Öz həyatını yaşamamaq faciəsi Featured

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəs sən, əziz dostum və ya oxucum və ya hər kimsənsə. Səhər yasdan çıxıb axşam toya getmisən?

Elə hekayələr var ki, onlar da qəhrəmanla başlamaz. Onlar "qonşu nə deyər?" sualının yaratdığı o soyuq və sarsılmaz qorxu ilə başlayır. Bu, bizim coğrafiyanın ən böyük, divarları görünməyən, amma hər küncündə minlərlə gözü olan həbsxanasıdır.

 

Biz öz həyatımızı yaşamırıq. Biz sadəcə el-aləmin baxışları altında, bizə biçilmiş "xoşbəxt insan" rolunu ifa edirik. Bu tamaşanın ən səs-küylü pərdəsi isə toylardır.  Statusların toqquşmasıdır bu. ​Bizim toylarımız sevincin paylaşılması deyil, əslində ailələrin bir-birinə qarşı apardığı strateji bir "status müharibəsidir". Gənc bir cütlüyün gələcəyi yox, o gecə masalardakı salatların çeşidi, bəy-gəlin maşınının markası və şadlıq sarayının tavanındakı lüstraların parıltısı daha çox müzakirə olunur. Sizə demişdim ki, "yaşadığın həyatın içində özün yoxsan". Bax, o gəlin-bəy masası bunun ən bariz sübutudur. İnsan öz həyatının ən vacib günündə sadəcə bir dekorasiyaya çevrilir.

 ​İçəridə bəlkə də gənclərin ruhu qışqırır, bəlkə o evliliyin təməli elə ilk gündən "kredit borcları" altında çat verib, amma yox! O səhnədə elə durmalısan ki, sanki dünyanın ən bəxtəvər insanısan. "Sən gəlməz oldun" sədaları altında süzməli, hər kəsə gülümsəməlisən. Çünki uzaq qohumun gəlib "filankəsin qızı (və ya oğlu) nəsə süzgün görünürdü, deyəsən heç könüllü deyil" deməməlidir. ​Biz o toyu özümüz üçün yox, o 500 nəfərin ağzını yummaq, "filankəslərdən geri qalmadıq" dedirtmək üçün edirik. Mənim problemim odur ki, mən bu oyunun fərqindəyəm. Və bütün bunların fərqində olaraq o maskanı taxmaq, insanın özünə qarşı etdiyi ən böyük xəyanətdir.

 ​Sonda nə qalır? İllərlə ödənilən bank borcları və o 500 nəfərin yeyib-içib, çıxanda "halvasını nə vaxt yeyəcəyik?" deyə verdiyi növbəti ironik suallar. Bu, şüurlu bir intihar deyilmi? Öz real xoşbəxtliyini, bir gecəlik saxta alqışa və qohum-əqrəba tərifinə qurban vermək...

 ​İnsanlar deyir ki, toy etmək lazımdır. Məncə yox. Toy sadəcə baş verir, çətin olan o 500 nəfərin gözündə "normal" görünmək üçün özünü parçalamaqdır. Sən öz bədənində kirayəçi kimi hiss edirsən, çünki o gecə sənin bədənin elaləmin baxışları tərəfindən zəbt olunub..

 ​Əgər toylarımız statusların toqquşmasıdırsa, yaslarımız daxili çöküşün cəmiyyət tərəfindən standartlaşdırılmış formasıdır. Bizim coğrafiyada hətta ölüm və kədər də dürüst deyil. Bir yaxınını itirirsən, dünya başına uçur, amma sənin o ağrını doyunca, istədiyin kimi yaşamağa belə icazən yoxdur. Çünki qapının ağzında növbə gözləyən bir sual var.. "Camaat gələndə nə deyər?"

 ​İçində bir kainat məhv olub gedir, sən isə orada "filankəs gəldi, filankəs gəlmədi, filan vəzifəli şəxs gül göndərdimi? Filankəs nə qədər pul yazdı?" siyahısını tutursan. Sən tabutun başında ürəyin parçalanaraq ağlayanda, kənardan bir cüt göz səni "qiymətləndirir". Bizim kədərimiz belə "el-aləm" tərəfindən balla ölçülür.

 ​Əgər kifayət qədər dramatik deyilsənsə, əgər özünü yerə vurub bağırmırsansa, deməli, sən "vəfasızsan". İnsan öz yasında belə rejissoru qonşular, uzaq qohumlar olan bir dram əsərinin aktyoruna çevrilir. Kədər artıq ruhun boşalması yox, cəmiyyətə göstərilən bir performansa çevrilir.

