“Ədəbiyyat və incəsənət” portalının “Tələbə yaradıcılığı” rubrikasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin tələbəsi Məmmədova Gültəkin özünün “Ölülər danışa bilməz” adlı hekayəsini təqdim edir.
Bəxtindəki həyatı yaşamaq bu həyatda yaşamaqdan daha çətindir. Və yaşaya bilmədiklərimiz yaşadıqlarımızdan daha çox canımızı yandırır. Gəl gör ki, bu da bir dərsdir, bu da bir qanundur deyirik. “Alın yazısıdır, bəxti belədir” deyib keçirik. Axı Allah bir bəndəsini bu qədərmi bədbəxt yaradar? Ey Yaradan, bu sənin bizə verdiyin dərsdirsə, bəs bu yanda çəkdiklərimiz nədir? Dərs üstə dərsmi? Yox, təbii ki, bu insanın özünə təsəlli verdiyi bir şüuraltı düşüncədir.
Tanrı bizi yaradıb, ancaq necə yaşayacağımızı və necə yaşamayacağımızı özümüz seçməliyik. Bəli, özümüz. Niyəmi özümüz? Çünki biz adət-ənənə ilə böyüyürük, mentalitet formalaşır, ətraf mühitin düşüncəsi ilə yaşayırıq. Və mən bunu anlayanda çox gec idi. Ancaq nə deyirlər, oxumaq üçün gec deyil, hə? Axı həyat da bir dərsdir, biz də onu oxuyuruq. Mən də oxudum, gec dərs aldım, amma əsas nəticədir.
Bəlkə də düşünürsünüz, cəmiyyətə niyə belə aqressiya ilə danışıram deyə. Ola bilər. Çünki hər kəsin bir dönüm nöqtəsi var — pisdən yaxşıya, yaxşıdan pisə. “Mərdi qova-qova namərd etdilər” deyə bir deyim var, bax, eynən o.
Gəlin danışım, dinləyin. Mən 8 yaşımda atamı itirmişəm. Anam isə — qadınsan, təksən, ərindən öləndən sonra işləyirsən, nə edirsən, lazımdır sənə; özün də qız uşağı böyüdürsən, çətindir, indiki zamandır, özün də hələ cavansan, dalınca gəlib-gedən olar, adına söz çıxararlar; biri ilə evlən, əsas odur evə çörək gəlsin, qızın üstündə kimsə olsun — deyə aciz düşüncəli insanların sözü ilə 4 il sonra ikinci dəfə ailə həyatı qurdu. Mən istəməsəm də məcbur razı oldum.
Evləndilər, çox yaxşı idi, yaxşı davranırdı, dərslərdə köməklik edirdi. Mən “çox yaxşı insandır” deyə onu çox istəyirdim. Maraqlanırdı dərslərimlə, parka aparırdı, anam əsəbləşəndə arxamda dururdu. Və onu daha çox istəməyimə səbəb olurdu. Bu, 3 il belə davam etdi.
Artıq 15 yaşım var idi. Anam gəlib mənə artıq böyüdüyümü və nənəmgilə gedib orada oxumağa, yaşamağa davam etməyimi istədi. Getməkdən imtina etdim. Bunu mənim üçün etdiyini dedi.
“Yox” dedim, “sənsiz getmirəm, xahiş edirəm”.
“Qızım, get və nə olur-olsun geri gəlmə” deyə məcbur etdi.
Alim əmi istəmirdi artıq mənim burada qalmağımı? Dedim, yox, onluq deyil. Bu vaxt Alim əmi evə girdi: “Nə olub, niyə dalaşırsınız?” dedi. Ağzımı açmaq istəyəndə anam məndən qabaq: “Heç nə, dərsdə bir az zəif qiymət alıb, onun üçün danlayıram” dedi. Anam söhbəti başqa cür demişdi. Sadəcə susdum və otağa getdim. Olanları anlamırdım. Anam niyə elə dedi, niyə əmimdən gizlətdi deyə.
