Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Bəzi hekayələr qəhrəmanla başlamaz, əzizim. Onlar səssizliklə başlayır içdən gələn, amma heç vaxt tam səslənməyən bir ağırlıqla. İnsan bir gün oyanır və anlayır ki, yaşadığı həyatın içində özü yoxdur. Sadəcə vərdişlər var, təkrarlar var, üzə taxılmış ifadələr var. Və ən pisi, bütün bunların fərqində olmaq var.
Bu, dramatik bir çöküş deyil. Heç bir böyük hadisə baş verməyib. Heç kim səni dağıtmayıb. Hər şey daha sakit, daha təhlükəli şəkildə olub. Tədricən, asta-asta, aram-aram. İnsan özündən yavaş-yavaş uzaqlaşa bilərmiş. Hər gün bir az daha az hiss edərək, bir az daha çox susaraq, bir az daha çox "normal" görünərək. Və sonra bir an gəlir, sən artıq özünü izləyən adama çevrilirsən.
Mənim problemim odur ki, mən özümü tanıyıram. İnsan üçün bundan daha təhlükəli bir şey yoxdur. Çünki bilmədiyini düzəldə bilərsən, amma bildiyini görməzlikdən gəlmək, bu artıq şüurlu çürüməkdir.
Mən iki nəfər deyiləm. Mən daha pisiyəm, mən eyni anda həm hakiməm, həm də müttəhim. Özümü mühakimə edirəm, özümə hökm oxuyuram, sonra da cəzanı yenə özüm çəkirəm. Ədalət var, amma mərhəmət yoxdur. İçimdəki sistem qəribə işləyir dostum. Səhv edirəm, anlayıram, nifrət edirəm, yenə edirəm.
İnsanlar deyir ki, həyat çətindir. Məncə yox. Həyat sadəcə baş verir. Çətin olan insanın öz beynidir. Mənim beynim isə sanki mənə qarşı işləyən bir mexanizmdir. Mən sakit qalmaq istəyəndə o daha çox danışır. Unutmaq istəyəndə xatırladır. Dayanmaq istəyəndə sürətləndirir. Mən öz bədənimdə kirayəçiyəm kimi hiss edirəm.
Mən çox düşünürəm deyirlər. Yox. Mən düşünmürəm, mən parçalanıram. Hər fikir məni iki yerə bölür. Biri o fikri qəbul edən, digəri isə onu inkar edən. Və bu ikisi arasında qalan mən, heç bir tərəfə aid olmayan bir kölgəyə çevrilirəm. Sonda qərar yox, sadəcə yorğunluq qalır.
Çox siqaret çəkdiyimi deyirlər. Siqaret çəkəndə məsələ nikotin deyil. Məsələ odur ki, o alov bir anlıq içimdəki xaosu yandırıb külə çevirirmiş kimi hiss etdirir. Tüstü qalxır və mən özümü sanki yoxa çıxan bir şey kimi izləyirəm. Gülməli tərəfi? Mən bilirəm də bu, məni öldürür. Xatırlatmayın, xahiş edirəm. Amma bəlkə də məsələ budur. Bu, yavaş və səssiz bir intihardır, cəmiyyət tərəfindən qəbul olunan.
Mən həyatımı düzəltmək istəyirəm. Hər gün istəyirəm. Hər səhər içimdə kiçik bir inqilab başlayır. "Bu gün fərqli olacaq" . Amma axşam gələndə həmin inqilabın cəsədini görürəm. Qan yoxdur, qışqırıq yoxdur.. sadəcə sükut var. Mən öz ümidlərimi səssizcə basdıran adamam. Ən pisi isə budur ki, mən problemin harada olduğunu bilirəm. Problem iş deyil, pul deyil, insanlar deyil. Problem mənəm. Mən özümə mane oluram. Mən özümü yarımçıq saxlayan qüvvəyəm. İnsanlar xarici düşmənlərlə mübarizə aparır, mən isə daxili sabotajın ustasıyam.
Bəzən düşünürəm.. Əgər kimsə mənim həyatımı yaşasaydı, çoxdan çıxıb gedərdi. Amma mən gedə bilmirəm. Çünki qaçdığım yer yenə mən olacam. Bu, həbsxanadır, amma divarları yoxdur. Qapısı açıqdır, amma çıxış yoxdur.
Mən dərin deyiləm dostum. Mən sadəcə səthi yaşaya bilməyəcək qədər batmışam. Hər şeyin altını görmək lənətdir. İnsanlar xoşbəxtdir, çünki hər şeyi sual etmirlər. Mən isə hər şeyi sual edirəm və cavablar məni qane etmir. Bəlkə də problem suallarda deyil, sual verənin özündədir.
Ən ironiyalı tərəfi isə budur. Mən bütün bunları anlayıram. Yəni bu bir faciə deyil, bu şüurlu bir çöküşdür. Mən yıxıldığımı hiss edirəm, amma qalxmaq üçün hərəkət etmirəm. Sanki özümü izləyirəm, necə tədricən sıradan çıxdığımı izləyirəm. Başa düşürsən?!
Və sonda o sual yenə gəlir. Həmişə gəlir. Qaçmaq olmur.
Əgər mən öz həyatımı kənardan izləsəydim, mənə hörmət edərdimmi? Təbii ki, yox.
Amma daha betəri var. Mən yenə də eyni həyatla davam edərdim...
“Ədəbiyyat və incəsənət”
(05.05.2026)


