Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.
İmanova Təhminə Mircamal qızı 6 mart 1997-ci ildə anadan olmuşdur. 2016–2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2020–2022-ci illərdə isə magistr təhsili almışdır.
Hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində aparıcı arxivçi vəzifəsində çalışır.
Yaradıcılıq fəaliyyəti ilə də məşğul olan Təhminə İmanova 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər mənim qələmimdə” mövzusunda məqalə müsabiqəsində iştirak etmişdir. Təqdim etdiyi “Zəfər tariximiz” adlı məqaləsinə görə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və mükafata layiq görülmüşdür. Həmin məqaləni sizlərə təqdim edirəm...
Təhminə İmanov
“Zəfər mənim qələmimdə”
Qarabağ- Vətənin qəlbi... Torpağı həsrət qoxan, bir zamanlar övladlarını çağıran ana kimi əziz, Pənahəliləri, İbrahimxəlilləri üçün darıxan Vətən...
Vətən nədir? Vətən- yurdunu ayaqyalın tərk edən balaların əzmlə geri qayıdışı, qanlı qayaları gülüstana çevirən şəhidlərin ayaq izləri, Əliyarın, Poladın, Mübarizin bayrağını daşıyan o əllərdir. O vətən Xudayarın dumanları dağıdan nəğməsidir...Şəhid analarının saçlarına düşən dən, ata deyib ağlayan balaların, gecələr səsini boğub hönkürən şəhid xanımlarının gözlərindən süzülən yaş damlalarıdır Vətən.. O, dünənimizin Pənahəlisi bu günümüzün Dövlətzadəsidir.
Tovuz döyüşləri- İyul bizim üçün həlledici bir ay oldu. Tovuz istiqamətində baş verən döyüşlər haqlı savaşımız üçün bir səbəb idi. Artıq vaxt idi. Bu qədər özbaşınalığın layiqli bir cavabı olmalı idi. Ermənistan tərəfinin açdığı ilk artilleriya atəşi nəticəsində bir neçə hərbçimiz və bir mülki şəxs həyatını itirdi. Bu atəş haqlı savaşımızın ilk qığılcımı idi. Elə bu qığılcım od olub düşmənin ürəyinə düşəcəkdi və düşdü də.
Təqvimlər 27 Sentyabr tarixini göstərdikdə insan qəribə hisslər keçirir. Qüruru, sevinci, qəmi birlikdə yaşayırsan. Eyni zamanda da, intiqam duyğusu..Artıq səbir kasası dolmuşdu. Son üç ay ərzində bir neçə dəfə hücumlar olmuş, avqust ayında isə Ermənistanın təxribat qrupu terror aktı törətmək istəyərkən hərbi qulluqçularımız tərəfindən bunun qarşısı alınmışdı. Sentyabrın 27-si səhər saatlarında isə yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qaldı. O gün cənab Ali Baş Komandan "Vur!" əmrini verərkən xalqımız bir yumruq oldu. Bizim silahlı birləşmələrimiz əks-hücum əməliyyatlarına başladı və igid oğullarımız çiyin-çiyinə verib müqəddəs torpaqlarımızı düşmənin çirkli ayaq izlərindən təmizlədilər. Hər dəfə müjdəli xəbər gələrkən mavi ekran qarşısında əyləşib həyəcanla brifinqləri izləyən insanların keçirdiyi fərəh hissini izah etmək çox çətindir. Çünki bu mənzərə qarşısında kəlmələr belə aciz qalır. Çox qəribədir, müharibə sanki bir tərəfində çiçəklər açan, digər tərəfində isə yarpaqları qoparılan bir ağacdır. Bir tərəfdən fəxr edirsən, digər tərəfdən isə qəhərlənirsən. Bizə bu fəxarət hissini yaşadan oğulların hər biri bizim üçün çox dəyərlidir. Vətən onlarla qürur duyur! Onlar rütbəsindən asılı olmayaraq hamılıqla birləşib "dəmir yumruq" oldular! Sanki doğma qardaş idilər.
Bu qardaşlıq nəinki hərbidə, eləcə də bütün ölkədə hökm sürürdü. Vətənin ən acı günlərində belə bu birliyimiz göstərdi ki, Azərbaycan xalqı məğrurdur və düşmən qarşısında heç vaxt boyun əyməz. Məğlubiyyəti həzm etmək istəməyən düşmən özünü təsəlli etmək üçün silahını dinc, günahsız insanların üzərinə tuşladı. Onsuz da təəccüblənmədik. Çünki körpələri, yaşlıları və əliyalın insanları hədəf almaq əzəldən onların xislətində var. Biz bunu Xocalının timsalında görmüşdük. Düşmən olanda nə olar? Gərək onun da qeyrətlisi ilə vuruşasan. Elə Azərbaycan əsgərini də düşməndən fərqləndirən cəhət bu idi- qeyrət. Onlar bir günahsız insanın belə barmağını qanatmadan torpaqlarımızı işğaldan azad etdilər. Amma düşmən öz "qəhrəmanlığını" silahsız insanlar üzərində göstərdi. Oktyabr ayının 4-ü, 5-i, 7-si, 11-i və 17-si Gəncə şəhərinə edilən raket hücumları nəticəsində 125 mülki şəxs yaralanmış, 27 mülki şəxs isə həyatını itirmişdi. Eləcə də oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də Bərdə şəhərinə amansızcasına raket hücumları oldu. Bu hücumlar nəticəsində isə 105 nəfərdən çox insan yaralandı, 26 nəfər isə həyatını itirdi. Bunlarla yanaşı Tərtər, Naftalan, Mingəçevir, Bakı və digər bölgələrimizə də raket hücumları edilmiş, onlardan bəziləri HHM sistemləri tərəfindən məhv edilmişdir. Düşmən tərəfi beynəlxalq konvensiyalarla bağlı qadağan olunmuş silahlardan, xüsusilə də kasetli bombalardan istifadə edirdi.
