Tələbə yaradıcılığı - Gültəkin Məmmədovanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında yenidən sizlərin qonağı Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələridir. Bu dəfə Məmmədova Gültəkin Xaliq qızı öz yeni hekayəsi ilə qarşınızdadır. Mistika janrında yazılmış hekayə öncədən deyək ki, çx maraqlıdır.

Xoş mütaliələr.

 

 

GÜLTƏKİN MƏMMƏDOVA,

“YENİDƏN DOĞULAN HƏQİQƏT”

 

Əvvəla salam. Mənim adım Aycandır. Türkiyənin Mersin şəhərində anadan olmuşam. 22 yaşımda ailəmin istəyi ilə ailə həyatı qurmuş və öz razılığım olmasa belə, yoldaşımın gözəl xasiyyətinə, insanlığına, mənə göstərdiyi qayğıya görə o qədər hörmətini saxlayır və xətrini istəyirdim ki, bir gün dünyaya yenidən gəlsəm, bu dəfə öz istəyimlə o insanı seçərdim.

Evliliyimizdən artıq 5 il keçmişdi. Yoldaşım işə gedərkən bir qəza keçirmiş, bir müddətlik yatağa bağlı qalmışdı. Buna görə anası məndən bir müddət onlara getməyimizi və orada qalmağımızı istədi. Mən də bununla razılaşdım və anagilə getdik. Evlərində qaynanam, qaynatam və qayınım qalırdı. Ana və ata çox gözəl, mehriban insanlar idi. 5 il evli olsaq da, övladımız olmurdu, ancaq yenə də mənim yanımda olur, dəstək verirdilər. Qayınımla isə heç aram yox idi. Çünki mənə qarşı kobud və itici idi.

Beləliklə, bir neçə ay orada qaldıq. Yoldaşımın fizioterapiya vaxtı idi, artıq ayaqlanırdı. Bu gün artıq ikinci dəfə köməksiz özü addımlayacaqdı. Onu həkimə aparma vaxtı gəldi. Ana və ata “Qızım, biz də gələk, biz də görək, bəlkə həvəsləndi”, dedilər. “Hə, gəlin”, dedim. Qayınım isə “Sən narahat olma, hər dəfə sən gedirsən, bir az dincəl”, dedi. Yoldaşım da təsdiqlədi: “Düz deyir, sən qal, dincəl”, dedi. “Yaxşı”, dedim. Getdilər.

Salam, Mən... Mən... Aylin. Aylin? Kimə görə, nəyə görə? Sizə özümdən danışım. Hal-hazırda mənim 15 yaşım var. Özüm isə Azərbaycanda anadan olmuşam. Uşaqlıqdan normal uşaqlardan seçilmişəm. Görkəm, gözəllik, zəka və imkana görə deyil, təbii ki. Bir az qəribə uşaqlıq keçirmişəm.

4 yaşlarımdan başlayıb. Anam deyir ki, bəzən durub bizə elə sözlər deyirdin ki, anlamırdıq. Ya da durub “Mənim qardaşım hanı?” deyirdim. İlk dəfə yeyəcəyim bir şeyə qarşı allergiyamın olduğunu deyirdim və həqiqətən də elə olurmuş. “Siz mənim valideynim deyilsiniz”, deyirmişəm. Hətta yadımdadır, bir dəfə heç vaxt var olmayan bir kukla üçün ağlamışam. Atam həmin kuklanı tapmaq üçün bir gün gəzib, sonunda ona bənzər birini almışdı.

Onlar mənim bu qəribəliklərimi həkimə bildirmiş, yoxlama və analizlərdə heç bir problemin olmadığını, hətta çox sağlam olduğumu demişdilər. Ancaq izah verə bilmirdilər.

Bir gün televizorda xəbərlərdə bir ölkə haqqında danışırdılar. “Mən bu ölkəni bilirəm”, deyib televizora yaxınlaşmışdım. “Mən bu ölkədənəm”. 6-7 yaşım olanda isə “Mənim adım Aycandır, mən Türkiyəndə yaşayıram”, deyirdim. Küçəyə qədər, küçədə olan park, dükanlara kimi təsvir edirdim. “Mənim anam Ayşə, atam Muratdır, hətta bir qardaşım var, Can”, deyə məlumatlar verməyə başlamışdım.

Anamla atam narahat olub araşdırmağa başlamışdılar. Həqiqətən də elə bir küçə, park, dükan, ev, yol, ağac və sairənin olduğunu öyrənmişdilər. Son nöqtə isə mənim evli olduğum, 5 il evli qaldığım, övladımın olmadığı və təsadüf nəticəsində hamilə qaldığım, amma vəhşicəsinə öldürüldüyüm idi.

Bununla anam və atam artıq dözməyərək Türkiyəyə bilet alıb dediyim yerə getdilər. Həmin ailə ilə tanış olduq. Həqiqətən belə bir ailənin var olduğunu biləndə hər kəs şok içində idi. Hətta onlar belə Aycanın 8 il əvvəl təsadüfən evin ikinci mərtəbəsindən eyvandan yıxılıb həyatını itirdiyini dedilər.

O an zalda hər kəs vardı: mənim – yəni Aycanın – qaynanası, qaynatamı, anası, atası, qardaşı, yoldaşı, mənim ailəm. Hər kəs. Yoldaşı mənə inanmadı, “Bu nə qurğudur”, dedi. Ona yaxın gedib ayağının yanında oturdum. Adı Oğuz idi. “Oğuz, yadındadır, qəza keçirəndə sənə nə söz vermişdim?” dedim. “Nə?” dedi. “Ayaqlan, sənin ayaqlanmağın mənim üçün hədiyyədir və ayaqlandığın gün sənə bir sürpriz edəcəyəm, oda sənin üçün böyük bir hədiyyə olacaq”, demişdim.

