Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Redaksiyanın poçtundan sizlər üçün seçdiyim şeir oxucumuz Gültac Əliyevadandır. Çox içdən yazılıb, çox lirik və sentimentaldır. Düşünürəm ki, onu bəyənəcəksiniz.
GÜLTAC ƏLİYEVA
“ULDUZLARIN SÜKUTU”
Xəyalınla yaşayır mənim bu sərsəm könlüm,
Birdən düşürsən yada, birdən sual olursan.
Hərdəmxəyal oluram, hərdən xəyal olursan,
Bəzən də xəyallardan daha real olursan.
Sən gecənin gündüzü, sən günün günortası,
Fikrimin incə gülü, qəlbimin saf aynası.
Unutmaq olurmu ki, sənlə keçən keçmişi?
Keçmək bilmir içimdə keçmişin hənirtisi.
Düşünürəm, dururam, hərdən dəli oluram,
Bəzən heç yoxmuş kimi daha rahat qalıram.
Gün dönür, ay dolanır, səpələnir ulduzlar,
Pəncərəmdə xatirən, gözümdə yenə leysan.
Haçansa gələr deyə baxıram o yollara,
Arzu tutub dalıram yenə də səmalara.
Ulduzlar da sənin tək inad edib tərpənmir,
Elə bil ki, ulduzlar səni məndən gizlədir.
Yox, mən ki inanıram bu dünyada olmaza,
Olmazlar olmasaydı, batardı könlüm yasa.
Haçansa olar deyə üz tuturam Allaha,
Allah ulduz deyil ki, mənimlə inadlaşa.
“Ədəbiyyat və incəsənət”
(27.04.2026)