Səhəri anamın yanına gedib soruşdum. “Qızım, sənin üçün edirəm, xahiş edirəm, ananın sözünü dinlə və nənəgilə get. Orada qalmaq sənin üçün çox yaxşıdır” dedi. Nəsə olduğunu hiss edirdim, ancaq anlamırdım. Razılaşdım və getdim.
Axşamına əmi zəng edib geri gəlməyimi istədi. “Yox, əmi, burada qalacam” dedim. Səhəri qapıya qədər gəlmişdi: “Qızım, gəl evimizə gedək, anan səni gözləyir” dedi. “Yox, istəmirəm” dedim. Üzündə qəzəb vardı, amma üzə vurmurdu, sanki özünü saxlayırdı. Anama zəng etdim, anam götürmədi. “Yəgin iş görür” detə düşündüm. “Yox” dedim, getmədim. Anama söz vermişdim.
Alim əmi “Yaxşı, gedirəm, yenə gələcəm” dedi.
1 ay gedib-gəldi, getmədim. Ancaq 1 ay idi anamla danışmırdım. Zəng edirdim, açmırdı. Həm çox darıxmışdım, həm də çox narahat idim. Bu dəfə dözə bilmədim və getdim.
Evə çatana kimi maşında bir kəlmə belə söhbət etmədik. Sonra evə çatdıq. “Ana, ana, mən gəldim” dedim, içəri girdim. Ana uzanmışdı, üzü-gözü göy içində idi. “Ana, nə olub?” dedim. “Yıxılmışam” dedi. “Axı bu yıxılmağa oxşamır” dedim. “Sus, niyə gəldin? Axı sənə dedim, gəlmə, niyə gəldin?” dedi. “Ana, əmi məcbur etdi, səninlə bir aydır danışa bilmirəm” dedim. Ağladı. “Get” dedi, “çıx burdan”.
O an qapı arxadan bağlandı və əmi səsləndi: “Ana-bala indi oturun bir yerdə, bir də sözümdən çıxmaq nədir, sizə göstərəcəm” dedi. Hələ də anlamırdım.
Anam hər şeyi danışdı. Qumar və içkidən hər şeyi uduzmuşdu. Ən axırıncı isə qumarda bir yaşlı narkotik bağımlısı birinə məni uduzmuşdu. Bəli, bəli, düz eşitdiniz — məni. Anam bunu bildiyi üçün məni yollayıb nənəmgilə, “1 ay mənə gəl” demədiyi üçün anama işgəncə verib.
Anamı qucaqlayıb saatlarla ağladım. Otağa girdi. “Əmi deyib ata yerinə qoydum, o insanı, insan deyilmiş”.
“Mən səni ərə verirəm” dedi.
“İstəmirəm” dedim. “
Məcbur istəyəcəksən, yoxsa ananı öldürərəm” dedi.
“Yox, qoymayacağam” dedim.
Yorganı çəkdi anamın üstündən. Anam buraxmaq istəmədi, amma zorla çəkdi. Anamın ayaqları, yanığ və göy içində idi. Hər dəfə məni aparmaq istəyəndə “yox” dedikcə ona işgəncə verirdi. O bədənində bıçaqla iz açmaq, yaraya duz tökmək, siqaretlə dağ basmağ — bildiyiniz vəhşilik nümayiş etdirirdi.
2–3 gün belə davam etdi. Sonda məcbur qolumdan tutub aparmaq istədi. Qışqırırdım, ancaq anama “evlən” deyə fikir verənlər indi bağırtımıza fikir vermirdi. “Ər-arvad arasına girilməz” deyirdilər.
Anam qarşısına keçdi: “Qızımı ancaq mən öləndən sonra sata bilərsən” dedi. Elə bu anda dava qızışdı. Anam yaralardan zəif düşmüşdü, mənim isə nə gücüm vardı ki? Əlacsız qalan anam bıçağı götürdü və onu öldürəcəyini dedi. O an anama sillə vurdu və anam müvazinətini itirib öz tutduğu bıçağın üstünə yıxıldı və oradaca canını tapşırdı.