Bu 1949-cu il Cenevrə Konsensiyalarının normalarının pozulması demək idi. Bu heç cür insanlığa sığmayan bir addım idi. Raket hücumları zamanı dağıntılar altından çıxarılan uşaqların üzündəki o qorxu, doğmalarını itirmiş insanların dərin baxışlarındakı kədər və intiqam hissi, çarəsizcəsinə həyat yoldaşının və övladlarının dağıntılar altından sağ çıxmasını gözləyən bir kişi və ailəsindən heç kimi qalmamış bir körpə... İnsanlarla bərabər, üzəri qana bulaşmış "Yaşamaq istəyirəm" adlı kitabı demirəm hələ. Film kimidir, elə deyilmi? Lakin bu bir gerçəklikdir. Bu vicdansızlıq tarixin qara səhifələrinə sətir-sətir həkk olundu. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu ilə 30 il ərzində müxtəlif danışıqlar aparıldı. Onların qəbul etdiyi qətnamələrə əsasən, ermənilər Azərbaycan ərazisini tərk etməli idilər. Amma sonra nə gördük? Bizə verilən vədlər yalan çıxdı. Fəqət hər şeyə rəğmən qardaş ölkəmiz Türkiyə sona qədər bizə dəstək oldu. Türkiyə prezidenti R.T.Ərdoğan Qarabağ məsələsi ilə bağlı dəfələrlə danışıqlar aparmış və hər zaman bizimlə müttəfiq olmuşdur. Ona görə də, bayraqlarımız hər yerdə birlikdə dalğalanır. Hərbçilərimiz digər ölkələrdən aldığımız silahlarla yanaşı, türk avadanlıqlarından da istifadə edərək düşmənə ağır zərbələr endirmişdir. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları müharibə ərəfəsində bizim işimizi xeyli asanlaşdırdı. Bu silahlar sayəsində çoxlu sayda insan itkisinin qarşısı alındı. Bizdə olan silahlar bununla kifayətlənmirdi. Bir neçə müasir hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar, artilleriya silahları, T-72, T-90 tankları, "Polonez", "Lora" "Qasırğa" "Ekstra" raketləri və sairə. 30 il əvvəl ilə müqayisə etsək, görərik ki, həm avadanlıqlarla, həm də döyüş metodları ilə bağlı arada çox fərq var. Məhz bu səbəbdən də haqlı savaş cəmi 44 gün çəkdi. Əslində qalibiyyətimizi təkcə Ermənistan deyil, onun kimi bir neçə ölkə də həzm edə bilməmişdi. Biz bunu Prezident İlham Əliyev müxtəlif televiziya kanallarına müsahibə verərkən ona göstərilən səmimiyyətsiz münasibətlərdən açıq şəkildə görə bilərik. Lakin ölkə başçımız haqlı olaraq bütün gerçəkləri dilə gətirdi. Bununla yanaşı, Ermənistanın çirkin siyasəti hələ də bəzi ölkələr tərəfindən dəstəklənirdi. Halbuki bizim tək istəyimiz ərazi bütövlüyümüzü təmin etmək idi və biz buna nail olduq. Elə buna görə də bütün əməliyyatlar uğurla başa çatdırılmışdır. Bu əməliyyatlardan biri də "Daşaltı əməliyyatı" idi. Polkovnik Tehran Mənsimovun rəhbərliyi ilə Xüsusi Təyinatlı Qüvvələr düşmənin bağrını yarmaq üçün hər cür çətin tapşırığı yerinə yetirməyə hazır idilər. Daşaltı əməliyyatı mürəkkəb bir döyüş tapşırığı idi. Çünki Daşaltı kəndi mühüm strateji mövqedə yerləşirdi. Bu kənd aşağı ərazidə yerləşdiyi üçün düşmən oraya asanlıqla atəş açırdı.Daşaltının üstündəki bütün qayalar güllə izi idi. Yaralı hərbçilərimiz o qayaları dırmaşaraq düşmənin canına qorxu saldılar və çox çəkmədi- bir neçə gün davam edən qızğın döyüşlərdən sonra Şuşa şəhəri İcra Hakimiyyətinin binasında Mayor Gündüz Səfərlinin bölməsindən olan əsgərlər üçrəngli şanlı bayrağımızı Şuşa şəhərinə sancdılar. Elə həmin gün Şuşada illər sonra həm azan, həm də Dövlət himnimiz ilk dəfə səsləndi. Bir neçə gün davam edən qızğın döyüşlər, nəhayət ki, zəfərlə bitdi. Kimisi qolunu, kimisi ayağını, kimisi də gözünü itirdi. Amma onların dilindən bir kəlmə heç vaxt düşmədi: "Vətən sağolsun!" Bu günkü gün işğaldan azad olunmuş bölgələrimizdə müxtəlif qəsəbələr salınmış, bir-birindən ehtişamlı binalar, evlər, məktəblər tikilmişdir. Prezident İlham Əliyev noyabr ayının 8-i əhaliyə müraciət edərkən dedi: -“Əziz Şuşa, biz səni dirçəldəcəyik!” İndi nəinki Şuşa, bütün Qarabağımız dirçəlib. Yeni inzibati binalar, yaşayış binaları, parklar və s. müasir avadanlıqlarla təmin olunub. 