Sənin həyatın başqasının arzusudur Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Evdə oturmaqdan sıxılıb həyətə çıxdı. Fərqli havanı ciyərlərinə çəkdikcə sanki həyat ona daha maraqlı görünməyə başladı. Bəlkə də bu hiss, udduğu havanın təravətindən, ya da həmin anın özünəməxsusluğundan yaranirdı. Bəzən insan sadəcə bir neçə dəqiqəlik küçəyə çıxmaqla belə anlayır ki, həyat yalnız onun yaşadıqlarından ibarət deyil.

 

Bakı nə çox kiçikdir, nə də həddindən artıq böyük. Amma bu şəhərin içində min fərqli həyat var. Hər küçədə, hər avtobusda, hər pəncərənin arxasında ayrı bir taleyin səsi eşidilir. Kimsə bu gün xoşbəxtdir-  nişanlanır, şəkillər çəkdirir, gələcək planları qurur. Başqa biri isə eyni saatlarda xəstəxana dəhlizində səssizcə oturub, nişanlısının əməliyyatdan çıxmasını gözləyir. Bir tərəfdə gülüş səsləri yüksəlir, digər tərəfdə isə dualar pıçıldanır. Bir yerdə polis öz peşəsini yerinə yetirib oğrunu bölməyə aparır. Bölmənin dəhlizində bir küncdə isə  ana  oğlunun günahkar olub-olmamasından asılı olmayaraq   onun yolunu gözləyir. Çünki ana üçün övladın günahı olmur, onun yalnız dərdi olur. Ana ürəyi… dağ kimi ağır, amma yenə də dözümlü.

Bir həyətdə uşaqlar qaçıb-gülür, gizlənqaç oynayır, səs-küy salırlar. Onların dərdi oyunun bitməsidir. Amma eyni anda başqa bir pəncərənin arxasında kimsə səssizcə baxıb deyir:

“Kaş mən də yeriyə biləydim…”

Bir az uzaqda başqa bir qız güzgünün qarşısında dayanıb özünü bəyənmir:

“Kaş gözlərim yaşıl olaydı…”

Amma bu şəhərdə elə biri də var ki, bütün arzusu sadəcə budur:

“Kaş görə biləydim".

 

 

Səhər tezdən işə tələsən insanlar var.  Avtobusda sıxlıqdan narazı olanlar, gecikdiyinə görə əsəbiləşənlər. Amma həmin avtobusda bəlkə də biri var ki, aylarla iş tapa bilməyib və o sıxlıq onun üçün bir şansdır,  yeni bir gün, yeni ümiddir.

Kimsə kafedə oturub bahalı qəhvə sifariş edir, həyatından şikayət edir. Digər masada isə biri telefonuna baxıb kartındakı son pulu hesablayır: “Bunu xərcləsəm, sabah nə edəcəyəm?”

Bir qız imtahandan aşağı bal aldığı üçün ağlayır, gələcəyinin məhv olduğunu düşünür. Amma eyni şəhərdə bir ana var ki, uşağının ümumiyyətlə oxuya bilmədiyi ilə barışmağa çalışır. Digər tərəfdə isə universitetə qəbul olmuş, həyatının ən səhv qərarlarını vermiş gənc tələbə...

Bir evdə toy hazırlığı gedir- musiqi, şənlik, qonaqlar. Digər evdə isə eyni gündə yas qurulur. Həyat birinə ən gözəl anlarını yaşadarkən, digərinə ən ağır sınağını verir.

Bir qadın var ki, yoldaşı hər gün içki içib gec saatlarda evə gəlir. O, çıxış yolu tapa bilmir, içində sıxılır, dostuna danışır. Dostu isə sakitcə deyir:

“Şükür et, sənin heç olmasa yoldaşın var,  mənim o da yoxdur”.

Bir gənc var  hər gün sosial şəbəkədə gülümsəyən şəkillər paylaşır. Hamı onu xoşbəxt sanır. Amma gecələr telefonunu kənara qoyanda səssizcə düşünür: “Mən niyə xoşbəxt deyiləm?”

Başqa biri isə heç nə paylaşmır, amma daxilində sakitlik tapıb. Bu şəhərdə hər kəs nəyinsə yoxluğunu yaşayır. Kimdə olan, başqasına çatmır. Kim üçün adi olan, başqası üçün əlçatmaz arzudur. Bəzən dostlarımızla eyni hadisəni yaşadığımızı düşünüb “bəxtimiz eynidir” deyirik. Amma əslində, hər kəsin yolu fərqlidir. Hər kəsin yükü, dərdi, sevinci özünəməxsusdur. Heç kim tam olaraq digərinin həyatını yaşamır. Eyni küçədən keçirik, eyni havanı uduruq, eyni şəhərdə yaşayırıq, amma tamam fərqli dünyaların içindəyik.

Bəlkə də həyatın ən böyük həqiqəti budur:

bir şəhərdə yaşayırıq, amma min fərqli taleyin içində…

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.