Uzaqdan-uzaqğa sevənlər kimi… Featured

Nail Zeyniyev,

“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi

 

 

Bəzən göy üzü də insan ruhu kimi dolur. Heç gözləmədiyin bir anda, bəlkə də ən parlaq günəşin ortasında yağan yağış, sadəcə təbiət hadisəsi deyil, həm də unudulmuş hisslərin qəfil qayıdışıdır. Yağışın hər damlası torpağa toxunanda sanki zamanın tozunu yuyur, yaddaşımızın dərinliklərində gizlənən o tanış kədəri yenidən oyadır.

 

Təbiətin bu şıltaqlığı bizə bir həqiqəti xatırladır: nə fəsillərin əhdi daimidir, nə də ömür karvanının mənzili bəlli. Bizlər yağışdan sonra təmizlənən hava kimi deyil, o yağışın altında islanıb öz dərdinə bükülən yolçulara bənzəyirik. Bəzən uzaqdan sevməyi, bəzən alışdığımız odun içində sükutla yanmağı öyrənirik. Çünki hər yağış bir qayıdışdır həm göylərdən yerə, həm də insanın öz daxili dünyasına...

Elə bu yağışlı yaz günündə, misraların sədası altında ruhun pıçıltısını eşitmək olar:

 

Yağış da qayıtdı bu yaz günündə,

Zamansız qayıdıb dönənlər kimi.

Yazıram sözümü dərd dəftərində,

Dərdini vərəqlə bölənlər kimi.

 

Pozuldu fəsillərin əhdi-nizamı,

Sən səfa çəkərsən, mənsə cəfamı.

Yaşarkən vermişəm belə qərarı,

Ağlaya-ağlaya gülənlər kimi.

 

Bir odun içində alışarıq biz,

Zamanla həm küsüb, barışarıq biz.

Bilmirəm, bəlkə də qovuşarıq biz,

Uzaqdan-uzağa sevənlər kimi.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.