə ilə cavab verirdi. Kimsə deyirdi, "Mən ilk növbədə kömək edərdim". Digəri deyirdi, "Əvvəl çəkərdim, sonra kömək edərdim". Başqası isə özünü bir az da vicdanlı göstərmək üçün "Mən heç çəkməzdim, ancaq kömək edərdim" deyirdi. Mən isə onların cavablarını yox, əminliklərini izləyirdim.
Bu qədər əminsiniz?
Doğrudanmı bilirsiniz? İnsanlar niyə yaşamadıqları hadisələr haqqında bu qədər rahat hökm verirlər?
Əslində bu sual mənə uşaqlıqdan tanışdır. Sadəcə forması dəyişib. Uşaq olanda bir-birimizə soruşurduq: "Ananla atan suda boğulsa, hansını xilas edərsən?" Və ya "Pişiyinlə dostun təhlükədə olsa, ilk kimi qurtararsan?" Hamımız cavab verirdik...Amma heç birimiz o vəziyyəti yaşamamışdıq.
Bu gün də eyni oyunu böyüklər oynayır. Sadəcə "ana və ata"nın yerini "vətəndaş borcu" və "jurnalist borcu" tutub. Halbuki cavab eynidir.
Heç kim bilmir.
Mən indi desəm ki, "Mən həmin insanı xilas edərəm. O an jurnalist olduğum heç yadıma düşməz", yalan danışmış olaram. Çünki mən o anı yaşamamışam. Mən haradan bilim ki, hadisə ilə üz-üzə qalanda beynim necə işləyəcək? Haradan bilim ki, peşə instinktim məni kameraya yönəldəcək, yoxsa refleks olaraq insanı xilas etməyə?
Əgər desəm ki, "Yox, mən əvvəl jurnalist borcumu yerinə yetirərəm. Hadisəni lentə alaram, sonra kömək edərəm", bu da yalandır. Çünki bunun da necə olacağını bilmirəm. Hətta desəm ki, "Mən hər ikisini edərəm", yenə də özümü aldatmış olaram. Həyat sosial şəbəkədə yazılan status deyil ki, hər şey plan üzrə getsin. Həmin an saniyələr qərar verir. Bəzən insan donub qalır. Bəzən həyəcanlanır. Bəzən ağlına heç nə gəlmir. Bəzən də sonradan özünün belə izah edə bilmədiyi qərar verir. Ona görə mən bu suala cavab verməkdən imtina edirəm.
Yox, cavab tapa bilmədiyim üçün yox. Ona görə ki, dürüst olmaq istəyirəm. Mən yaşamadığım bir hadisə haqqında qəhrəmanlıq hekayəsi danışmaq istəmirəm. Çünki bilirəm ki, insan özünü danışanda yox, yaşayanda tanıyır. Bu gün klaviatura arxasında hamı qəhrəmandır. Hamı vicdanlıdır. Hamı ideal jurnalistdir. Hamı ideal vətəndaşdır. Amma həyat o deyil. Həyatın ən böyük fərqi budur: burada cavabları əvvəlcədən yazmaq olmur, yazsaq da real olmur. Bəlkə də buna görə belə sualları mənasız hesab edirəm. Çünki bu sual mənim vicdanımı yoxlamır. Sadəcə məni gələcəklə bağlı yalan danışmağa məcbur edir.
Mən gələcəyi bilmirəm.
Siz də bilmirsiniz.
Heç kim bilmir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)