“Sən qatilsən, anamı öldürdün!” dedim. Leşə yığılmış leş yeyənlər kimi hər kəs töküldü “nə olub?” deyə. O an yerə yıxılıb “sənə işləmə ağrıyırsan dedim, amma qulaq asmadın” deyə qışqırmağa başladı.
Sonra arxayın-arxayın durub “heç nə, hacandı, ağrıyır idi, işlədiyi yerdə yıxılıb bıçaq batıb” dedi.
Sözlər boğazımda düyünləndi. Polis gəldi, hər şeyi danışdım. Ancaq hər şeyi yalanladı.
Anamı dəfn etdik. Ancaq bu burada bitməyəcək dedim, anama söz verdim. Dəfndən sonra yanıma gəlib mənə gülərək “sübut elə mən etmişəm, heç kim sənə inanan deyil” dedi. “Bir anan sübut edə bilərdi, o da öldü. Ölülər isə danışmaz” dedi və getdi.
İllər keçdi. Bu kin, nifrət içimdə mən böyüdükcə böyüdü. Məktəbi və universiteti bitirdim, bu arada hüququ bitirmişdim. Nəzərim hər zaman onda idi. Bir gün birini bıçaqla yaraladığından içəri düşdüyünü eşitdim. Bu şansı qaçıra bilməzdim. Nə də olsa, 3 il əziyyət çəkib mənim üçün.
Əlbəttə, məni tanımadı. Onun vəkili oldum və “kimsəsiz, günahsız insanlara kömək edirəm” dedim. Ancaq bir şərtlə: olanları mənə necə var, elə də danış, mən özüm məhkəməyə necə lazımdır elədə ifadə verəcəm dedim.
Danışdı — qumarbaz olduğunu, qumarda illər öncə uduzduğu insanın haqq-hesab sormaq istədiyini, özü də onu öldürmək üçün vurduğunu, amma yaraladığını dedi.
“Bəs əvvəl belə bir şey olubmu?” deyə soruşdum. Susub üzümə güldü. İçim qan ağlayaraq mən də gülərək dedim: “Deyəsən siz dinc durmamısınız.” Onu özümə güvəndirmək üçün belə deyirdim.
Məhkəmədə bıçaqladığı şəxsin guya yolla gedərkən içkili olduğu üçün onun qarşısını kəsdiyini, hədə-qorxu gəldiyini, onun isə özünü qoruma refleksi olaraq əlindən tutduğu, lakin ayağı ilişib yıxıldığı üçün bıçağın o şəxsə batdığını deyəcəyimi bildirdim. Kameranın olmadığı üçün tam sübutun olmadığını dedim.
Gözlərini dövrə-dövrə baxırdı. “Çox gözəl, yaxşı ki, sizi tanımışam” dedi. Və ona kömək etdim. Hə, düz eşitdiniz, kömək etdim. Çıxartdım türmədən. Özüm qarşıladım, cibinə bir az pul qoydum. Sadəcə gözlərini zilləyib baxırdı.
“Bir də, Alim bəy, bir şey soruşum, yadımdan çıxmışdı” dedim. “Buyurun, nə istəyirsiniz?” dedi. “Bu ilk deyil, hə? Cinayət. Narahat olmayın, nə bura məhkəmədir, nə həbsxana, nə siz canisiniz, nə mən vəkil. İki dost sadəcə.”
Gülərək “hə” dedi. “Bu bıçaqladığım adama illər əvvəl qumarda uduzdum. Onda oğru qızımdan xoşu gəldiyini və verməyimi istədi, mən də razılaşdım.”
Gülərək “aha” dedim.