2022-ci ildən etibarən, Qarabağa minlərlə ailə köçürülmüşdür. İlk köç karvanı isə 2022-ci ilin 19 iyul tarixində ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. Onlar 53 nəfər olmaqla, 10 ailədən ibarət idilər. Vaxtilə öz dədə-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər indi artıq azad və firavan yaşayırlar. Halbuki, bu ərazilər mənfur düşmən tərəfindən vəhşicəsinə talan edilmişdi. Demək olar ki, bütün binalar sökülmüş, məscidlər, qəbirlər, tarixi abidələr dağıdılmış, Füzulidə bir salamat bina belə qalmamışdı. Çünki onlar bizə aid heç bir izin qalmasını istəmirdilər. Rayonlarımızın, kəndlərimizin adını dəyişməklə torpaqlarımızı erməniləşdirmək istədilər. Dünən Şuşada parlament binası tikmək istəyən, rəqs edərək xalqını coşdurmaq istəyən Paşinyan, çox keçmədi ki, ağ bayraq qaldırdı.
Onlar ordumuzun gücünə, iradəsinə qalib gələ bilmədilər. Müzəffər ordumuz müharibə zamanı düşmənin bir çox texnikasını məhv etdi və hərbi qənimət kimi götürdü. Hərbi qənimətlər içərisinə tanklar, piyadaların döyüş maşınları, xeyli sayda toplar, minaatanlar, qumbaraatanlar, müxtəlif çaplı toplar və başqa silah avadanlıqları daxildir. Bu gün Hərbi Qənimətlər parkının göz oxşayan mənzərəsi, əminəm ki, düşmənin nəfəsini kəsir. Bu Azərbaycan oğullarının əl işi, necə deyərlər, əsl sənətkarlıq nümunəsidir.
Arzuları yarım qalan igidlər.. Axı kimi həmin il özünə toy edəcəkdi, amma yarına qovuşa bilmədi, kimi yeni doğulan körpəsinə ad qoyacaqdı, amma onunqoxusunu duymadan göylərə ucaldı.. Vaxtsız gedən bu karvanın ayaq izlərinin üstündə indi Xarı bülbüllər cücərir, şəhidlərin qanlarıyla imza çəkdiyi sıldırımlı qayalarda indi qartallar fəxrlə süzür. O qartallar ki, başımızı qaldırıb onlara baxanda bizə şəhidlərimizi xatırladır. Biz onlara minnətdarıq. Onlar vətənin müstəqilliyini, azadlığını öz canlarından da əziz tutub vətənə bir söz verdilər. Əziz şəhidlərimiz doğmalarının gözü yolda qalacağını bilirdi. Indi onlardan geriyə atalarının adını uca tutan şəhid övladları qaldı. Onlar dövlətimizə, millətimizə əmanətdir. Biz onların əmanətinə göz bəbəyimiz kimi baxmalıyıq. Eyni zamanda, şəhid övladının forması ilə, əşyaları ilə təsəlli tapan analar, kədəri ürəyində daşıyan, lakin qürurlu duruşu ilə “oğlumla fəxr edirəm” deyən atalar...Bu şanlı tarix, bu zəfəri, qalibiyyəti biz sizə, yəni sizin timsalınızda da şəhidlərimizə və qazilərimizə borcluyuq. Biz qazilərimizin görən gözü, yeriyən ayağı, tutan əlləri olmalıyıq. Axı onlar bizə qələbə sevinci yaşatdı. Əsrlər keçsə də, tarix kitabları başımızı uca edən bu zəfərimiz haqqında yazacaq. Yazıçılar, şairlər, bəstəkarlar bu qələbəni öz əsərlərində tərif edəcəklər.
Cənab Ali Baş Komandanın qələbə müjdəsi ilə 8 Noyabr "Zəfər günü" kimi tarixin səhifələrinə öz adını qızıl hərflərlə yazdı. Tarix o günü heç vaxt unutmayacaq!
Xanın havalanan səsini Xudayarın nəğməsində tapan Vətən! "Sən azadsan!"
Rahat yat, Xudayar, çünki "Vətən yaxşıdır!"
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)


