Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsan bəzən elə anlara çatır ki, söz danışıq vasitəsi olmur, sadəcə izə, zamandan qalmışa çevrilir. Həmin anda yazılan bir neçə cümlə, nə ədəbiyyat, nə də məktubun klassik formasıdır. O, sadəcə “son”un özüdür. Bəlkə də buna görə son məktublar oxunanda insanın ürəyində qəribə bir ağırlıq yaranır. Elə bil ki, kiminsə həyatına gecikmiş şahidlik edirsən, peşmançılıq da yaxanı buraxmır.
Hər zaman insanlar vidanı müxtəlif formalarda ifadə edib: bəziləri susub, bəziləri baxışla, bəziləri isə kağızla. Amma kağızın üstünlüyü həmişə eyni qalıb. Belə ki, o, insanın səsini ölümündən sonra da saxlaya bilir. Bir neçə cümləyə sığan bir ömür, bəzən bütöv bir həyatın yerini tutur.
Əslində “son məktub” anlayışı sadəcə romantik və ya ədəbi bir mövzu deyil. Sosial şəbəkələrdə psixoloqlar bunu insanın “bağlanma ehtiyacı” ilə izah edirlər. İnsan ölümün yaxınlığını hiss etdikdə içində iki güclü istək yaranır: getmədən əvvəl bağlamaq və getdikdən sonra qalmaq. Yəni sevdiklərinə vidalaşmaq, eyni zamanda yaddaşlarda yaşamağa davam etmək. Buna görə də son məktub sadəcə vida deyil, həm də bir növ özünü qoruma cəhdidir.
Tarixdə bunun çox kədərli nümunələri var. Titanik faciəsi zamanı bəzi sərnişinlər yaxınlarına məktublar yazmışdı. O məktubların çoxu heç vaxt ünvanına çatmadı. Amma illər sonra tapıldıqda artıq onlar bir ailənin şəxsi xatirəsi yox, insanlığın dərdinə çevrilmişdi. Kağız üzərində yazılmış sadə bir “narahat olma” cümləsi belə, əslində ölüm qorxusu ilə ümid arasında qalan bir insanın son sığınacağı idi.
Müharibə tarixində isə son məktublar daha sərt və incidicidir. Birinci Dünya Müharibəsi dövründə səngərlərdə yazılan məktublarda tez-tez eyni cümlə təkrarlanırdı: “Əgər geri dönməsəm…” Bu cümlə həm vida, həm də taleylə razılaşmadır. İnsan sanki döyüşə getməzdən əvvəl artıq nəticəni qəbul edir, amma yenə də sözlə özünü qorumağa çalışır. Çünki söz insanın əlində qalan son nəzarət formasıdır. Son məktubların gücü onun səmimiyyətindədir. Orada nə bəzək var, nə də süni ifadə. İnsan son anda rol oynamır. O, necədirsə, elə yazır. Bəzən bir üzr, bəzən bir təşəkkür, bəzən də sadəcə “səni sevirəm” cümləsi… Amma həmin sadə cümlə bəzən bir ömrün yekunu olur.
Anne Frank gündəliyində insanın ən böyük ehtiyacının başa düşülmək olduğunu yazırdı. Son məktublar da əslində bu ehtiyacın gecikmiş formasıdır. İnsan artıq danışa bilməyəndə yazır, artıq cavab gözləməyəndə iz buraxır. Bu baxımdan son məktub bir dialoq deyil, bir tərəfli, amma çox dərin bir çağırışdır.
Lev Tolstoy insanın daxili dünyasını vicdanla ölçürdü. Onun əsərlərində ölüm anı sadəcə fiziki son deyil, mənəvi hesabatdır. Son məktublar da həmin hesabatın kağız forması kimidir. İnsan sanki özü ilə və geridə qoyduqları ilə hesablaşır.
Maraqlıdır ki, insanlar çox vaxt ölümə yaxınlaşdıqca daha aydın danışmağa başlayır. Sanki həyat boyu deyilə bilməyənlər son anda sıxılıb bir neçə cümləyə çevrilir. Bəlkə də buna görə son məktublar uzun olmur. Çünki insanın içindəki ən ağır hisslər çox söz tələb etmir. Əslində hər son məktubun içində üç əsas istək gizlənir: bağışlanmaq, xatırlanmaq və iz buraxmaq. İnsan bilir ki, gedir, amma tam yox olmaq istəmir. Yazmaqla özünü gələcəyə kiçik bir iz kimi göndərir. Bu gün isə bu anlayış artıq dəyişib. Son məktublar kağızdan ekranlara köçüb. İnsanlar vidalarını mesajlarda, e-maillərdə, bəzən isə heç göndərilməmiş qaralamalarda saxlayır. “Son dəfə online olmaq”, “son dəfə baxılıb” kimi ifadələr belə yeni dövrün səssiz vidalarına çevrilib. İllər keçsə də insan yenə də getməzdən əvvəl nəsə demək istəyir. Bəlkə də gələcəkdə tarixçilər arxivlərdə məktubları yox, göndərilməmiş mesajları araşdıracaq. O mesajların içində eyni insan duyğuları qalacaq: qorxu, sevgi, peşmanlıq və ümid.
Son məktubların ən ağır tərəfi isə onların gec oxunmasıdır. Oxuyan insan artıq cavab verə bilmir. Bu, sözün ən kəsici halıdır, gecikmiş həqiqət. Bütün bunların sonunda bir sual yaranır ki, əgər insanın son sözü əvvəldən bilinmirsə, biz niyə bəzən deməli olduqlarımızı bu qədər gec deyirik?
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


