Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bir vaxtlar gülən, danışan, hər şeyə ümidlə baxan biri vardı… Amma zaman keçdikcə, artıqəvvəlkikimiolabilmirdi. Nə baxışları, nə səsi, nə də insanlara münasibəti əvvəlki idi. Sanki həyatı sadəcə yaşamaq üçün yox, dözmək üçün yaşayırdı. Gəlirdi, gedirdi, danışırdı, susurdu. Amma heç nə hiss etmirmiş kimi davranırdı...
Halbuki ən çox “heç nə olmamış kimi” davrananda insanın içində fırtına olur. Ən qəribəsi isə bu idi: arxasında onu həqiqətən düşünən biri vardı. Hər vəziyyətdə “mən yanındayam” deyəcək biri. Var idi. Sadəcə o bunu görmək istəmirdi. Bəzən insan yanında ən səmimi duran adamı görməzlikdən gəlir. Çünki onu itirməyəcəyindən əmin olur. Elə bilir, nə etsə də, nə desə də həmin şəxs yenə də yanında qalacaq.
O da belə edirdi.
Üzünə baxıb salam vermədiyi günlər olurdu. Soyuq davranırdı. Sözləri incidirdi. Hətta bəzən dost sandığın o cümlələri başqalarına da eyni şəkildə deyirdi. Adam xüsusi olduğunu düşündüyü yerdə adi biri kimi davranıldığını görəndə içində nələrsə qırılır. Ən pisi də, acığı gözünün qarşısında verməsi idi. Sanki qarşısındakının hissləri yox idi. Sanki hər şey normal idi. Halbuki bəziləriəsəbiləşəndə yox, susanda yorulur.
Bəzən öz-özümə düşünürdüm: “Mənim yanımda yaxşı insanlar var. Onun kimi birinə ehtiyacım yoxdur”. Amma həyat adama qəribə şeylər öyrədir. Yanında çoxları ola bilər. Gülənlər, danışanlar, səninlə şəkil çəkdirənlər, hər gün yazanlar. Amma sənin pis günündə yanında qalanların sayı həmişə az olur. Çünki yaxşı gün dostluğu ilə pis gün dostluğu eyni deyil.
Bir gün eşitdim ki, dərdi var. İçində daşıdığı yük artıq ağırlaşıb. Danışmaq istəyir. Kiməsə içini açmaq istəyir. Amma yanında olduğunu düşündüyü kəslər onu yavaş-yavaş kənarlaşdırır. İnsan ən çox da danışmaq istəyəndə tək qalır. Mən isə düşündüm ki, bəlkə bu dəfə mənə danışar. Bəlkə susduğu hər şeyi bir cümlə ilə içindən çıxarar. Bəlkə “necəsən?” sualına ilk dəfə həqiqi cavab verər. Yazdım. Sadəcə yazdım və cavabımı aldım.
Anlayırsan ki, sən birinin yanında olmaq üçün nə qədər mübarizə aparsan da, o kəs öz yaralarını sənə göstərmək istəmir.
Çünki bəziləri əsla kömək istəməzlər. Onlar sadəcə öz ağrılarında itib qalarlar.
İnsan qəribə məxluqdur. Ən çox sevgini onu həqiqətən düşünən şəxsdən gizlədir. Ən çox yarasını onu sağaldacaq şəxsdən qaçırır. Sonra isə yanlış adamların arasında anlayır kimin həqiqətən yanında olduğunu. Amma bəzi anlayışlar gec gəlir.
Çünki bəziləri yalnız itirdikdən sonra itirdiklərinin dəyərini anlayır. Və bəziləri isə...
Səni hər zaman yanında görməyə o qədər öyrəşər ki, bir gün həqiqətən getdiyini anlayanda artıq çox gec olar.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


