Bu gecə hərəmiz bir şam yandıraq Zəhra üçün! Featured

 

Fariz Əhmədov

“Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi

 

Uşaqlar nə qədər böyüsə də, valideynləri üçün hələ də uşaq qalır. Onların gülüşü, kədəri, şıltaqlıqları, qəlbimizin ən həssas köşəsində özünə taxt qurur. Biz istədiyimiz qədər onlara soyuq görsənsək, istədiyimiz qədər uzaq görsənsək yenə də o köşədə baş-başayıq.

 

Birdə var “özgənin uşağı” anlayışı. Təəssüflər olsun ki, bu anlayış bu gün özünü qabarıq şəkildə biruzə verir. Mənim evim, mənim maşınım, mənim yoldaşım, mənim kariyeram, mənim ideyam. Bu mənləri yeri gəlsə qəbul etmək asandı amma bir tək “mənim uşağım” anlayışından başqa. Çünki övlad insanın ürəyindən kənarda döyünən ikinci qəlbidir. Xəlil Cübran deyirdi ki, dünyadakı bütün uşaqlar həyatın uşaqlarıdır. Lakin onlar xoşbəxt və yaxud bədbəxtdirlər ki, sizin ailənizdə dünyaya göz açırlar.

Mənim vəkil Fərhad Mehdiyevlə nə əlaqəm, nə də ki, ünsiyyətim olub. Amma qızının yol qəzasında vaxtsız itkisi bir çoxları kimi mənim də ürəyimi dağladı. Nə acı ifadədir. Sanki faciə yalnız öz qapımızı döyəndə dərd olur.  Amma övlad itkisi qarşısında hamı eyni dərəcədə acizdir.

Zəhra. Adın kimi özün də mələk imişsən. Səni çoxları kimi mən də şəxsən tanımırdım. Fəqət o bir dəqiqəlik videon kifayət etdi səni tanımağa. Təcili yardım maşınına yol verdiyin o qısa video...

O balaca qəlbinə o qədər böyük sevgi sığdırmışdın ki, gedişin bütün dost-tanışlarla bərabər sosial şəbəkələrdəki izləyicilərini də kədərə qərq etdi. Nə bilərdin ki, bir gün tanımadığın adamlar sənin həyatın üçün göz yaşı tökəcək.

Bəlkə də bu dünyada missiyan tamamlandı deyə sevənlərindən ayrılıb heçkimin bilmədiyi ünvana uçub getdin. Bu gedişin hər kəsin yaddaşında acılı-şirinli xatirəyə çevrildi. Sevənlərin üçün “Zəhralı günlərdən Zəhrasız günlərə” keçid dövrü başladı. Artıq sən torpağın soyuq üzündə yatırsan. Heç bir ağrı-acı çəkmədən. Heç yerə tələsmədən, gecikmədən, yuvanmadan…

Bu yazını oxuyan hər kəsdən bir xahişim var. Bu gecə telefonunuzu, işinizi, gücünüzü bir tərəfə buraxıb övladınız varsa onları qucaqlayın. Hərəmiz bu gecə bir şam yandıraq Zəhranın xatirəsinə. Bir “Fatihə” oxuyaq, bir dua bağışlayaq. Heçnə bacarmayan isə bir dəqiqəlik sükutla yad etsin. Torpağa əmanət edilən uşaqların xatirinə qoy  bütün uşaqlar yaşasın. Çünki bu dünya onların gülüşü ilə gözəldir.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.