Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Hər gün maşınla gəzmək yolu aldatmaq idi mənim üçün.. Artıq əvvəlki həyatıma geri dönməyi, normal yürüyüş etməyi iplə çəkirdim. Göy üzünün barışmadığı günlərdə daha da ümidsiz olurdum.. Elə günlər də olurdu ki üzümü göyə tutanda günəşin üzünü yanaqlarımda hiss edirdim ..
Bakının şahmat taxtasını xatırladan ağ qara (yağışlı-günəşli) günlərində hər gün tək istəyim var idi.. "Ağrılarım biraz daha azalsın..."
Qeydiyyatda sıra gözləyirdim. İki həkim söhbət eliyirdi :
-Neçə bacısız ?
-İki bacı, ama atamın üç qızı var
-O necə olur ?
-Anam atamın ən böyük qızıdı..
Fizioterapiya otağında yorulmadan işləyən tibb bacılarının ayağına geyindiyi ağ saboların üzərinə işlənmiş rəngarəng güllər kimi bütün diqqətimi aldı əlimdən bu cümlə...
"Anam atamın ən böyük qızıdır"
Mənə görə ailə qorunması gərəkən bir qalaya bənzəyir, o qaladan Günəşin doğuşunu izlədiyimiz qədər Günəşin batışını da izləyirik..
Ailəni də qala kimi hərdən üst başını təmizləmək lazımdır.. Diqqətsiz qoymaq olmaz. Qalada yad insan nəfəsi duya bilmərsən. Ailə də belədi..
Ailənin nə demək olduğunu ən çox ailəsi olmayanlar bilər bəlkə də. Qonşunun güllü bağçası xoş gələndə sən də o çiçəklərdən istəyirsən, əkirsən, böyüdürsən.
Ailəni isə tək başına böyütmək olmur.. Ana ona bəxş edilənlərlə ailəni quran, ata isə onu "hərami"lərdən qoruyandır.
Bəzi ailələr qarşılıqlı sevgi və sədaqət üzərində qurulur. Bəziləri məcburiyyət və çarəsizlik, bəziləri də mənfəət və mənafe üzərində.
Bir çox ailələrdə ata daha dominant olur.
Ana qadın kimi zərifliyini qoruyub, öz dəyərini sorğulatmayan bir kişi ilə ailə həyatı quranda həm özünə həm də ətrafına daha sevgi dolu olur.
Bəzi ailələrdə isə qadın kişi rolunu üstələnir, kişi isə buna şərait yaradanda qadın rolunda qalır.. bu zaman ana və ata çəki daşları arasında tarazlıq pozulur. Evdə son qərar ananın olanda, övladlarının gözündə ata "qəhrəmanlığı" nı itirir.
Zaman keçdikcə ana hər şeyi özbaşına edərək atanın öhdəliklərini də əlindən alır. Bu zaman isə ata özünə inamını güvənini bacarıqlarını sorğulamağa başlayır..
Müasir dövrdə bu hallara daha çox rast gəlinir.
Bir birini ilk dəfə toy günü görən sonra evlənib xoşbəxt olan insanlar da tanıyıram, illərlə bir birini tanıyıb daha sonra ayrılan ailələr də..
Ailədə sevgidən sonra hörmət, sədaqət birlik və dözümlülük yoxdursa ayrılıq çalınacaq tək musiqi olur..
Bu gün taksi sürücüsünün altı aylıq nişanlısından ayrıldığını eşitdim. Ama hələ də qıza aldığı iPhone 17 nin kreditini ödəyirdi. Gülərək deyir :
-Üzüm gəlmədi telefonu alım əlindən, indi krediti ödəyirəm
-Hə əlbəttə ki adamın üzü gəlməz istəsin, əslində qızda üz olsaydı özü qaytarmalı idi
-Nəbilime abi
Bəzən düşünürəm ki, ayrılıq üçün də kredit ödənilir. Kimisi o taksi sürücüsü kimi bir müddət ödəyir, kimisi də bir ömür..
Hətta bəzən faiz də gəlir, ayrılıqlar üçün bədəllər böyüyür..
İndi isə diqqətinizi yuxarıdakı cümləyə çəkmək istəyirəm: "Anam atamın ən böyük qızıdı"
Mənə görə qadının xoşbəxt olduğu ailə daha huzurlu olur. Bir qadın nə qədər güclü olsa da onu yoldaşı kimi sevən, atası kimi qoruyan, dostu kimi dinləyən kişiyə (yara) ehtiyacı olur. O kişi ailəni "həramilər"dən qoruyub öz xoşbəxtliyinin ömrünü uzadanda həyat yaşamaq üçün daha asan olur.
Həyatda hər kəs bir ailənin imzasını daşıyır, bu imza gələcəyi asanlaşdıra da bilər qəlizləşdirə də.
“Ədəbiyyat və incəsənət”
(05.05.2026)