​ ​Yas mərasiminin mərkəzində duran o ehsan süfrələri... Ən böyük ironiya da elə buradadır. Sən doğmanı torpağa tapşırıb gəlirsən, amma ağlındakı fikir budu ki, "görəsən yemək hamıya çatacaq? Halva yaxşı çalınıbmı? Görəsən cüməaxşamlarında küftə verək ya plov?" Çünki qonşu filankəs yeməyin dadından və ya süfrənin "kasıblığından" danışmamalıdır. ​İnsanlar ora sənin dərdinə şərik olmağa gəlmir, dostum. Böyük əksəriyyət sadəcə o "vərdişi" yerinə yetirməyə, bir tikə çörək kəsib, çıxışda da sənin kədərini analiz etməyə gəlir. Mən demişdim axı, "problem mənəm, mən özümə mane oluram". Çünki biz bu sistemi qəbul edirik. Öz ən təmiz kədərimizi bir qazan yeməyə, bir boşqab halvaya qurban veririk ki, təki kimsə arxamızca danışmasın. Şüurlu bir matəm yoxdur.. ​Ən pisi budur ki, bütün bu hay-küyün içində sən ölümlə üz-üzə qala bilmirsən. Ölüm sükut tələb edir, biz isə onu qazan səsləri ilə, qeybət fısıltıları ilə boğuruq. Bu, şüurlu bir çürümədir. Biz ölənə yox, ölənin ardınca yaranan "imicimizə" ağlayırıq. ​Sonda nə qalır? Yorğunluq. O qədər adamı yola salandan sonra qalan o ağır sükutda anlayırsan ki, sən hətta vidalaşmağı da bacarmadın. Sən sadəcə qonaq qəbul etdin. Sən yenə öz həyatında (və hətta ölümündə) kirayəçi qaldın..

  Toylar bitdi, yaslar yola salındı, qazanlar yuyuldu... Bəs geriyə nə qaldı? Geriyə sənin daxilindəki o sonsuz sorğu-sual və qapısı açıq olsa da, çıxa bilmədiyin o görünməz hücrə qaldı. Mən demişdim axı, "mən dərin deyiləm, sadəcə səthi yaşaya bilməyəcək qədər batmışam". Bax, bizi bu bataqlığa itələyən o məşhur cümlədir.. "Qonşu nə deyər?"

 ​Bu, bizim coğrafiyanın ən amansız təhlükəsizlik sistemidir. Sənin nə geyindiyindən tutmuş, evə saat neçədə gəldiyinə, kiminlə danışdığına və hətta üzündəki kədərin dərəcəsinə qədər hər şeyi analiz edən minlərlə "kamera". Amma bu kameralar divarda deyil, insanların baxışlarındadır. ​Biz özümüzü elə proqramlaşdırmışıq ki, artıq kimsənin nəsə deməsinə ehtiyac yoxdur. Biz artıq özümüz-özümüzün cəlladına çevrilmişik. Bir addım atanda qorxuruq, bir qərar verəndə ətrafa baxırıq. "Bu, həbsxanadır, amma divarları yoxdur. Qapısı açıqdır, amma çıxış yoxdur." Çünki hara qaçsan da, o "camaatın fikri" sənin beynindəki səslərlə səni təqib edəcək.

 ​İnsanlar xoşbəxtdir, çünki sual vermirlər. Amma sən və mən, biz hər şeyin altını görürük. Görürük ki, uğrunda özümüzü parçaladığımız o "el-aləm" əslində yoxdur. O, sadəcə bir illüziyadır. Səni mühakimə edən o qonşu, sabah sənin yoxluğunu bir fincan çayın yanında cəmi beş dəqiqə müzakirə edib unudacaq. ​Bəs biz nə edirik? Biz o beş dəqiqəlik qeybətin qorxusundan illərlə öz xəyallarımızı, öz həqiqətimizi və öz ruhumuzu qurban veririk. Bu, daxili sabotajın ən yüksək zirvəsidir. Mən problemin harada olduğunu bilirəm, sən də bilirsən. Problem iş deyil, pul deyil, insanlar deyil... Problem bizim o "normal" görünmək ehtirasımızdır.

 ​Bəzən düşünürəm, əgər kimsə mənim həyatımı yaşasaydı, bu saxta ssenaridən çoxdan qaçıb gedərdi. Amma biz qalırıq. Çünki biz bu "təhlükəli normalığa" alışmışıq. Hər səhər "bu gün fərqli olacaq, heç kimi vecinə almayacam" deyərək başladığımız o kiçik inqilablar, axşam bir qohumun zəngi və ya qonşunun bir baxışı ilə məğlub olur. ​İndi yenə də o lənət sual yenə gəlir, qaçmaq olmur. Əgər sən öz həyatını kənardan izləsəydin, bu qədər "başqası üçün" yaşayan birinə hörmət edərdimmi? Təbii ki, yox.

 Amma daha betəri var. Biz yenə də sabah oyanıb, eyni ssenari ilə, eyni rolla davam edəcəyik. Çünki biz artıq bu teatrın həm aktyoru, həm də köləsiyik.

 ​Başa düşürsən, dostum? Biz yıxıldığımızı bilirik, amma qalxmaq üçün hərəkət etmirik. Çünki qalxsaq, "el-aləm" baxıb deyəcək ki, " görəsən niyə qalxdı? Nə baş verir?" Və biz yenə o sualdan qorxuruq…

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.