Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Doğum xəritəsi və müxtəlif “ritual” xidmətləri son vaxtlar sosial şəbəkələrdə çox yayılıb. Demək olar ki, hər platformada “sənin taleyin”, “enerji vəziyyətin”, “münasibətlərin niyə alınmır” kimi başlıqlarla paylaşımlar görmək olur. İlk baxışda bu, sadəcə maraqlı bir şey kimi görünsə də bir az diqqətlə baxanda bunun artıq ayrı bir bazara çevrildiyi hiss olunur...
Əsas olan odur ki, insanlara konkret bir şey yox, izah satılır. Yəni sənə “səndə bu problem var və səbəbi budur” deyilir. Amma bu səbəb nə ölçülə bilir, nə də yoxlanılır. Ona görə də hər kəs öz həyatına uyğun bir məna tapır. Kimdə sevgi problemi varsa, onu ora bağlayır, kimdə iş problemi varsa, onu başqa səbəblə izah edir.
Araşdıranda gördüm ki, bu sistemin kökü çox qədimdir. Əvvəllər insanlar göy cisimlərinə baxıb hava, fəsil və təbiət dəyişikliklərini anlamağa çalışırdılar. Sonra bu baxışlar tədricən insan taleyi ilə bağlandı. İllər keçdikcə elm ayrı yolla getdi, amma bu cür izahlar tam yox olmadı, sadəcə forma dəyişdi. İndi isə məsələ tamam başqa mərhələdədir. Sosial şəbəkələr bu fikirləri daha da yaydı. Qısa videolar, statuslar və paylaşımlar insanlara birbaşa təsir edir. Cümlələr çox ümumidir, amma elə yazılır ki, hər kəs özünü orada görə bilir. Məsələn, “sənin həyatında dəyişiklik olacaq” kimi bir fikir həm hamıya aiddir, həm də hər kəs onu özünə uyğunlaşdırır.
İnsanlar niyə buna inanır? Çünki çox vaxt insanın özü cavab tapmaqda çətinlik çəkir. Qarşısında qeyri-müəyyənlik olanda hazır cavab rahat gəlir. Həmin cavab doğru olub-olmamasından çox, insanı sakitləşdirib-sakitləşdirməməsi önəmli olur. Bundan başqa, insan beyni belə şeylərdə maraqlı işləyir. Əgər bir fikir 10 dəfə eşidilirsə, artıq tanış gəlir. Tanış olan şey isə daha inandırıcı görünür. Sosial şəbəkələr də bunu gücləndirir, çünki eyni tip kontentlər tez-tez qarşıya çıxır. Bu sahənin başqa tərəfi də var: pul qazanmaq. Doğum xəritəsi, “enerji təmizlənməsi”, “ritual” kimi adlarla müxtəlif xidmətlər təklif olunur. Qiymətlər də sabit deyil. Eyni şey bir yerdə ucuz, başqa yerdə çox baha ola bilər. Çünki burada əsas məhsul xidmət yox, inandırmaqdır.
Problem ondadır ki, bunların nəticəsini yoxlamaq olmur. Yəni sənə deyilən şeyin doğru olub-olmadığını sübut edən bir sistem yoxdur. Buna görə də hər şey insanın öz hissinə qalır.
Qeyd edim ki, Azərbaycanda da bu mövzu sosial şəbəkələr vasitəsilə geniş yayılıb. Çox vaxt “psixoloji dəstək” adı ilə təqdim olunur. Amma real psixoloji yardım ilə bu cür xidmətlər arasında fərq həmişə aydın olmur. İnsan bəzən sadəcə danışır, amma qarşılığında elmi və ya peşəkar yanaşma yox, sadəcə izah alır.
Bu mövzu təkcə inanc məsələsi deyil. Burada həm də psixoloji ehtiyac var. İnsan cavab axtarır, sistem isə ona cavab kimi görünən şeylər təqdim edir. Nəticədə bu proses davam edir. Çünki sual bitmir. Sual bitmədikcə, cavab təklif edən sistemlər də qalır.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)