Oğuzun gözləri doldu. “Sən bunu haradan bilirsən?” dedi. Bilmirəm necə bilirdim, bilmirəm amma çox pis bir hiss idi. Uşaq idim, amma o hissin altında o qədər əzilirdim ki, anlada bilmərəm.

“Sənə bir şey deyim, mənim buradakı kitablarım durur hələ də?” dedim. “Hə, hər biri durur, nədir ki?” dedi. “O kitablardan birinin arasında bir zərf var. Onu görmüsən?” “Yox”, dedi. Tez ayağa qalxıb otağa getdim, sandıqdan kitabları gətirdim. Bir-bir açdım. Kitablardan birinin içindən qırmızı bir zərf düşdü. Tez götürüb açdım. İçində hamiləlik testi və bir məktub vardı.

Hamı heyrətlə baxırdı. Oğuz gözlərindəki yaşı saxlaya bilmədi. Məktubu açdı. Belə yazılmışdı:

“Sevgili həyat yoldaşım, dünən sən məni sevindirdin, mən də səni sevindirmək istəyirəm. Birisi gün səninlə yenidən həkimə gedəcəyik və orada addım atanda sənə sürpriz edəcəyəm. Çünki artıq yerimə və əvvəlki kimi olmağın üçün daha bir səbəb var. Səni sevirəm.”

Heç kim göz yaşını saxlaya bilmədi. Oğuz mənim qolumdan tutub “Bəs nə oldu? Necə oldu bu hadisə? Niyə tərk etdin məni?” dedi. Qollarımdan sıxdı. Atamgillər onu məndən ayırdılar. Qorxaraq başımı Aycanın qayınına tərəf çevirdim. “Mən getmədim ki, məcbur göndərildim”, dedim. Barmağımı uzadıb onu göstərdim. “O etdi”, dedim.

Tez ayağa qalxdı: “Nə deyirsən? Yalan deyir, qurmadır hamısı”, bir parça uşaqın sözlərinə bax deyib inkar etdi.

Oğuz... O anları danışmaq, bilmək, 7 yaşında birinin bu qədər ağır yükü daşıması nə demək idi, düşünə belə bilməzsiniz. Onlara hər şeyi danışdım. Qayınımın onları xəstəxanaya apardığı gün onları qoyub geri qayıtdı, məni çox qısqanırdı. Elçilik günü məni ilk dəfə görəndə aşiq olduğunu demişdi. Hətta ailəsinə “onu Oğuza yox, mənə alın” söyləmişdi. Amma artıq bunun mümkün olmadığını, elçiliyə Oğuz üçün gəldiklərini və hər şeyin əvvəlcədən qərarlaşdırıldığını demişdilər.

“Onsuz da övladınız olmur… Boşan, gəl mənim ol,” — dedi, sanki bunu demək onun üçün çox asan idi. Razılaşmadım. Məni sıxışdırdı, dalaşdıq. Onu istəmədiyimi, bunu siz gələn kimi deyəcəyimi bildirdim. Mənə inanmayacaqlarını, onu sevməyə çalışmalı olduğumu dedi. Onu itələdim, oradan çıxmaq istədim. Eyvana qaçdım. “Yaxın gəlmə, yoxsa özümü ataram”, dedim. “Səni heç nə mənim əlimdən ala bilməz, mənim olacaqsan”, deyib üstümə gəldi. Onu itələmək istəyəndə o məni itələdi və yıxıldım.

Hər şeyi belə danışdım. Bir ailə məhv olmuşdu artıq. Bir cana son qoyulmuşdu. O hadisədən sonra Aycanın qatili qaçmaq istədi, lakin tutdular və həbsə yolladılar. Oğuz isə həyatının ən ağır travmasını almışdı.

Aycanın ana və atası məni bərk qucaqlayıb, Türkiyədə bir ana və atamın olduğunu, istədiyim zaman gələ biləcəyimi dedilər. Mən isə geri qayıtdım, öz anam və atam ilə həyatım davam edir. Artıq çox xatirəni unutmuşam. Sanki bir an silinir, hər şey bulanıq olur və unuduram.

Bəli, mən reinkarnasiya yaşamışdım. Reinkarnasiya – ruhun ölümündən sonra yox olmaması, başqa bir bədəndə yenidən doğulması inancıdır. Bu anlayışa görə insanın həyatı tək bir ömürlə məhdudlaşmır; ruh müxtəlif zamanlarda və fərqli bədənlərdə həyatını davam etdirir. Reinkarnasiya anlayışı çox vaxt karma ilə birlikdə izah olunur. Karma – insanın etdiyi yaxşı və pis əməllərin nəticəsinin gec-tez özünə qayıtması qanunudur. Yəni ruh yenidən doğulur, amma əvvəlki həyatın izlərini və nəticələrini özü ilə daşıyır.

Bəzi inanclara görə, xüsusilə travmatik və qəfil ölümlər ruhun “xatirələrini” daha güclü saxlamasına səbəb ola bilər. Buna görə də bəzi insanlar heç yaşamadıqları yerləri tanıdıqlarını və ya izaholunmaz qorxular yaşadıqlarını iddia edirlər.

Dünya deyilən yer çox qarışıq və gizəmli bir məkandır. Bəlkə də biz bu dünyanın təkrar qonaqlarıyıq. Axı karmalar sadəcə pis olmur, xoş olanı da var. Ancaq fərq ondadır ki, pislik yox, yaxşılıq tez unudulur və bəzən heç xatırlanmır belə.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.