Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət”
De ki, mən Rəhman üçün oruc (susmaq niyyəti) etmişəm və bu gün heç kimlə danışmayacağam. Söhbət Surah Maryam surəsindən gedir.
Hadisəyə görə Məryəm tək halda səhraya çəkilir və orada İsa peyğəmbəri dünyaya gətirir. Doğuş zamanı çox çətinlik çəkir və bir xurma ağacının yanında olur. O anda ona belə deyilir: “Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə, yetişmiş xurmalar tökülsün”.
Hər kəs həyatının fərqli tinlərində çətinliyə düşərkən “Kaş bundan əvvəl öləydim və unudulub gedəydim” ağrısı ilə bir “xurma ağacı”ndan möhkəm möhkəm yapışır.
Əlbəttə ki, söhbət xurma ağacından getmir. Sağlam, canlı bədəni olan insan belə xurma ağacını rahatlıqla silkələyə bilməz. Ama bəzən xəfif, zərif, çəlimsiz arzuları olmayan, ümidsiz insan öz “xurma ağacı”na rast gəlir və ağac ona mənəvi dayaq, möcüzəvi əl olur. Ac olana yemək, susuz olana su, nəfəssizə nəfəs, sevgisiz olana sevgi olur.
Həyat bütün çılpaqlığı ilə gözünə görünəndə yanında “xurma ağacı” varsa şanslı insanlardansan. O ağac sənə bəzən kölgəsində oturub nəfəs aldığın, sığınacağın bir liman, bəzən davam etmə düyməsi, bəzən də yad nəfəsin istiliyi olur.
Sən axtarmasan belə o bir yolunu tapıb sənin yanında bitir. Çoxumuz səhranın böyüklüyündən, quruluğundan, susuzluğundan şikayətlənib xurma ağaclarını görə bilmirik.
Bəzən də inanmaq istəyirsən o xurma ağacının varlığına, olmasa belə..
İnsan pis düşüncələrini sükutunda boğub nəfəs alacağına inanmaq istəyir. Gözəlliklərə, gözəl günlərə, ümidlərə.
Çox uzaqlara getməyəcəyəm. Ustad Şəhriyarın dediyi kimi, “Bəxtin dura, baxarsan yadlar qohum qardaşdı, amma bəxtin yatanda, qohum-qardaş yad olur.”
Hər gələn gün bizdən bir şeyləır aparakən hər keçən gün bizə nələrsə qazandırır. Başqa sözlə,
Gün var ki heç zad olmaz, gün var ki hər zad olar..
Bəzən elə düşünürük ki, ən pisi budur, bundan pisini yaşaya bilmərik ya da bundan pisini tanıya bilmərik.. Amma məsələ pislikdə deyil, məsələ özünə nə qədər yaxın, ya da uzaq olmaqdadır. Kim özünə daha yaxındırsa həmişə bir “xurma ağacı” yanında bitəcək... Lakin kim ki, özündən uzaqdır mənə görə həmişə yarımdır, yarımçıqdır...
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


