Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Bir neçə gün bundan əvvəl səmada ecazkar astronomik hadisə insanların diqqətini cəlb etdi, əminəm ki, mənim kimi bir çox yaradıcıların bu mənzərə qarşısında təxəyyülləri danışdı. İki planet - Venera və Yupiter arasında yüz milyonlarla kilometr məsafə olsa da, onları bir-birinə yaxın görürdük. Kainat bizə sanki nağıl söyləyirdi: Biri var, biri yox...
Biz onları yaxın - mehriban görürdük, amma onlar heç də yaxın deyildi. Amma bu nağılda bir gerçəklik gizlənirdi.
Bəzən bir dam altında yaşayan iki nəfər "yaxın" görünür, elə səmanın nümayiş etdirdiyi optik illüziya kimi.
Lakin əslində onların hər biri bir planetin "sakinidir".
Ayrı-ayrı qatarların sərnişini, ayrı-ayrı şəhərlərin sakini.
Qoşa addımlasalar da, yolları ayrıdır, ruhları da barışmır.
Uzaqdan, xoşbəxt, daxilən isə dünyanın ən bədbəxt sakinləridir.
Bir düşünün, biri yazdırsa, biri payızdır.
Yazın al-əlvan çiçəklərini payız öz soyuq nəfəsi ilə xəzələ çevirir.
Biri yaydırsa, biri qışdır.
Qış acımadan isti qəlbi buza döndərir -döyünmə-söyləyir.
Biri sevincdir, biri kədər.
Biri gecə, biri gündüz.
Bəs bunun əksini necə düşünürsünüz?
Yəni aralarında böyük məsafə olsa da, görünməz tellərlə bağlı olanların cazibəsini.
Bu böyük məsafə o cazibəni məhv edə bilmir.
Ruhlar eyni, istək eyni, xəyal eyni.
Niyyət eyni, duyğu eyni.
Bölünmüş ruh parçaları, bu parçalar birləşməsə də, vəhdəti hiss edir. Fəsillərin, ayların, illərin gücü çatmaz bu ruhları yadlaşdırmağa.
O doğmalıq, o bağlılıq əbədi sədaqət andına həmişə sadiqdir.
Onların görüş yeri yağış damlalarındadır. Onların görüş yeri aşiqlərin göz yaşlarındadır, onların görüş yeri üfüq xəttindədir.
Fiziki var olan hər şeyin sonu var, amma sevən ruhun işığı zamanın fövqündə yaşayar!
“Ədəbiyyat və incəsənət”
(12.06.2026)


