Nağıl uydurun, qadınlar! Featured

Şəfa Vəli,

“Ədəbiyyat və incəsənət”

 

 

Nağılbilməz nənələr

Duyğubilməz nəvələrə

“Mən” öyrədir...

 

 

Unudulan olmağa nə var e?! Hünər ona deyərəm, unudulmadığını bildiyi yerə alnıaçıq, üzüağ qayıda bilsin insan!

“Mövlud Süleymanlının “Köç” romanında ən sevdiyin məqam hansıdır?” deyə soruşsalar, şəksiz, “Buludun doğrandığı yer!” deyərəm! Amma gəlin, etiraf edək ki, unudulmayan epizod Oralın törəmələriylə qayıdıb gəldiyi, ilk rastına çıxan yeniyetmənin ona “Oğru Oral?!” deməsidir... 

...Bayaq “Bənövşəli arzular və ya gül ömrü” essemin qəhrəmanı ilə votsaplaşdıq bir az... 5 ildir, görüşmürük, bu başından-ayağına, cəmi, 10 saatlıq maşın yolu olan gözəl ölkəmizdə... Mənə Əlincədən video atıb ki: “Elə bil buradasan!”

Mənə “Buludu doğrayanda, Hal anası qaçır!”, “Teymurləngin oğluna “Maranşah”, yəni “İlanşah” deyirdi naxçıvanlılar”, “Biləndər toyuğu kəsməyə Allahsız yer tapmadı”  cümlələrini kitablardan əvvəl nağıl kimi danışmışdı anam. Mən bənövşənin də, nərgizin də, şanapipiyin də bir vaxtlar nazlı-həyalı gəlin olduğunu əfsanələrdən oxumuşdum...  İllərlə ruh sandığımda qat kəsmiş duyğuları arada “havaya verirəm”, baxıram, dönüb olub “Bənövşəli arzular və ya gül ömrü”, ya da “Vampirin essesi”, “Kirkirə”...

Bəs o ruh sandığındakıları uşaq ağlımla, uşaq xülyamla necə yığa bilmişəm oraya bir qərinə əvvəl? Əlbəttə, anam Güldərən Vəlinin diliylə! Oxuduğu bədii əsərləri belə, nağılvari, əfsanə sehriylə danışırdı 4 balasına.  Hələ ömür karvanım Sədnik Paşanın müdriklik vahəsindən su götürməyə dayanmamışdı, hələ onun dilindən eşitməmişdim: “Əfsanələr və miflər nilufərlərdir!”, bilirdim “Düz qaya”dakı mağarada kiminsə “yaşadığını”-illər sonra yazıldı “Ruh quşu” hekayəm!

...Bizə də “heyf bu uşaqlardan!” deyən oldumu, bilmirəm... Keşniş toxumu əkərkən dırnaqlarıma dolan torpağa baxıb “Bu nə qanır oxuyub-yazmağı?!” deyən oldu amma... Həmin adam indi “Google”də “Şəfa Vəli yeni yazı” deyə axtarış verirmiş; özü etiraf etdi. Üstəlik, az yazdığımdan da şikayətləndi hələ...

Bu kiçik yazılı epizodların hansında gülümsədim? Əlbəttə, Əlincənin videosuna baxanda! O Əlincənin ki, anamın nağılvari söhbətlərində neçə dəfə gəzmişəm, neçə dəfə o ucalıqdan aşağıya-Miranşahın qız-gəlinin ömründə tozanağa döndüyü, Molla Nəsrəddinin gah məzəli, gah da kədərli söhbətləriylə oymağın ərk yeri olduğu ərazilərə boylanmışam...

...İndi oturub kompüterimlə baxışıram: ya anam da, nənəm də nağılbilməz olsaydı? Nə qalardı uşaqlıqdan mənə ruh sandığımda? Nə tapardım bu gün ürəyimin içindən, duyğularımın qatqarışıqlığından? Yəqin, heç nə... Yox-yox! “Heç nə!” dedimsə, inanın, səmimi deyiləm... “Heç nə!”siz insan yoxdur; təbiətən, ruh sandığımızda həmişə nəsə olur/ olmalıdır! Yaxşı... Onda nə tapardım?

Bu sualın cavabını düşünərək tapmalıydım, əslində, amma neynim, səmimi olacağıma söz verdim axı; instinktiv olaraq nə gəldisə ağlıma, onları yazım: həsəd, təkəbbür, özümü hamıdan “əkə-yekə” saymaq...  Bəs bunlarla neynərdim? Bunlarla yaşamaq olardımı ki?!

