Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Həyat müxtəsər vurma düsturu deyil ki, ayağımızı ayağımızın üstünə aşırıb cavabları əzbərləyək!
Ama həyat hər birimizin müdhiş müəllimidi. Bir də görürsən ki, “heç vaxt” dediyin nə varsa onları yaşayırsan...
Zaman-zaman baş verən hadisələrə, insanların elədiklərinə nə bir reaksiyam, nə də ki yorumum olur. Çiy süd içmiş insanları tanıdıqca nə təəccüblənə bilirəm, nə də həyəcanlana..
Çünki həyat hər kəs üçün bir cürdü. Müdhiş müəllimim mənə bunu öyrətdi.
Kimisi səni qəddar tanıyır, kimisi mərhəmətli bilir. Kimisi səni qorxaq, kimisi istədiyini həyatdan söküb alan bilir.
Birinin gözündə itirməkdən qorxan kimi görünürük, digərinin yaddaşında gözüqara olaraq qalırıq.
Niyə belə olduğu bizlər üçün məchul qalır. Mənə görə isə insan baxdığı insanda özündə olan tərəfi görür, ondan belə düşünür.
Necə deyib Mevlana?
“Baxdığın mənəm, gördüyün sən”.
Bu yaxınlarda oxuduğum romanın iki yüz əlli ikinci səhifəsində belə bir əhvalata rast gəldim:
“ Demək, 1911-ci ildə Bakıda Qafqazın ən qüdrətli, ən nüfuzlu şəxsi olan milyonçu Hacı Zeynalabdin Tağıyev xaricdə təhsilinə pul ayırıb oxutduğu Behbudov soyadlı gəncə özünün biznes imperiyasının əhəmiyyətli hissəsini, o cümlədən, zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin idarəçiliyini də həvalə etmişdi, ona güvənirdi. Bir gün Tağıyev onu evinə dəvət edir, evində olan altı nəfər bu gənci vəhşicəsinə döyür. Səbəb oymuş ki, Tağıyev Behbudovu özündən çox cavan olan arvadı Sona xanımla yaxınlaşmaqda ittiham etmişdi. Behbudov bunu təkzib etsə belə, döyülmüş, sonra evdən çölə atılmış, işdən də qovulmuşdu.
Behbudov etibarlı vəkili ilə bir ay ərzində şərəfinin nə dərəcədə zədələndiyi, onun bərpası üçün ictimai cəhətdən hansı məqbul və müvafiq tədbirlərin görülə biləcəyi barədə müzakirə apardıqdan sonra məhkəməyə müraciət edir. Məhkəmədə Tağıyevin hüquqlarını onun vəkili – Rusiya Dövlət Dumasının üzvü, Çar Rusiyasının ən nüfuzlu vəkillərindən olan Vasili Maklakov böyük məbləğdə qonorar alaraq müdafiə eləyir. Xalqa açıq olan məhkəmə salonu dolub-daşır, bəzi qəzetlər hər gün məhkəməyə bir neçə səhifə həsr edirlər. Bütün Rusiya Imperiyasının gözü bu məhkəmədə olur, hər yerdə ondan danışılır. Əlbəttə, indi hamı düşünür ki, az qala Ваkının yiyəsi olan, imperatorun dostu, milyonları ilə məhkəməyə təsir gücünə malik, üstəlik, imperiyanın ən güclü vəkilinə sahib olan Tağıyev məhkəməni qazanıb. Amma yox. 74 yaşlı Tağıyev günahkar bilinir və iki il yarım müddətinə azadlıqdan məhrum edilir.”
Tağıyev də olsan insansan, yanıla bilərsən, nənəm həmişə deyər ki, almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşə bilməz.
Dörd il öncəki mən ilim və irfan sahibi olmaq istəyirdi, ama səhv eləməkdən qorxurdu, çəkinirdi. İndi isə mən özümə deyir ki, “səhvin qədər varsan! Heç vaxt özün olmaqdan utanma!”
Yüz il sonrakı, hansı ki övladlarımızın nəfəsinə belə yad olacaq həyat biz torpağın altında olsaq da davam edəcək, bu gün mənimdir dediyimiz hər şey bir başqasının olacaq.
Şanslı olsaq bir neçə il anıla bilərik, sonra xatirə kimi belə olmayacağıq!
“Coco” filminə baxanlar bəlkə də olacaq, bu yazını oxuyanlar arasında... Biz də bir gün Miguelin nənəsinə öz atasını xatırlatdığı kimi “xatırlanması çətin” biriləri olacağıq..
Buna görə də indi, torpağın üstündə ikən həyata barmaqlıqlar arasından baxan insanlara bir isim, bir sifət tapmaqda əlacsız qalıram..
Düzdü, mən də zamanla o barmaqlıqların arxasında olmuşam, həyatı elə görmüşəm.
Bir gün mənim daxilimdəki səs-küy yaşam gücüm, yaşam qaynağım olan halda bir başqa gün həmin səs-küy məni yaşamdan qopara bilib.
Ölüm barış doludu, yaşam mükəmməl, ziddiyət isə aradakı körpüdədir.
Körpü bizi dönüşdürəndi, çevirəndi!
Bilən bilər, məşhur müğənninin də dediyi kimi:
“Bəzi insanlar qəhvə kimidir, onlar acıdır qəhvə kimi, bəzi insanlar yumurta kimi tez qırılandır, bəzi insanlar kartof kimi sərtdir. Həyat bu insanları bişirir. Yumurta bişəndə qatılaşır, qırılmaz artıq. Kartof bişəndə yumuşalır. Qəhvə də acıdır axı bişəndə bir dada gəlir.
İnsanlar da elədi.. həyat insanları, yumurta kimi tez qırılan insanları bişirib sərt eliyir, kartof kimi sərt insanları bişirib yumşaq eliyir, qəhvə kimi acı insanları bişirib bir dada gətirir. Həyat budu, hər kəs üçün bir cürdü..”
İnsan bunu fərqinə varanda və özünü olduğu kimi qəbul edəndə, özünə başqasının gözündən deyil də, özünə içindən boylananda, ruhunun cisminə qonaq olduğunu biləndə havalanmır daha. həyat onun üçün daha yaşanılası olur.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


