Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Deyirlər, insanın üz cizgiləri onun yaşadıqlarından, həyatının çətin, iztirablı, həsrət dolu günlərindən, xoşbəxt, sevincli, şıltaq dolu anlarından xəbər verir. Bu sözə həmişə inananlardan olmuşam. Kiminsə üzünə baxanda onun nələr yaşadığını, gözlərinə baxanda nələrdən keçdiyini, yaşayırmı yoxsa həyatdan çoxdan əlini üzüb deyə içimdən buna bənzər fikirlər keçirirəm.
Bəzi insanlar var ki donuq ifadəyə sahibdir, elələri də var ki üzünün ifadəsi ilə bizlərə hekayə danışır sanki.. O hekayə ki abzasları gözlərindəki dərinlikdən başlayıb, qəlbində gizlətdiyi yaralarda bitir..
Dil yalan danışsa da gözlər yalan danışa bilmir. İnsan nə qədər kədərini gizlətməyə çalışsa da gözləri onu ələ verir. Mən insanlara gözlərindən başlayıram güvənməyə.. Həyatımda yanıldığım anlar da olub, heç vaxt peşman olmamışam, çünki bu mənim seçimim olub..
İnsan həyatı seçimləri ilə formalaşır desəm də, tale də bir tərəfdən öz işini görür. İnsan taleyi ilə çox vaxt barışıq yaşaya bilmir. Çünki həyatında çəkdiyi eskiz istədiyi təsvirə dönüşməyəndə nə qələmi qıra bilir, nə də yenidən çəkmək istəyi qalır.
İnsan həyatında yenidən çəkilməsi mümkün olmayan, təkrarı olmayan günlər olur. Hansı ki o günlərdə ürəyimizin istədiyi, gözlərimizin axtardığı kəslər olur.
Yetim qalmamağı istədiyimiz günlərdən biri də Məzun günüdü..
Məzun günündə arzular, istəklər, xatirələr, kədər və sevinc bir birinə qarışır. O günlərdə həmişə gözümüzün axtardığı insanlar olur, bəziləri yanımızda olur, bəziləri isə bu həyatdan çoxdan əlini üzüb, bəziləri də həyatda olsa da yanımızda olmur.
İnsan uşaqlığından məzun olur, gəncliyindən məzun olur, təhsilindən məzun olur, sevgisindən məzun olur, qocalıqdan məzun olur və nəhayət həyatdan..
O günlərdə yanında olan yaxınları da eyni qalmır, məzun günləri böyüdükcə ətrafı, sevdiklərinin sayı kiçilir. Çünki insan məzun olduqca yalqızlaşır. Sanki həyatında hər şey yuyulub yox olur..
Uşaqlığından məzun olduğun günü anlaya bilmirsən, bir gün axırıncı dəfə məhlədəki uşaqlarla son oyununu oynayırsan və sən bunun fərqində belə olmursan..
Gəncliyindən məzun olduğun gün sevdiklərinə və özünə qarşı məsuliyyətini və çiyinlərindəki yükü fərqinə vardığın gün olur. Artıq valideyndən nəsə gözləmirsən çünki özün valideyn olursan, həyatda risk edəcək gücün azalır, həyatın çox qısa olduğunu fərqinə varırsan..
Təhsildən məzun olanlar isə uzun müddət özünü bir sistemə qurban verdiklərini fərqinə varırlar. Bir də ayılırlar ki, əllərində iki qırmızı diplomla işsizdirlər..
Ən çətini sevgidən məzun olmaqdı. Çünki bizim yaradılışımızın özüdür sevgi.. sevgi insanın sınanıldığı yerdir, əksər insanın kəsri olur, məzun ola bilmir. Sevgidən məzun olanları hədləri olmayan boş çoxluğa bənzədirəm.. Elə bu yerdə Mevlananın sözlərini xatırlatmaq istəyirəm..
Mevlana deyir ki, üzümün çiçək halı nəfsdir. Sonra Şəms gəlir, yəni günəş. Günəş böyüdür onu, üzüm olur. Üzüm ürəkdir. Sonra üzüm şərab olur yəni aşiq olursan, birini sevirsən.. Şərab haramdır niyə?
Çünki orda ikilik var, sən və mən.. Şərab təkamül edib sirkə olur..və sonda sirkə hər yeri yuyub təmizləyir..
Sevgidən məzun ola bilmək də buna bənzəyir. Məzun ola bilən təmizlənir, ola bilməyənsə şərabın hər qurtumu ilə özünü daha da unudur..
Və nəhayət qocalıq, bir gün özünü səksən yaşlı dizləri ağrıyan, başı səs götürməyən yorğun bir bədəndə tapırsan.. uşaq kimi kövrək olub, unutqanlıq xəstəliyinə tutulursan.. Qocalanda daha çox keçmişini, xatirələrini, kədərini, sevincini, bir şeiri, bir kitabı, bölüşəcək insanlar olsun istəyirsən həyatında. Çünki xatırlamaqdan başqa edəcək bir işin olmur, ya xatırlamağa çalışmalısan, ya da yanındakılara bağırıb qovaraq, özündən uzaqlaşdıraraq təkliyə qərq olmalısan..
Bir sözlə ortalama insan ömrünü yaşayan adam həyatdan məzun olmaq üçün çox şeydən məzun olmalıdır..
Məzun olarkən kədərini və sevincini bölüşəcək insanlar varsa həyatında o zaman xoşbəxt olursan. Bu insanların sayı vacib deyil, tək olsun ama sənə isti qucaq, bəzən dostun, bəzən yoldaşın, bəzən valideynin, bəzən də uşağın olsun..Həmin insan necə olur olsun, sənin üçün dəyərə çevrilir. Hansı ki sən o mənanı ona yükləyirsən. Xoşbəxt olmağımızın səbəbi olan dəyərləri itirməyənlərdən olaq..!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)


