Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Nə varsa, əskilərdə var — bu cümləni hər dəfə eşidəndə qeyri-ixtiyari gərildiyimi hiss edirdim.
Keçmiş dedikləri əslində heç də xoş güzəranı olmayan, əksinə daha çox yoxluq çəkdikləri, eyni zamanda xoşbəxt olmayan, bəlkə də xoşbəxtliyin nə olduğunu belə bilməyən uşaqlıq və gənclik illəri arasında zorluqlarla ayaqda qalan bir dövr idi. Həyat onlar üçün sadəcə gün doğumu ilə başlayıb, gün batımı ilə bitirdi. Arada isə sadəcə yaşamaq yox, dözmək vardı. Həyat onlara ədalətli davranmamışdı. Nə böyük ümidlər bəsləyə bildilər, nə də böyük xəyallar qura. Həyat onlara kiçik yaşamağı öyrətmişdi.
İndi isə hər şey dəyişib. Hər şey böyüyür: ümidlər, arzular, istəklər, gözləntilər, ehtiyaclar. O zaman əlçatmaz olan hər şey indi daha yaxındır, bir o qədər də uzaq. Hər şey böyüdükcə, əldə olan daha dəyərsiz görünməyə başladı. İnsan isə bu dəyişən zamanda ölçüyə vurulub yaşamağı unutdu. İndi çox insan yaşamır, sadəcə yarışır — daha böyüyə çatmaq üçün.
Bəs yaşaya bilən insan kimdir, soruşsan? “Nə varsa, əskilərdə var” — bu cümləni quranlar deyərdim. Bir zamanlar mənə yad görünən bu cümlə indi mənim də sevdiyim, hətta içimdə daşıdığım bir həqiqətə çevrilib. Bəlkə biz bu zamanın çox az bir hissəsi olduq, amma o azlıqda belə nələrisə qazandıq. Hər keçən gün bunu daha çox hiss edirsən. Çünki “əskilər” dedikləri təkcə keçmiş deyil. Orada hər şeyin öhdəsindən gələ bilən bir ruh var. Bəlkə də biz çox şey qazandıq, amma itirdiyimiz şey qazandığımızdan daha ağırdır. Çünki onu kimsə görmür. Hər kəs qazandığına aşiqdir. Heç kəs içində səssizcə parçalanmış tərəfləri görmək istəmir.
Bəlkə də hər şey elə əvvəlki kimi deyil… Amma insanın içində o “əskilərdən qalan” bir parça varsa, o hələ də yaşaya bilir. Və bəlkə də nə varsa, doğrudan da əskilərdə var…
“Ədəbiyyat və incəsənət”
(01.04.2026)