“Ancaq anası bunu bilib evdən çıxarmışdı. Mən də anasına işgəncə eləmişdim, qızı çağırsın deyə. Əlaqələrini də kəsdim. Sonda qız gəldi. Evləndirəcəyim gün evdə dava çıxdı. Yoldaşım bıçağı götürüb qızıma toxunma deyəndə vurdum. Yıxıldı, bıçaq batdı, öldü. Amma hamı mənim tərəfimdə idi deyə günahsız olduğum sübut olundu.”
“Bəs qız hanı?” soruşdum.
“Bilmirəm, Allah bilir harda pozğunluqla məşğuldur” dedi. Güldüm. “Boş verin, getsin. Bir gün sizi tapar” dedim. “Necə?” dedi. “Yəni geri gələr yəqin” dedim. “Hə, əşi, cəhənnəm olsun” dedi və əlavə etdi: “Mənə bu gözlər nəsə tanış gəlir.” “Olar” dedim. “Və sağ ol” dedi, getdi.
Aradan 4 gün keçdi. Ona zəng etdim: “Alim bəy, sizə işim düşüb, o bıçaqlanma olan yerə gələ bilərsiniz?” dedim.
“Hə, gələrəm” dedi.
Ora getdik. “Nə olub, vəkil xanım, buyur, nəsə söhbət var? Mən həll edim, siz də məni xilas edin” deyib iyrənc-iiyrənc güldü.
“Yox, sıxılırdım. Bu yerə görə tanış olmuşuq. Burada bir-iki qədəh içki içək”, söylədim.
İçki süzdüm, içdi. İkinci qədəhdə əlinin-ayağının tutmadığını, stuldan qalxa bilmədiyini dedi. “Hə, bilirəm, dərmandandır” dedim.
“Necə?” heyrətlə soruşdu.
“Necəni deyəcəm, öncə tanışı olaq, mən Aysel — ögey qızın. Anasını gözü önündə öldürdüyün qızın. Ya da, bir əşya kimi satdığın qızın”.
Qəzəbdən söyüş söyərək qışqırırdı. Ağzını bağlayıb anama etdiklərini bir-bir etdim. Ayaqlarına dağ basdım, bıçaqla yarıb duz tökdüm və daha artığını. Sonra gözlərinə baxaraq “axı agrıyırsan, sənə dedim işləmə” deyib bıcağı ürəyinə sancdım. Və onun anamın cinayətini danışdığı səs yazısını, bir də onun yox, mənim dilimdən onun adı ilə intihar məktubunu qoydum.
Məktub: “Mən Alim. Yoldaşım Zöhrə və ögey qızım Ayselə etdiklərimi səs yazısı alaraq bu fleşə yazmışdım. Bir gün dövlətə təhvil verərəm deyə, ancaq cəsarətim çatmadı. İllər sonra bir söhbətdə içəri düşdüm və tale ögey qızım Ayseli mənə göndərdi və məni içəridən çıxardı. Düzəlməyimi, həyatımı davam etdirməyimi dedi və bunun vicdan əzabı məni məhv etdi. 4 gündür dayanmadan içirəm. Sonda bu gün Ayselin məni günahlandırıldığım cinayət yerinə gəlib yoldaşıma etdiklərimin hamısını özümə edərək intihar edirəm. Aysel, məni bağışla qızım. Bu yer bizi bir araya gətirdi, bu yerdə də sənə olan vicdan borcumu ödəyirəm.”
Deyə bir not qoydum və getdim.
Bəlkə də deyirsiniz, vəkil olaraq ədaləti beləmı saxladın? Ədalət gec-tez yerini tapdı. Ədalət tərəzisi düz durduqdan sonra onun zalda ya zaldan kənar olmasının nə önəmi var?
Cinayəti özü etiraf etdi, özü sözləri ilə də təsdiqlədi.
Hə, bu arada, dərmanı soruşsanız içki ilə qarışanda bir neçə saat içində bədəndə təsiri itir….
Kim sübut edə bilər ki, mən etmişəm?
AXI ÖLÜLƏR DANIŞA BİLMƏZ.
“Ədəbiyyat və incəsənət”
(27.03.2026)


