İSRAFİL AŞURLU PORTALIMIZA AÇIQLAMA VERDİ
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
2007-ci il mayın 19-u Azərbaycan alpinizm tarixinin unudulmaz səhifələrindən birinə çevrildi. Həmin gün azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın ən uca zirvəsi olan Everest dağını fəth edərək bu zirvəyə qalxan ilk azərbaycanlı kimi tarixə düşdü. Bu uğur təkcə şəxsi qələbə deyildi. Bu Azərbaycanın adını dünya alpinizm salnaməsinə yazdıran mühüm hadisə idi.
1969-cu ilin yanvarında Bakıda dünyaya gələn İsrafil Aşurlı ilk təhsilini texniki sahədə alıb, Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Lakin onun həyatında dağların xüsusi yeri olub. Gənclik illərindən ekstremal şəraitə, səyahətə və zirvələrə duyduğu maraq zamanla böyük bir ehtirasa çevrilib. İllər keçdikcə alpinizm onun üçün sadəcə hobbi deyil, həyat yolu olub. O, müxtəlif beynəlxalq ekspedisiyalarda iştirak edib, dünyanın sərt və keçilməz dağlarında təcrübə toplayaraq özünü bu çətin sınaqlara hazırlayıb. Everest zirvəsi isə alpinistlər üçün yalnız yüksəklik deyil, həm də insan iradəsinin son həddidir. Burada hər addım həyatla ölüm arasındakı məsafəni xatırladır. Oksigenin azlığı, şaxtalı hava, amansız küləklər və qar uçqunu təhlükəsi alpinistləri daim müşayiət edir. Belə bir zirvəyə qalxmaq yalnız fiziki güc deyil, böyük mənəvi dayanıqlıq, səbir və peşəkarlıq tələb edir.
İsrafil Aşurlı da bu çətin yola uzun illər hazırlaşıb. Müxtəlif zirvələrdə qazandığı təcrübə, keçdiyi ağır məşqlər və topladığı biliklər onu dünyanın damına aparan yolun iştirakçısına çevirib. 2007-ci ildə “Seven Summits Club” tərəfindən təşkil olunan beynəlxalq ekspedisiyaya qoşulan alpinist Everestə Tibet istiqamətindən yüksəlməyə başlayıb. Ekspedisiyaya tanınmış rusiyalı alpinist Aleksandr Abramov rəhbərlik edirdi.
Zirvəyə aparan yol son dərəcə təhlükəli idi. Dərin buz çatları, sərt hava şəraiti və nəfəsi daraldan yüksəklik alpinistləri ciddi sınaq qarşısında qoyurdu. Lakin bütün çətinliklərə baxmayaraq, İsrafil Aşurlı geri çəkilmədi. Nəhayət, 2007-ci il mayın 19-da o, Everestin 8848 metrlik zirvəsinə çatdı və Azərbaycan bayrağını dünyanın ən yüksək nöqtəsində dalğalandırdı. Bununla da ölkə tarixində yeni və qürurverici bir səhifə açıldı. Bu hadisə Azərbaycanda böyük sevinc və qürur hissi ilə qarşılandı. Çünki ilk dəfə idi ki, bir azərbaycanlı dünyanın zirvəsinə yüksəlirdi. İsrafil Aşurlının uğuru xüsusilə gənclər üçün iradə və əzmkarlıq nümunəsinə çevrildi, ölkədə alpinizmə marağın artmasına səbəb oldu.
Everest fəthindən sonra da İsrafil Aşurlı fəaliyyətini davam etdirib, dünyanın ən çətin zirvələrini fəth edən alpinistlər sırasında yer alıb. O, həmçinin Şimal qütbünə çatan ilk azərbaycanlılardan biri olub və keçmiş SSRİ məkanının ən çətin beş zirvəsini fəth edənlərə verilən “Qar bəbiri” fəxri adına layiq görülüb.
Sözügedən uğurla bağlı Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. O, illər öncə bu gün qarşısına qoyduğu məqsədinə çatdığını vurğulayıb:
"Məqsədimə çatdım və arzumu gerçəkləşdirdim.
Bunun üçün yeddi il məşq etdim. Yadımdadır ki, 2000-ci ildə alpinizm üzrə 3-cü dərəcəni alanda təlimatçımdan soruşdum: "Everestə çıxa bilərəmmi?" O, cavab verdi: "Bəli. Amma buna hazırlaşmalısan".
7 il məşq etdim və hazırlaşdım. Elbrusa bir neçə dəfə dırmandım. Orta Asiyada Lenin zirvəsinə, Korjenevskaya zirvəsinə və Kommunizm zirvəsinə qalxmışam. Antarktidada Vinson Massivinə, Argentinada Akonkaquaya , Alyaskada Denaliyə uğurlu dırmana bacardım".
İsrafil bəy, o anı bir cümlə belə təsvir edib:
"Mən planetin ən yüksək zirvəsində dayanıram və hazırda məndən daha yüksəkdə heç kim dayanmır".
Müsahibimizin sözlərinə görə, Everestdə ən qorxulu anı ölən alpinistləri görmək olub:
"Ölən alpinistlərin cəsədlərini görmək istəmirdim. Dırmaşma zamanı yağan qar bütün ölüləri məndən gizlətdi. Lakin ölüm təhlükəsi ilə üz-üzə qaldığım məqam Everestdə olmayıb. Amma digər zirvələrdə özümü bir neçə dəfə çətin vəziyyətlərlə qarşılaşmışam. Everestə çıxan zaman geri dönmək kimi fikirlər ağlıma gəlməmişdi. Zirvəyə çatmaq məqsədim var idi və əla texniki və fiziki formada idim".
Sonda alpinist əlavə edib:
"Mən alpinizmi sevirəm. Yürüyüşdən zövq alıram. Elə oldu ki, səkkiz minlik zirvələrə - Everest, Kançencanqa, Lhotse, Makalu, Manaslu, Nanqa Parbat, Annapurna, Broud pik, Qaşerbrum II, eləcə də dünyanın 30-dan çox digər zirvəsinə qalxan və Azərbaycan bayrağını onların üzərində dalğaldıran ilk Azərbaycan vətəndaşı oldum. Bu bayraq Dövlət Bayrağı Muzeyində saxlanılır.
Amma mənim üçün vacib olan bu zirvələrə qalxmağım deyil, çətin anlarda özümü itirməməyim, insanların köməyinə gəlməyim və xilasetmə əməliyyatlarında iştirak etməyimdir".
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


