Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Biz ən çox kimdən inciyirik? Yadlar bizi incitməyi nə qədər bacarır? Niyə həmişə özümüzü haqlı çıxarmağa can atırıq? Niyə özümüzü tərifləyirik və yaxud kimsə bizə tərif deyəndə duyğularımıza sığal çəkir və sevinirik? Görəsən bizə səmimi görsənən insanlar nə qədər səmimidir? Yaxud da bizi incidənlər bizi nə qədər çox dəyər verir?
Həyatda elə insanlar olur ki, onları həyatımızın bir parçası hesab edirik. “O olmasa yaşaya bilmərəm” deyirik. Halbuki o insan həyatımıza gəlməmişdən əvvəl də yaşayırdıq, gülürdük, nəfəs alırdıq. Sadəcə insan beyni bəzi hissləri böyüdür, bizi həmin duyğuların içində həbs edir. Biz də elə bilirik ki, hər şey yalnız bir insandan asılıdır. Əslində isə həyat davam edir. Hər şey beynimizdə başlayır və çox vaxt orada da bitir.
Gəlin hər şeyi qəlbimizdə başlayıb elə orada da gözəl saxlayaq. Ağlımızda olanı dilimizə töküb qəlbimizi öldürməyək. Bizə yaxın bildiklərimiz məlhəmdi yadlar yox. Çünki yad sözünün ürəyimizə təsiri yoxdur. Fəqət sevdiyimiz insanların bir baxışı, bir hərəkəti, soyuqluğu və susmağı belə qəlbimizə toxunur.
İnsan ən çox dəyər verdiyi insanlardan inciyər, ən çox da sevdiyini incidər. Çünki içimizdəki hissləri yadlara yox, sevdiklərimizə göstəririk. Bəzən bir yadın dediyi ağır söz unudular, amma sevdiyimiz insanın kiçik bir davranışı illərlə yadda qalar.
Biz həmişə özünü haqlı çıxarmağa çalışırıq, çünki qürurumuzla üzləşmək istəmirik. Özümüzü tərifləməyimiz və ya başqasının tərifinə sevinməyimiz də qəlbimizin dəyər görmək ehtiyacındandır. Hamımız sevilmək, anlaşılmaq, qəbul edilmək istəyirik. Fəqət çox zaman insanların üzündəki səmimiyyətlə qəlbindəki hiss eyni olmur. Kimi sevgisini susaraq göstərir, kimi isə gözəl sözlərin arxasında başqa niyyət gizlədir. Elə bizi incidən insanlar da bəzən ən çox sevən insanlar olur. Çünki sevgi olan yerdə gözlənti də olur, həssaslıq da olur, inciklik də.
Bəzən də düşünürük ki, ağlımız bizi qoruyacaq. Amma çox əlləşib-vuruşduqdan sonra anlayırıq ki, hər şeyi məntiqlə ölçmək qəlbi susdurur. Halbuki qəlb insanı daha təmiz yollara aparır. Qəlb kin saxlamaz, qəlb saxta olmaz, qəlb sevgini də, mərhəməti də olduğu kimi yaşadar. Ağıl bizə şübhə öyrədir, qəlb isə bağışlamağı. Ona görə də insan bəzən ağlı ilə deyil, qəlbi ilə hərəkət etməyi bacarmalıdır. Çünki insanı insan edən hissləridir.
Gəlin sevgini də, dostluğu da, incikliyi də qəlbimizdə gözəl saxlayaq. Ağlımızdan keçən hər sözü dilimizə gətirib qəlb qırmayaq. Çünki bəzi sözlərin yarası görünmür, amma illərlə sağalmır. Bir insanın qəlbini qırmaq asandır, amma o qırılan yeri əvvəlki kimi təmir etmək çox çətindir.
Unutmayaq ki, həyat qısa, insanlar isə fanidir. Sabah kimin yanımızda olub-olmayacağını bilmirik. Ona görə sevdiklərimizin qədrini vaxtında bilək. Bir-birimizi incidərkən yox, anlayarkən gözəlləşək. Çünki insanın ən böyük ehtiyacı anlaşılmaqdır. Və ən gözəl yol da qəlbdən keçən yoldur.
“Ədəbiyyat və incəsənət”
(13.05.2026)


