Qaranlığın astanasında doğan səhər Featured

Nigar Xanəliyeva,

“Ədəbiyyat və İncəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

 

Şair demişkən, hələ ay batmayıb, hələ düşünməyə vaxt var. Sadəcə maraqlıdır, neçə nəfər əslində gecələri sevib də, zil qaranlıqda görünməyən kölgəsindən belə qorxur?! Ya da əksinə neçə nəfər gecədən heç səhərə sağ çıxmamağı arzu edir?! Görəsən, hansı daha yaxşıdır, gecəyə qısılıb sağalmağa çalışmaq, ya gecədən qorxaraq açıb gündüzləri özünə cəhənnəm etmək. Nə gözəl yazmış Ramiz Rövşən: “Səhər ölmək istəyirəm, gecə ölsəm, bağışla”.

 

Necə də qəribədir elə deyilmi?! Ən böyük xoşbəxtliklər həmişə ən ağır günlərdən sonra gəlir, həyatınızı zamanla çiçəkləndirəcək insanı xarabalığa çevrildiyinizi düşündüyünüz anda tanıyırsınız. Elə məhz belə anlar üçün əziz bir insanın söylədikləri gəlir ağlıma; “Gecənin ən qaranlıq anı səhərə ən yaxın vaxtda olur”.

Amma bəzən insan sözün həm həqiqi, həm də məcazi anlamında gecənin içində tək qalır. Hər kəs susur, bir eşidilən küləyin səsi, bir də beynimizdə bəlkə də illərlə susmayan mənimizin fısıltısı qalır. Əslində, gecə zülmətinin səhərə yaxınlığı, bizim o gecələrdə öz vicdanımıza, insanlardan və hətta özümüzdən belə gizlətdiyimiz tərəfimizə yaxınlığımızı təmsil edir.

Danılmaz bir faktdır ki, bizi çox yaxşı tanıyan insanlar bilirlər ki, əslində əsl həqiqi olan biz məhz özümüzün ən qaranlıq tərəflərimizdə gizlənmişik. Buna görə də qaranlığımıza dəyər verib anlayanlar bizim günəşli baharımıza layiq olanlardırlar.

Ən önəmlisi də budur, heç bir səhər öz-özünə açılmır, günəşin şəfəqlərinin istiliyini hiss etmək üçün gecənin mehindən keçmək lazımdır. Qaranlıq düşmən yox, bir mərhələdir. Elə bu nöqteyi-nəzərdən, qaranlıqdan qorxmaq yox, onu anlamaq, yaşamaq lazımdır. Çünki hər gecənin içində gizlin-gizlin böyüyən bir səhər gizlidir. Sadəcə o səhərə çatmaq üçün biraz səbr, biraz inam və biraz da davam etmək cəsarəti lazımdır.

Ən böyük həqiqət də budur ki, hər gecənin sonunda bir günəş doğduğu kimi hər yaranın qaysağından bir çiçək aça bilər.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.