Göy siçan, mənə su ver! Featured

Heyran Zöhrabova,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəzi kitablar bizə tövsiyə olunur, bəziləri adıyla maraq oyadır, bəziləri bir oxucu rəyi və ya bir sitatla diqqətimizi çəkir. Elə kitablar da var ki, onları özümüz kəşf edirik. Beləcə hər kitab və hər yazarla tanışlığımızın hekayəsi fərqli olur.

Mənim Çingiz Aytmatovun qələmi ilə tanışlığımın isə qəribə bir hekayəsi var.

Hardasa 3-4 il bundan əvvəl Nərmin Kamalın bir müsahibəsi çıxdıı qarşıma. Başlıq maraqlı gəldi və oxumağa başladım.

Müsahibənin bir hissəsi hədsiz diqqətimi çəkdi.

 

“- Ədəbi mühit bilirdi ki, Mövlud Mövlud sizi sevirdi. İntihar etməmişdən əvvəl sizə mesaj da yazmışdı. Bilmək olar, nə yazmışdı?

- Hə, intihardan bir neçə həftə əvvəl idi, yazmışdı “Salam, necəsən,” mən ona cavab vermədim, ardınca yazdı ki, “göy siçan, mənə su ver, yoxsa susuzluqdan qırılacağıq”. Ölümündən əvvəl mesajı görmüşdüm. Fikirləşmişdim ki, Mövluddur da. Cavab verməmişdim. Mövludun intiharından sonra uzun müddət axtardım ki, göy siçan nə deməkdir. Sən demə, mən bu əsəri oxumamışam. Sonra bir gün Sevinc Elsevər bu əsəri mənə tapdı. Çingiz Aytmatovun “Dəniz qırağı ilə qaçan alabaş” povestindəndir. Oxudum o əsəri. Bildim göy siçan nə imiş. Nə isə. Keçmişə qayıtmaq imkanım olsaydı mesajı cavablayardım.”

Bu müsahibədən sonra "Göy siçan"ın nə olduğu mənə də çox maraqlı gəldi və mən də sözü gedən əsəri tapıb oxudum.

Çingiz Aytmatovun qələmi ilə tanışlığım məhz belə başladı.  Daha sonralar onun "Gün var əsrə bərabər", "Ağ gəmi," "Cəmilə" kimi əsərlərini də oxumaq imkanım oldu və yazıçının qələmini çox sevdim. Hələ ondan oxumaq istədiyim çox əsər var. Bu tanışlığa görə çox sevinirəm, amma hər dəfə bu tanışlıq hekayəsi mənə çox qəribə gəlir.

Bəzən fikirləşirəm ki, bəlkə də hamımızın bir “göy siçanı” var.

Və hər birimiz zaman-zaman həyatımızın hansısa çətin periodlarında açıq-aşkar, ya da Mövlud  kimi dolayı yolla o göy siçanımızdan su istəyirik.

Kimi Mövlud kimi o çağırışa cavab almır. Kimi Krisk kimi müsbət cavab alır.

Bəzilərinin çağırışına da səslədiyi göy siçan deyil də hansısa aqukuk quşu və ya Alabaş dağı cavab verir.

Kaş hamının "göy siçanı" ona su versəydi...

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.