“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Biz taleyin sərt küləkləri ilə yurdundan didərgin düşmüş "qaçqın məktəbi"nin şagirdləri idik. Hamımızın üzərində eyni kədərli adın kölgəsi vardı: "Qaçqınlar". Öz həmvətənlərimiz tərəfindən bu cür damğalanmaq ruhumuza necə ağır təsir edirdisə, özümüzü eləcə sınıq və qərib hiss edirdik. Lakin zaman keçdikcə bu ada da, məhrumiyyətlərlə dolu yaşayış tərzinə də alışdıq; hər şey adiləşdi. Təəssüf ki, adiləşdikcə daxilimizdəki uşaqlıq saflığını və ümidləri itirməyə başladıq...
Lakin bu çətinliklər bizə həm də böyük dəyərlər qazandırdı. Ən böyük mənəvi qazancımız isə məktəb illərində oldu. Mingəçevirdə məskunlaşmış Ağdam rayon 128 nömrəli məktəbin müəllimləri bizə yalnız şagird kimi deyil, öz doğma övladları kimi yanaşırdılar. Onlar bəzən valideynlərimiz tərəfindən tətbiq edilən o "sovet sərtliyini", bəzən isə misilsiz qayğıkeşliyi eyni anda nümayiş etdirirdilər.
9-cu sinifdə oxuyanda həyatımıza tamamilə fərqli bir insan – bir tarix müəllimi gəldi. O, digər həmkarlarından hər şeyi ilə fərqlənirdi: geyim tərzi, səliqəsi, davranışındakı sərbəstlik və ilk baxışda nəzərə çarpan səmimiliyi ilə. Ən əsası isə bizə qarşı olan münasibəti tamamilə başqa idi.
Onun adı Farid müəllim idi. O, heç vaxt bizə "dərs oxuyun" deyə təzyiq göstərməzdi, amma biz onun fənnini canla-başla oxuyardıq. "Sakit durun"- deyə xəbərdarlıq etməzdi, lakin onun dərsində hamımız heyranlıqla, sükut içində onu dinləyərdik. Bizə "sizi çox istəyirəm" deməzdi, amma biz o sevgini bütün qəlbimizlə, iliklərimizə qədər hiss edərdik. Tarixi mənə sevdirən, hər kəsin sevimlisinə çevrilən Farid müəllim bizə təkcə müəllim deyil, həm qardaş, həm dost, həm də ən yaxın sirdaş idi.
O, peşəsinə elə bir eşqlə vurulmuşdu ki, 2003-2006-cı illərin o zamankı müəllim maaşının azlığına baxmayaraq, bizə məktəbdə təmənnasız hazırlıq keçərdi, hər mövzunun sonunda öz əli ilə xüsusi testlər (kvizlər) hazırlayıb bizə işlədirdi. Onun dəstəyi təkcə sinif otağı ilə məhdudlaşmırdı; sosial həyatımızda da hər zaman yanımızda idi. Bizimlə voleybol oynayar, gəzintilərə çıxardı.
Bir dəfə sinif yoldaşlarımla Kür çay sahilində oturub öz aramızda bir "qonaqlıq" təşkil etmişdik. Sonda hesabı öz aramızda bölüşmək ("nemeski şot") qərarına gəldik. Lakin ofisiant yaxınlaşıb hesabın artıq ödənildiyini bildirdi. Hamımız təəccüblə bir-birimizə baxdıq, məlum oldu ki, bu nəcib addımı yenə Farid müəllim atıb. Bir dəfə isə voleybol oynayarkən barmağım qırılmışdı. Farid müəllim dərhal məni maşına qoyub xəstəxanaya apardı. Sanki öz balaca qardaşı, öz övladı imişəm kimi həyəcanla həkimə deyirdi: "Həkim, nətərdi vəziyyəti? Elə et ki, çox ağrıtmasın..." O səs hələ də qulaqlarımdadır.
Farid müəllim öz şəxsiyyəti, yüksək mədəniyyəti, davranışı və insanlığı ilə mənim üçün həyatda əsl örnəkdir. Bu gün hər hansı bir tədbirdə onunla yanaşı əyləşmək, çiyin-çiyinə Vətənə və millətə xidmət etmək mənim üçün ən böyük fəxarətdir.
Allah utandırmasın!
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


