Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsan qəribə varlıqdır. Həmişə elə düşünür ki, qarşıda kifayət qədər vaxt var. "Sabah zəng edərəm", "Gələn həftə görüşərik", "Bir az da işləyim, sonra dincələrəm", "Vaxt tapanda gedərəm". Bu cümlələri demək o qədər asandır ki, onların arxasında gizlənən həqiqəti çox vaxt görmürük. Halbuki həyatın heç kimə vermədiyi bir zəmanət var: sabah...
İnsan həyatındakı ən vacib anların sonuncu olduğunu yaşadığı anda bilmir. Əgər bilsəydi, bəlkə də hər şey başqa cür olardı. Heç kim anasının səsini sonuncu dəfə eşitdiyini bilə-bilə telefonu tələsik bağlamazdı. Heç kim atasının əlini sonuncu dəfə sıxdığını bilə-bilə "işim var" deyib uzaqlaşmazdı. Heç kim dostu ilə sonuncu dəfə çay içdiyini bilə-bilə söhbəti yarımçıq qoymazdı.
Həyat heç vaxt xəbərdarlıq etmir. O, sadəcə davam edir. Dünən adi görünən bir gün, illər sonra insanın ən qiymətli xatirəsinə çevrilir. Uşaqlığımızı düşünək. Bir vaxtlar məktəbə getməkdən şikayət edirdik. Səhərlər tez oyanmaq istəmirdik. Dərslərin bitməsini səbirsizliklə gözləyirdik. Bizə elə gəlirdi ki, məktəb heç vaxt bitməyəcək. Sonra bir gün son zəng çalındı. Hamı sevindi. Elə bilirdi ki, qarşıda daha gözəl həyat başlayır. İllər keçəndən sonra isə bir çox insan həmin məktəbin qarşısından keçərkən dayanır. Çünki anlayır ki, o günlər bir daha qayıtmayacaq.Böyümək də belədir. İnsan böyüməyə tələsir. Uşaq olanda böyük olmaq istəyir, böyük olanda isə uşaqlığını axtarır. Vaxtında dəyər vermədiyi sadə anların həsrətini çəkir. Axşam həyətə düşmək, dostlarla saatlarla söhbət etmək, ailə ilə eyni süfrə arxasında oturmaq... Bunlar o vaxt adi görünürdü. İndi isə ən bahalı hədiyyədən də qiymətlidir. Məncə, həyatın ən böyük faciəsi ölüm deyil. Ən böyük faciə yaşadığımız anı hiss etmədən keçib getməsidir. Bir çox insan ömrünü gələcək üçün yaşayır. Məktəbi bitirim, iş tapım, ev alım, sonra rahat yaşayaram. Sonra anlayır ki, ömrü "sonra" sözünün arxasınca qaçmaqla keçib. İnsan itkilərlə dəyişir. Sevdiyi birini itirəndən sonra telefonuna gələn hər zəngə başqa cür baxır. Boş qalan bir stulun nə qədər ağır olduğunu anlayır. Bayram süfrəsində çatışmayan bir nəfərin bütün otağı necə səssizləşdirdiyini hiss edir. Həmin vaxt başa düşür ki, həyatda ən qiymətli olan şeylər pulla alınmır. Onlar sadəcə yaşanır. Və yaşanmadıqda geri qaytarılmır. Biz xatirələrin yaranmasını hiss etmirik. Bu gün adi hesab etdiyimiz bir söhbə t illər sonra gözümüzü yaşarda bilər. Çünki zaman keçdikcə hadisələr yox, onların mənası dəyişir. İnsan geriyə baxanda başa düşür ki, xoşbəxtlik böyük uğurlarda yox, kiçik anlarda gizlənirmiş. Bəzən bir fincan çay, ailə ilə edilən qısa söhbət, dostdan gələn səmimi mesaj, axşamüstü edilən gəzinti insanın gələcəkdə ən çox xatırlayacağı anlara çevrilir. O anlar yaşanarkən adi görünür. Amma illər sonra onların nə qədər dəyərli olduğu aydın olur.
Biz çox vaxt sevdiyimiz insanlara sevgimizi göstərməyi ertələyirik. Elə bilirik ki, buna həmişə vaxt olacaq. Halbuki bəzən insanın içində ən ağır yük deyə bilmədiyi sözlər olur. "Kaş desəydim", "Kaş getsəydim", "Kaş qucaqlasaydım"... Bu "kaş"lar zaman keçdikcə insanın yaddaşında dərin iz buraxır. Həyat heç kim üçün dayanmır. Təqvim vərəqləri dəyişir, fəsillər keçir, insanlar böyüyür, saçlar ağarır. Dəyişməyən yalnız bir həqiqətdir: bu gün bir daha təkrarlanmayacaq.
Bir gün hamımız sonuncu dəfə nəyisə edəcəyik. Sonuncu dəfə doğma evin qapısından çıxacağıq. Sonuncu dəfə uşaqlıq küçəmizdən keçəcəyik. Sonuncu dəfə bir dostumuzla görüşəcəyik. Sonuncu dəfə kiminsə səsini eşidəcəyik. Amma bunların heç birini o an bilməyəcəyik.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)


