Gültac Əliyeva,
“Ədəbiyyat və incəsənət”
Bir az dərindən yanaşsaq, məsələ doğrudan da belədir: Balıq başından iylənir, insanlar ayağından.
İnsan ayaqları onu zülmətə də aparır, nura da. Gəzdiyin yollar, getdiyin yerlər, o yollarda kirə bulaşdırdığın ayaqların — sənin mənlik biletindir. İnsan bəzən dili ilə yox, ayaqları ilə tanınır.
Getdiyimiz yollar, getmədiyimiz cığırlar hərdən bizi aldadır. Getməsini də, qalmasını da bilən insan qazanır.
Yaxşı xatırlayıram, Dəmir Gədəbəyli öz şeirində deyirdi:
Ayaqlarımdan çox razıyam, çox...
Daş dəydi ona, badalaq dəydi ona,
Min alçaq dəydi ona,
Ancaq bir yol da aparmadı məni
namərd hüzuruna, namərd qapısına.
Bu misralarda böyük həqiqət yatır. Ayaqlar daş görə bilər, büdrəyə bilər. Amma namərdin qapısına getmirsə, demək insanın ləyaqəti hələ ayaqdadır. Çünki insanın şərəfi bəzən dilində yox, getmədiyi qapıda gizlənir.
Əgər ayaqlarımız namərd qapısına gedirsə, hər pisliyə bulaşırsa, demək iylənən ayaqlar deyil — çirkabın izidir. Ayaq sadəcə aparandır, yolu seçən isə vicdandır.
Çalışaq ki, mənliyimiz ayaqda dursun, ayaqlar altında qalmasın.
“Ədəbiyyat və incəsənət”
(13.05.2026)


