Zülmətin içindən qalxan narıncı bir üsyan Featured

Nail Zeyniyev,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bu gün həyətdə gəzirdim, illərdir qurumuş torpaqda gözümə bu kiçik, zərif çiçəklər sataşdı...

 

İnsan bəzən öz daxilindəki boşluqda boğulur. Bir az çətinlik görən kimi ruhu elə bil qum dənəsi kimi dağılır, ümidləri payız yarpağı tək saralıb ayaqlar altına düşür. Biz özümüzü dünyanın ağası sansaq da, əslində ən kiçik fırtınada əyilən, sarsılan, "niyə mən?" deyə sızıldayan zəif varlıqlarıq. Amma bax, bu kimsəsiz, unudulmuş torpağın çat-çat olmuş bağrına bax...

İllərdir bir damla suya həsrət qalan bu torpaq, əslində bir məzarlığı xatırlatmalı idi. Amma baharın nəfəsi gələn kimi, o quru zülmətin içindən narıncı bir üsyan baş qaldırır. Bu çiçəklər, bu kiçik, adsız qəhrəmanlar bizə dözümün fəlsəfəsini anladırlar.. Onlar şikayət etmirlər. "Niyə torpağım qurudur?", "Niyə məni kimsə suvarmır?" deyə sızlamırlar. Onlar sadəcə öz fitrətlərindəki o gizli gücə güvənirlər. Daşın ağırlığını, torpağın sərtliyini bir eşqlə yarırlar ki, günəşin üzünü görə bilsinlər.

Baxanda deyirsən ki, bir ovuc rəng bu qədər qüdrəti haradan alır? Hikmət bundadır ki, həyat ən çox dözənlərə, ən imkansız yerdə boy atanlara öz sirrini açır. İnsan isə çox vaxt rahatlıq axtarır, hər şey hazır olsun istəyir. Bir az susuz qalan kimi ruhumuz quruyur. Halbuki, bu çiçəklər bizə sübut edir ki, əsl ucalıq münbit bağçalarda deyil, taleyin ən quraq künclərində dik durmağı bacarmaqdadır.

Əgər bir çiçək heç bir dayağı olmadan, kimsəsiz bir çöldə beləcə gözəl açırsa, deməli, insanın da daxilində o gizli bulaq var. Sadəcə, biz zəifliyimizə təslim oluruq. Bu narıncı ləçəklər əslində bir güzgüdür. O güzgüdə biz öz acizliyimizi və eyni zamanda, əslində nələrə qadir olduğumuzu görürük. Hər çətinliyin altında sarsılmaq yox, o çətinliyi bir zireh kimi geyinib, bu çiçəklər kimi dünyaya təbəssümlə boylanmağı öyrənməliyik. Bəlkə də insanın varlıq səbəbi budur elə ən qaranlıq, ən quraq anında belə, daxilindəki o gizli baharı kəşf edib, inadla çiçək açmaq.

 

Çiçəklər haqqında qısa məlumat (Calendula arvensis):

Bu gördüyünüz çiçəklər elmi dildə Calendula arvensis, xalq arasında isə Gülümbahar və ya Çöl Nərgizi adlanır. Onlar təbiətin ən "qənaətcil" və dözümlü bitkilərindən hesab olunurlar. Onlar hətta ən kasıb, daşlı-kəsəkli və quru torpaqlarda belə yetişə bilirlər. Su qıtlığına qarşı inanılmaz müqavimətləri var. Bu çiçəklərin maraqlı bir xüsusiyyəti var günəş doğanda açılır, buludlu havada və ya axşam düşəndə isə yumulurlar. Sanki bütün enerjilərini yalnız işıqdan alırlar. Qədim zamanlardan bu çiçəklərin ləçəklərindən yaraların sağalmasında, iltihab əleyhinə və dəri baxımında istifadə olunub. Bu çiçəkləri seyr etmək həqiqətən də ruhun sakitləşməsi üçün ən yaxşı vasitədir. İnsanın təbiətdən öyrənəcəyi hələ çox şey var, bu zərif amma bir o qədər dözümlü çiçək bizə bir daha həyatı yaşamağı, dözümlü olmağı öyrədir.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.