Salam, hörmətli redaksiya,
Təqdim etdiyim "Daşlar ayağını əzər, maralım" hekayəsi "Qarabağ hekayələri" silsiləsinin ikinci nümunəsidir. Silsilənin ilk hekayəsi "Sədaqət" adlanır. (14 May 2025 - il tarixində “Ədəbiyyat və incəsənət” portalında dərc edilib.)
Hekayəni dəyərləndirməyiniz üçün diqqətinizə təqdim edirəm.
Hörmətlə, Pərvanə Əliqızı
Pərvanə Əliqızı
Daşlar ayağını əzər maralım...
Ayağını suya toxunduranda tükləri ürpəndi.
Gözlərini yumub irəli addımladı. Üzərini lil tutmuş çay daşları ayağının altında sürüşürdü. Səndələyib yıxılmaqdan qorxdu. Hərdən ayağı Qarabağlıların “çarpanaq” dediyi daşlara dəyib yaralanırdı. Bədənində gəzən soyuq cərəyana ağrı da qoşulurdu. Titrəyən çənəsini özünə tabe edib dişlərini bir-birinə sıxmağa çalışırdı. Ancaq buna nail ola bilmirdi. Hərdən ucadan ufuldayırdı.
Ətrafa göz gəzdirəndə yaxınlıqda öz ailəsindən və qonşularından heç kəsi görmürdü. Onlardan bir saatdan çox idi ayrı düşmüşdü.
Sərhədə çatanda atası adamları toplayıb təlimat vermişdi. Zabit olduğu üçün əhalinin təhlükəsizliyi ona tapşırılmışdı. Adamlara müraciət edib ;
—Buraya qədər itkisiz gəlib çatmışıq. Planlı hərəkət etməliyik ki, bundan sonra da itkimiz olmasın, — demişdi.
O, danışanda səsi titrəyir, dərindən köks ötürüb davam edirdi:
—Yaşlı qadınlar, uşaqlar və xəstələr qoşqulu traktorlarla sərhəddən keçiriləcək. Cavanlar isə yerdə qalanlara kömək edəcəklər.
Hamı bir nəfər kimi razılaşdı . Qardaşları azyaşlı olsalar da, əsgər intizamı ilə əmrə tabe oldular . Sıra ona gələndə atası :
— Sən də artıq nə edəcəyini bilirsən. Uşaq deyilsən, dedi .
Atanın səsi sərt idi. Gözlərində isə nigarançılıq oxunurdu. Evdən çıxanda onu saxlayıb həmişə ova apardığı tüfəngini uzatdı.
—Əgər bizim başımıza bir iş gəlsə, bununla ananı da, özünü də əsir düşməyə qoymayacaqsan,— dedi.
Təəccübdən böyümüş gözlərini atasına zillədi.
Ata başının işarəsi ilə götürməsini əmr etdi .Titrəyən əlləri ilə tüfəngi aldı. O andan çiynində daşıdığı, yükün ağırlığı deyil, aldığı tapşırığın ağırlığı idi . Keçid məntəqəsinə qədər kimsəylə danışmadı.
Bir az aralıda anası şərfinə bürünmüşdü. Əlini ağzına tutub səssiz ağlayırdı . Atası döyüşə gedəndə belə edərdi. Heç vaxt kövrəldiyini ərinə göstərməzdi:
—Sən işinin başında ol! Biz sənin sayəndə möhkəmik , hər şeyə sinə gərərik, — deyərdi.
Özünəxas asta addımlarla qızına yaxınlaşıb saçlarını sığalladı, əlini paltarının üstündə gəzdirdi. Bu geyimi tikdirəndə ürəyincə olmamışdı :
—Yeniyetmə qızsan, sənin yaşıdların ev işləri öyrənir. Sən isə bu kişi geyimlərindən əl çəkirsən, —demişdi.
Sevmədiyi geyimə indi rəğbətlə baxırdı — Övladı onun içində bərkiyirdi.
Təsəlliverici səslə dilləndi :
—Səni tək buraxmazdım, ancaq lənətə gəlmiş bu xəstəlik aman vermir. Bir yandan da hərbi vəziyyət belə tələb edir. Ayağı yer tutanlar sərhədi özləri keçməlidirlər . Biz əmrə tabe olmalıyıq,başqa yolumuz yoxdur.
Anlamışdı ki , necə möhkəm olduğunu ailəsinə göstərməlidir . Həm də komandirin qızı olmaq asan iş deyildi. Yaşıdları ondan nümunə götürməli idilər.
Başını tərpədib, pıçıltıyla;
— İkinizi də başa düşdüm. Sahilə sağ salamat çatmalıyam, —dedi.
Sonra atasını arxayın etməkdən ötəri dönüb,zarafatla dilləndi:
—Komandir, hərbi əmrin icrasına başlayaqmı?
Komandir başını bulayıb;
— Bu vəziyyətimizdə də şeytanlıq etməkdən əl çəkmirsən , —dedi.
Ətrafdakı insanların qayğılı üzünə təbəssüm qondu. Yaşlı bir qadın:
—Allah cavanlarımızı qorusun! Onlara görə belə uzaq yola çıxmışıq. Yoxsa bizə nə var ki, ömrümüzü sürmüşük, —dedi.
—Yaxşı, söhbətimiz bitdi ! Sərhəddin açıq hissələrinə yaxınlaşın! — komandirin amiranə səsi eşidildi.
Atəş səsləri hələ də onları müşayiət edirdi. Bir neçə qolu adlayandan sonra, harasa yaxınlığa düşüb partlayan mərmi yeri silkələdi. Təşvişə düşmüş camaat necə gəldi özlərini suya vurub xilas olmağa çalışdı. Soyuqdan və aclıqdan ağlaşan uşaqlar partlayış səsindən qorxuya düşüb susdular. Başlarını valideynlərinin qucağında gizlədib qorunmağa çalışdılar.
