Bəzi qəlblərdə bahar — məzar üstündə cücərir... Featured

Kübra Quliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bahar bu il qəribə gəlmişdi. Sanki torpaq yalnız çiçəklərlə yox, dualarla da nəfəs alırdı. Küçələrdə səməninin yaşıl təravəti ilə iftar süfrələrinin sakit müqəddəsliyi bir-birinə qarışmışdı. İnsanlar bir tərəfdən baharın oyanışını qeyd edir, digər tərəfdən içlərindəki səssiz boşluqları Allaha yaxınlaşaraq doldurmağa çalışırdılar. Bu il Ramazan və Novruz eyni zamana düşmüşdü — həyatın və ruhun eyni anda yeniləndiyi nadir vaxtlardan biri idi.

 

Həmin gün biz nənəmgildə yığışmışdıq. Evdə qəribə bir istilik vardı — yalnız sobanın yox, xatirələrin də verdiyi istilik. Süfrənin üstündə səmənilər düzülmüşdü. Bəziləri balaca, bəziləri bir az böyük, amma hamısı eyni səbrlə, eyni ümidlə yetişdirilmişdi.

Nənəm onları sanki əşyaya yox, canlıya toxunar kimi sığallayırdı.

Mən isə bunu anlamırdım.

— Nənə, bu qədər səməni nə üçündür? — dedim, gülərək. — Hamısını qəbrə aparacaqsan? Bu bir az mənasız deyil?

Sözlərim otaqda qısa bir səssizlik yaratdı. O səssizlik ki, nə yüksək idi, nə də görünən… amma hiss olunurdu.

Nənəm başını qaldırıb mənə baxmadı. Sadəcə əllərini səməninin üstündə saxladı. Sanki cavab vermək istədi, amma söz tapmadı. Ya da bəlkə söz çox idi, sadəcə deməyə gücü yox idi.

Mən isə o an heç nə anlamadım. Sadəcə gülüb keçdim.

Ertəsi gün dayımın yoldaşı sakit səslə danışmağa başladı. Söhbət adi başlamışdı, amma birdən yön dəyişdi.

— Dünən nənəni görəndə ürəyim ağrıdı…

Mən diqqətlə baxdım.

— Bilirsən, onun bir oğlu olub… Rəşad. 9 aylığında rəhmətə gedib.

 

Sözlər sanki havada asılı qaldı. Mənim içimdə isə nəsə qırıldı.

— Hər il… — deyə davam etdi, — hər bayram o səmənini onun məzarına aparır. Deyir ki, “hamı üçün bayram var, mənim balam üçün də olmalıdır…”

Sanki dünənki gülüşüm qulaqlarımda təkrar-təkrar səsləndi.

“Bu nə mənasız şeydir…”

Mənasız?

Bir ananın 45 ildir yaşatdığı xatirə necə mənasız ola bilərdi?

Oğlunun böyüməyən yaşı…

Hər il yenidən doğulan bir ümid kimi əkilən səməni…

Və sonra o ümidin səssizcə bir məzara aparılması…

O an başa düşdüm ki, bəzi insanlar zamanı saatla yox, itirdikləri ilə ölçür.

Rəşad 45 yaşında deyildi.

Rəşad hələ də 9 aylıq idi.

Axşamüstü nənəmin yanına getdim. O, səməniləri yığırdı. Sanki onları bir səfərə hazırlayırdı. Günəş pəncərədən içəri süzülür, yaşıl tumurcuqların üstündə qızılı işıq kimi dayanırdı.

Sakitcə yanına oturdum.

— Nənə…

Səsim titrədi.

O, başını qaldırıb mənə baxdı. Gözlərində heç bir inciklik yox idi. Sadəcə yorğun bir sevgi vardı.

— Dünən… dediyim sözə görə üzr istəyirəm. Bilmirdim…

Nənəm yüngülcə gülümsədi. Elə bir gülüş ki, həm bağışlayır, həm də heç vaxt incimədiyini deyirdi.

— Bilmirdin, qızım. Bilən adam elə deməzdi.

Sonra səmənilərdən birini ehtiyatla götürüb səbətə qoydu.

— Mən indi onu aparacam, — dedi sakitcə. — Orada tək qalmasın deyə… bayramı da görsün deyə…

Mən heç nə deyə bilmədim.

Qəbiristanlıqda hava fərqli idi. Sanki külək belə daha sakit əsirdi. Nənəm addımlarını yavaş-yavaş atırdı. Səbətdəki səmənilər yelləndikcə mənə elə gəlirdi ki, hər biri bir xatirə daşıyır.

Rəşadın məzarının önündə dayandıq.

Balaca bir daş. Sadə, sakit… amma içində 45 ilin səsi vardı.

Nənəm diz çöküb səmənini torpağın üstünə qoydu. Əlini torpağa toxundurdu, sanki saç sığallayırmış kimi.

— Bax, balam… — dedi pıçıltı ilə. — Bahar gəlib…

Mən gözlərimi yayındırdım. Çünki o an başa düşdüm — bəzi analar üçün həyat iki yerə bölünür: yaşayanlar və torpaqda qalanlar.

Və o, hər bayram bu iki dünyanın arasında körpü qururdu.

Səməni ilə.

Ümidlə.

Sevgi ilə.

Həmin gün ilk dəfə dua etdim.

Yalnız özüm üçün yox.

Heç böyüməyən bir uşaq üçün.

Və onu hər bayram ziyarət edib, yenə də “balam” deyə səsləyən bir ana üçün.

Bahar gəlmişdi.

Amma bəzi qəlblərdə bahar — məzar üstündə cücərirdi.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.