Redaktorumuzun doğum gününə Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Azərbaycan dili böyük poeziya, fəlsəfə və zəngin dövlətçilik ənənəsi yaratmış qədim bir dildir. Onu qorumaq dilçilik işi olmaqla yanaşı, həm də milli şərəf məsələsi sayılmalıdır” deyir Əkbər Qoşalı.

 

Yağışlar, yağışlar yağırdı nazla,

Çiçəklər, çiçəklər sığallanırdı.

Nə gözəl, nə gözəl əsirdi yellər,

Göllər beşiyində yırğalanırdı.

 

Nə susarsan, dəli könül,

ta əyninə nimdaşammı?

Səninlə yol gedəmmirəm,

mən vəfasız yoldaşammı?

 

Mən sənin özünü sevirəm,

Sən mənim Qarabağımsan,

Sən mənim qara bağrımsan.

Sən mənim qaram-ağımsan!

Sən özündən böyüksən

Sən sözümdən böyüksən,

Sözdən qabaq səsimsən,

Qarabağ!

 

Bu bəndlər də onun şeirlərindəndir.

Bu sitat da ondandır: “Məktəblərdən başlayaraq media platformalarına qədər dil mədəniyyəti ayrıca məsuliyyət kimi dərk edilməlidir”.

Bəli, bu gün Əkbər Qoşalının, tanınmış şair, ictimai xadim, ən əsas da bizim “Ədəbiyyat və incəsənət” portalının redaktorunun 53-cü doğum ilidir.

 

Əkbər Yolçuyev (Əkbər Qoşalı) 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini Qoşa kənd natamam orta məktəbində və Çatax kənd orta məktəbində alıb. Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi "Elektronika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1998–2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsil alıb. Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin "Sosial proqramlar" şöbəsində təlimatçı olaraq başlayıb.

 Həmin ilin aprel ayından isə nazirliyin "İctimai-siyasi" şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib. Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə. Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.

2006-cı ilin noyabrından 2008-ci ilin mayınadək "N" saylı h/h-də zabit kimi həqiqi hərbi xidmət keçən Ə. Qoşalı, hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən ATATÜRK Mərkəzinin şöbə müdiri vəzifəsinə qayıdıb və 2020-ci ilədək bu vəzifədə çalışıb. Hazırda Azərbaycan Respublikasının Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlarla iş üzrə komitəsinin eksperti vəzifəsində çalışır.

Müstəqil Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider qarşısında çıxış edib, digər Forumların nümayəndəsi olub. Bir neçə gənclər təşkilatının qurulmasında yaxından iştirak edib, təşkilat sədri, təşkilatların seçkili orqanlarının üzvü, o cümlədən, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Komissiya sədri olub.

2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb. 1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı seçilib, 2013-cü ilədək həmin vəzifədə çalışıb.

Əkbər Qoşalı, eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən bəri) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəzarət-təftiş Komissiyasının sədr müavini (2014-cü ildən bəri), AYB-nin orqanları – "Ədəbiyyat Qəzeti"nin (2004-cü ildən bəri) və "Ulu Çinar" jurnalının (2010-cu ildən bəri) redaksiya heyəti üzvü, CASCFEN Məclisinin üzvüdür.

"Yeni Azərbaycan" qəzetinin Ədəbiyyat şöbəsinin redaktoru olub (2011–2017). Özbəkistanın "Kitab Dünyası" qəzetinin (2017), Türkiyədə çıxan "Yüce Erek" dərginin (2001), habelə "Kərkük" qəzetinin (2006) Azərbaycan təmsilçisidir. Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun fəxri üzvüdür. 1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilib.2013-cü ilədək həmin vəzifədə çalışıb. Çuvaşıstanda və Azərbaycanda keçirilən IX–X qurultaylarında yenidən başqan seçilib. 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb. 1990-cı illərdən ədəbi fəaliyyətə başlayıb. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət "Qar çiçəyi" (1997), "Türkün səsi" (1999) toplularını tərtib edib, çap etdirib.

İlk kitabı "Ömür qoyub gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından "Nursultan Nazarbayev" siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan "Azərbaycan türkologiyası"nın (1920–1938) tərtibçilərindən biridir. 2019-cu ildə "Ürək daşı" adlı şeirlər kitabı çap olunub.

Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru, önsöz müəllifi olduğu 40-a yaxın bədii, elmi kitabı çıxıb. Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilən uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak edib.

 

Əsərləri

1. Ömür qoyub gedənlər

2. "Azərbaycan türkologiyası" bibloqrafiyası (ortaq)

3. Altun bitik

4. Ölümlərin ötəsi

5. Azərbaycan Gənclər Hərəkatı

6. Çağdaş Azərbaycan Ədəbi Qurumları

7. Gəldik. Gördük. Yazdıq

8. Bölgələrdən səslər

9. Can Azərbaycan

10. Səs… Söz… Rəng…

11. Yeni nəsil tatar şeiri antologiyası

12. Özbək şeir çələngi

13. Fəzanın cazibəsi

14. Yeni Qazax şeiri antologiyası

15. Qəlbdəki və qələmdəki Qarabağ

 

Mükafatları

-  "Tərəqqi" medalı

-  "Azərbaycan Ordusu-100" yubiley medalı

- Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

- Respublika Gənclər Mükafatı

- "Fəxri Gənc" Qızıl Döş Nişanı

- Rəsul Rza Fondunun "Rəsul Rza" Mükafatı

- Qırğız Respublikası "TOKTOKUL SATILGANOV Fondu"nun medalı

- TÜRKSOY-un plaketi, "Fəxri fərman"ı

- İraq Gənclər və İdman Nazirliyinin gümüş plaketi,

- Makedoniya Mədəniyyət Nazirliyinin "Təşəkkür Bəlgəsi"

- Arxangelsk (RF) Vilayəti Mədəniyyət Nazirliyinin "Fəxri fərman"ı

- Rusiya Yazıçılar Birliyinin "Fəxri fərmanı"

- Qazaxıstan Respublikası Beynəlxalq "ALAŞ" ədəbi mükafatı laureatı

- Rusiya Yazıçılar Birliyinin "Fəxri fərmanı"

- Qazaxıstan Respublikası Beynəlxalq "ALAŞ" ədəbi mükafatı laureatı

- Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayevin imzası ilə "Qazax xalqı assambleyası-25" yubiley medalı.

Publisist Mahir Qabiloğlu Əkbər bəy barədə belə deyir: “Əkbəri Xəlil Rzaya çox bənzədirəm. O xətrə dəyməyi xoşlamırdı. Hamıyla mülayim davranırdı. Azərbaycan dilini əcnəbi sözlərlə korlayanları dərəcəsindən asılı olaraq 5, 10, 15, 20 qəpik cərimə edirdi. Xoşuna gəlməyənləri “Şəngülüm” adlandırırdı. Osmanlı türkcəsindən sözlər işlətməyi xoşlayırdı...

Əkbər Qoşalı realistdir. Kor olmalısan ki, real həyatı görməyəsən. Əkbər Qoşalı romantikdir. Şair-yazıçıda təxəyyül yüksək olmalıdır. Əkbər Qoşalı yanaşmada, fikirlərini izharda çox vaxt sosrealistdir. Hər şeydə bir gözəllik axtarır. Pessimist yox, nikbindir. Çünki həyat davam edir. 44 günlük müharibədən sonra ümidlərimiz daha da artıb. Türkçü yox, türk olan Əkbər Qoşalının Turan arzuları artıq reallığa çevrilməkdədir. Özü demişkən “Dövlətimiz zaval görməsin! Bayrağımız uca olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.