Şəhəri tərk edəndə yolboyu gözləri arxada qalmışdı. Ya düşmənin, ya da atdığı raketin onları haqlayacağından qorxmuşdu. Əllərini yana açıb çayı keçməyə cəhd elədi. Hər qol onu vətənindən bir az daha uzaqlaşdırırdı. Getdikcə taqətdən düşür, gözləri qaralırdı.
Ayağı büdrəyəndə suya yıxılmamaq üçün əl-qol atdı. Qolları və sifəti yaxınlıqdakı kola ilişib cızıldı . Qurumuş budaqlara söykənib nəfəsini dərdi. Yaxşı ki, yıxılmadı. İndi hər şeydən vacib əynindəki paltarı islanmaqdan qorumaq idi. Suya tökülən çör-çöplər yerində fırlanıb axmağa davam edirdi. Ayağının büdrəməsi və sığındığı kol onu burulğana düşməkdən qorumuşdu .
Yadına uşaq vaxtlarında Arazla yarışmağı düşdü... Qatarla kəndə gedirdilər. Sərhəd məftillərinin o üzündə qalan çay sürətlə axır, sanki onu yarışa dəvət edirdi. Əvvəldən özü ilə gətirdiyi kağız gəmiləri suya atır, görək kim daha sürətli gedəcək, deyirdi. Gəmi eynən indi suya düşən budaqlar kimi dövrə vurub üzürdü. Onu görən böyüklər: “ Bax ora təhlükəli yerlərdir, burulğandır”, —deyirdilər . “Təhlükə” sözünü eşidəndə xoşu gəlmirdi.
—O mənim dostumdur. Görmürsünüz, mənimlə necə yarışır,— cavab verirdi.
Hələ bir dəfə çayın başqa adı da olduğunu demişdilər —Həsrət çayı. Bu adın nə olduğunu anlamamışdı.
—Gəl, gəl həsrət çayı mənə çat, —deyib qəhqəhə çəkmişdi.
Deyəsən, zarafatı Araza xoş gəlməmişdi. Qaşlarını çatıb, lillənmişdi. Həmişə bu çayı lap yaxından görməyi, sularında yuyunmağı arzulamışdı. İndi çayın içindəydi . Ancaq sevinə bilmirdi.
Qəmli - qəmli sulara baxıb:” Haqlısan həsrət yaxşı söz deyilmiş”, — dedi. Quruya çıxıb çiskinin islatdığı otların üstünə dəsmalını sərib oturdu. Baldırları bənövşəyi rəngdə idi. Suda qalmaqdan büzüşmüş pəncələrindən qan axırdı.
—Ürəyində kaş isinməyə bir yer olardı,— dedi.
Arxadan gələn səsə tərəf döndü. Atası idi.
—İntizar, niyə oturmusan? —soruşdu.
—Bir az dincimi alıb qalxacağam, —dedi.
Atası yaxınlaşıb, ayağının qanadığını görəndə yumruqlarını düyünlədi. Sifəti yığılıb yumruğu boyda oldu. Gözlərini qızının gözündən qaçırdıb, əynindəki gödəkcəni çıxarıb onun çiyninə atdı.
—Çox vaxt itirmə,— dedi.
Yanındakı qoca qadını kürəyinə alıb addımladı. Arxasınca baxanda ona elə gəldi ki, ayrıldıqları saatlar ərzində atası qocalıb. Gödəkcəyə büründü. Atanın istiliyi paltarına hopmuşdu. Özünü evlərində, ən xoşbəxt günlərində hiss etdi.
Kiçik qız atasının qucağında yuxulayardı.
Ata həzin səslə oxuyardı :
Dolaşma sıldırım, sərt qayalıqda
Daşlar ayağını əzər maralım...
Hər dəfə mahnının bu yerində yuxulu gözlərini açıb, “ maral “sözündən məmnun olduğunu göstərmək üçün inci dişlərini parıldadırdı.
Axşamın sazağı düşürdü. Sahilə yaxınlaşdıqca adamların sıx – sıx toplaşdığını görürdü.
Qardaşları qoltuqlarına az yaşlı uşaqları vurub ona yaxınlaşırdılar. Elə bil yüz il idi, ayrılmışdılar.
—Həyəcanla:” Anam haradadır? Sağ–salamatdırmı? “— soruşdu.
Qorxma, hamı sağdır, böyük qardaşı, dedi.
Artıq suların soyuğundan qorxmurdu. Əzizləri sağ idi. Sərhədə çatanda hava qaralmışdı. Oktyabrın soyuğu ilə çayın küləyi əl-ələ verib, cövlan edirdi. Geriyə döndü. Raketlərin işıqlandırdığı göy üzünə baxdı. Vətəninə leysan yağırdı. Gözü bayaq oturduğu yerə sataşdı. Balaca, xurmayı hörüklü qız, dizlərini qucaqlayıb ona məzlum-məzlum baxırdı. Əynindəki don gəlincik paltarına oxşayırdı . Onu tanıdı... Uşaqlığı idi...Baxışları ilə məni tərk etmə deyirdi. Artıq vidalaşmağın vaxtı çatmışdı.
Ona yadigar verəcək tək bircə dəyərli əşyası vardı —mirvari boyunbağısı. Uşaqlığının yadıgarı... Boyunbağını səssizcə suya atdı. Bilirdi, Araz əmanətini çatdıracaqdı. Çayın qolları bitdiyi yerdə yol başlayırdı. Nəhayətsiz, hara getdiyi bilinməyən yol...
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)