...Feysbukda profil şəklim “bax, bu gün də oyandın!” yazısıdır. Hər oyandığımız günü qeyri-adi etmək ixtiyarını taleyimizə veririk ha, orada uduzuruq. Özümüz yazmalıyıq ömür təqvimimizə qırmızı günləri. “Tanrı, bacarsan, ağla, /Ağart yazdıqlarını!” deməyə nə var e? Bir şəhadət barmağıdır, bir küskün baxışdır göyə yönələn! Bəs biz?  Ahmet Ümit “Bəyoğlunun gözəl abisi” əsərində yazır ki, “qəzavü-qədər” sözünü hər olanın-bitənin üstünə yapışdırmaqla elə asan yaşanır! Biz görməsək də, Ahmet bəyin bu fikri cümlələrə etibar edərkən başını buladığına şübhəmiz yoxdur... Nevzat da cinayəti açdığı günlərdən nağıl düzəldir özünə axı; biz ondan danışmalıyıq... Nağılbilməzlik yıxır evimizi yoxsa...

... Ali məktəblərə qəbul imtahanında 690 bal toplayan abituriyentdən müsahibə almışdı İlham (müəllifin həyat yoldaşı – red.). Süjeti də qəşəng hazırlamışdı. Təbrik  etdim gözəl süjetə görə, eyni açılmadı. Niyəsini soruşdum.

-690 bal toplayan oğlan özünü düzgün şəkildə təqdim edə bilmir, iki cümləni ard-arda deyə bilmir.  Hər şeyi mexaniki olaraq öyrənir indiki uşaqlar... Danışa bilmirlər.

-Gözəl müsahibə idi axı...

-Vərəqə yazdım, əzbərlətdim, sonra mikrofonu uzatdım... –dedi və çiynini çəkdi.

...Nağılbilməz bir uşaq daha... Danışmayan, danışılmayan bir uşaq daha... Və onların ruh sandığından keçir sababahımıza cığırlar. Bələdçisiz cığıra düşmək də yalnız nağıllarda qəhrəmanlıq olur!

Heç kəs qəhrəman deyil kainat qarşısında! Amma hər kəs qəhrəmandır öz həyat nağılında... Əvvəlcə, öz nağılını tanımalı, onu danışmağı bacarmalıdır ki insan, sonra dönüb olsun o nağılın qəhrəmanı!

...Rəngarəng düşüncələri bir yerə dəstələyib esse lentiylə bağlamağıma səbəb isə yenə ünvanımı tapan bir kitabdır. Aynur Yarovanın “Sehrli kimya dünyasına səyahət” kitabı... Kimya elminə könül bağlamış Aynur müəllim tədris etdiyi dərsi uşaqlara terminlərlə deyil, nağıllarla sevdirməyi qarşısına məqsəd qoyub. Əlyazmasını oxuyanda sevdim Aynur xanımı... Redaktə prosesində də, necə deyərlər, “qayçımı itiləmədim”; uşaqlar səmimiyyəti bizdən yaxşı tanıyır-hələ ondan uzaqlaşmayıblar zamanın əliylə!

...Şəkinin Yuxarıbaş məhəlləsində-məhəlləmizdə keçirilir hər il bayram şənlikləri. Mənsə, bu parıltılı günlərdə həmişə yeni kitab seçirəm oxumağa... Yeni nəsə yazıram... Yazıçının bayramı ayrı nə cür olar?! Ən gözəl bayram hədiyyəsi isə, sözsüz, müzakirəsiz, KİTABdır!

Bayram atəşfəşanlığının fonunda aldım kitabı Aynur xanımdan Karvansarayın pillələrində! Evə çatanacanan neçə nağıl xatırladım, neçə nağılın səpintiləri büküldü duyğularımda, neçəsinin rəngləri kəlağayı butasına döndü, qaçıb gizləndi “Cehizinə aşiq qızın itik düşmüş sandığında...” Bizim eləyəcəyəmiz (bəlkə də, nənələrimizə, analarımıza borcumuz) yeni nağıllar uydurmaq, həyatı, insanları nağıllarla tanıtmaqdır uşaqlara...

Lütfən, bunu bacaraq! Lütfən, dünyanı nağıllaşdıraq uşaqların gözündə, əziz qadınlar! Günə olmasa da, həftəyə 1 nağıl uydurun... Uydurmaq, xəyal etmək, bəzəmək qadının ən möhtəşəm məziyyətlərindəndir axı!

...Bir də, nağıl kitabları alın... Heç olmasa, ildə 2 dənə... Lütfən...

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

 

 

           

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.