İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Nuray Elnur qızı Məmmədova musiqiyə hədsiz sevgi ilə bağlanan, zəhmət və istedadın vəhdətində formalaşan, ümidverici həyat yolu olan yeniyetmə ifaçılarımızdandır. O, 19 aprel 2012-ci ildə dünyaya göz açmış, kiçik yaşlarından incəsənətə, xüsusilə də musiqiyə dərin maraq göstərmişdir.
2018-ci ilin 15 sentyabr tarixində Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyan Nurayın həyatında bu dövr həm də yaradıcılıq axtarışlarının başlanğıcı kimi yadda qaldı. O, 2018–2020-ci illər ərzində milli rəqslə məşğul olaraq səhnə mədəniyyəti və ritm duyumunu inkişaf etdirdi. Həmin illərdə məktəbdaxili müsabiqələrdə qazandığı birinciliklər onun səhnəyə olan təbii uyğunluğunu və istedadını ilk dəfə üzə çıxardı. Lakin 2020-ci ildə dünyanı bürüyən pandemiya səbəbindən bu fəaliyyətini müvəqqəti dayandırmalı oldu.
Bununla belə, Nurayın incəsənətə olan bağlılığı daha fərqli və dərin bir istiqamətdə özünü göstərməyə başladı. 15 sentyabr 2019-cu ildə Uşaq İncəsənət Məktəbinə skripka ixtisası üzrə qəbul olunması onun həyatında dönüş nöqtəsinə çevrildi. Klassik musiqinin sehrli dünyası ilə tanışlıq qısa müddətdə böyük bir sevgiyə çevrildi. Bu sevgi isə öz növbəsində onu daha ciddi, məqsədyönlü və zəhmətkeş bir ifaçı kimi formalaşdırdı.
Nuray qısa zaman ərzində musiqi məktəbinin ən fəal şagirdlərindən birinə çevrildi. O, həm məktəb, həm də şəhər səviyyəli tədbirlərdə mütəmadi çıxış edərək dinləyicilərin rəğbətini qazandı. İstedadı və əzmkarlığı onu ölkədaxili və beynəlxalq müsabiqələrə aparıb çıxardı və bu səhnələrdə qazandığı uğurlar onun adını daha geniş auditoriyaya tanıtdı.
2022-ci ildə Qazaxıstanda keçirilən beynəlxalq musiqi müsabiqəsində “Qran Pri” diplomuna layiq görülməsi Nurayın sənət yolunda mühüm mərhələ oldu. Bu uğur onun yalnız yerli deyil, beynəlxalq səviyyədə də rəqabətə davamlı bir ifaçı olduğunu sübut etdi. 2023-cü ildə Londonda keçirilən beynəlxalq müsabiqədə qazandığı birincilik isə onun sənət zirvələrinə doğru inamla irəlilədiyini bir daha təsdiqlədi.
2024-cü il də Nuray üçün uğurlarla zəngin oldu. Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülməsi onun doğma şəhərində qazandığı dəyərli nailiyyətlərdən biri kimi yadda qaldı. Elə həmin il keçirilən “Zəfər” respublika yaradıcılıq festivalında ikinci yerə sahib olması isə onun çoxşaxəli yaradıcılıq potensialını nümayiş etdirdi.
2025-ci ildə isə Nuray böyükmiqyaslı respublika uşaq incəsənət festivalında ikinci yerə layiq görülərək uğurlar silsiləsini davam etdirdi. Həmin ildə “Barokko ustadları – 340” adlı Birinci Respublika müsabiqəsinin laureatı olması onun klassik musiqi, xüsusilə barokko dövrü əsərlərinə olan marağının və bu sahədəki peşəkarlığının göstəricisinə çevrildi.
Nuray Məmmədova bu gün də musiqi təhsilini böyük həvəs və məsuliyyətlə davam etdirir. Onun ən böyük arzusu gələcəkdə nümunəvi bir ifaçı kimi formalaşmaq və Azərbaycanı beynəlxalq səhnələrdə layiqincə təmsil etməkdir. Bu məqsəd uğrunda o, yorulmadan çalışır, hər gün öz üzərində daha da inkişaf edir.
Onun bu uğurlu yolunda ailəsinin rolu danılmazdır. Ailədə klassik musiqiyə olan sevgi və maraq getdikcə daha da dərinləşir, milli və dünya bəstəkarlarının yaradıcılığına xüsusi diqqət yetirilir. Musiqi artıq bu ailənin həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir.
Eyni zamanda, Nurayın istedadının üzə çıxmasında və inkişafında onun müəllimi Violetta xanımın əvəzsiz xidmətləri xüsusi qeyd olunmalıdır. Uzun illərdir səbr, diqqət və peşəkarlıqla onunla çalışan müəllimi Nurayın musiqi dünyasında öz yerini tapmasında mühüm rol oynamışdır. Nuray müəlliminə böyük sevgi və hörmətlə yanaşır.
Bu gün Nuray Elnur qızı Məmmədova gələcəyin parlaq ifaçılarından biri kimi ümidlər doğurur. Ona qarşıda daha böyük uğurlar, yeni zirvələr və sonsuz alqışlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


