Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Telefonumun yaddaşı dolmuşdu. Elə bil içində təkcə fayllar yox, aylar yığılmışdı. Girdim, “bəlkə artıq lazım olmayan nömrələri silim” dedim. 818 nəfər… rəqəm kimi çox böyük idi. Öz-özümə düşündüm: bu qədər insanı tanımağa məni nə vadar etmişdi? Bəlkə də heç nə. Bəlkə də sadəcə zaman və iş. Barmağım ekranın üstündə dayanıb qalırdı. Adların yanından keçdikcə hər biri bir xatirəni oyadırdı...
Kimisi yarımçıq söhbət, kimisi tamamlanmamış bir tanışlıq, kimisi isə artıq çoxdan səssiz qalmış bir əlaqə idi. Bəziləri də vardı, sadəcə adlarını saxlamışdım. Nə məni tanıyırdı, nə onu tanıyırdım. O anda bir fikir beynimdə ağırlaşdı: bəlkə də mən onların həyatında düşündüyüm qədər yer tutmuram. Bəlkə də bəziləri məni sadəcə xatırlayır, amma tanımır...
Mən isə əksinə, hər bir müsahibədə, hər bir görüşdə adları yadda saxlamağa çalışmışam. Sanki bir insanı tanımaq onun adını yazmaqla tamamlanırmış kimi.
Amma indi başa düşürdüm ki, ad saxlamaqla insan saxlamaq eyni şey deyil. Silmək istədim. Bir-bir. Səssiz, düşünmədən. Və elə o anda siyahının sonlarına yaxın bir ada rast gəldim. Tanıdığım biri… məni çox yaxşı tanıyan biri. Amma qəribə idi -eyni zamanda sanki tanımayan biri kimi.
Cümlə özümdə belə dolaşıq səslənirdi: məni tanıyırdı, amma tanımırdı. Bəlkə də tanıdığı mən deyildim. Bəlkə də sadəcə bir obraz idi onun yaddaşında qalan. Ya da mən onun üçün artıq dəyişmişdim, o isə hələ keçmiş versiyamda ilişib qalmışdı.
Barmağım yenə dayandı. “Silmək lazımdır” dedim öz-özümə. Amma sonra başqa bir səslə dedim: necə yəni tanımır? Axı o mənim üçün əziz idi. Adını açdım. Siyahıda iki keçmişdən qalma qrup və qrupun içində sadəcə biz qalmışdıq. İkisinin də adı mənim çox işlətdiyim cümlələr idi. Ekrana baxdım və gözlərim doldu. Bu təsadüf deyildi. Bu, bir vaxtlar eyni söhbətləri paylaşmış insanların indi ayrı yerlərdə eyni sözləri yaşatması idi. Məni tanımayan bir insanın, bir vaxtlar mənim ən çox işlətdiyim cümlələrlə qrup açması… qəribə bir hiss idi. Sanki keçmişim başqa birində davam edirdi, amma mən olmadan.
O an qərar verə bilmədim.
Nömrəni silmədim. Amma onu olduğu kimi saxlamaq da mənə rahatlıq vermədi. Sanki həm saxlamaq istəyirdim, həm də artıq mənə aid olmayan bir nömrəni daşımaqdan yorulmuşdu telefonum. Ekranı bağladım.
Düşündüm: bəlkə bəzi insanlar silinmək üçün yox, sadəcə yaddaşda başqa formada qalmaq üçündür.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)


