"Hər nəfs ölümü dadacaqdır" (Ali imran-185) Featured

Heyran Zöhrabova,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

İmam Əli buyurur ki, hər bir evin bir qapısı vardır və axirət evinin qapısı da ölümdür.

Həyatın ən böyük həqiqətlərindən biri, bəlkə də elə yeganə həqiqəti ölümdür.

Hər insan ölümün qaçınılmazlığını bilir və hər insan ölümdən qorxur.

Yaxşı bəs insan ölümdən niyə qorxur?

 

Bir vaxtlar 58 yaşındakı Tolstoyu da eyni sual narahat edirdi.

Və o, ölüm qorxusunu fəlsəfi-psixoloji cəhətdən təhlil edərək " İvan İliçin ölümü" adlı uzun bir hekayə ilə ölüm qoxusunun səbəblərini tapmağa çalışdı və sonda obrazla birlikdə ölümü də öldürdü.

İnsan ömrü boyu cəmiyyətin tələblərinə uyğun olaraq şövqlə çalışıb özünə karyera qurur, ailə qurur, ev qurur, evini ən gözəl şəkildə döşəmək üçün hər bir əşyanı özənlə seçir, amma bu prosesə o qədər fokoslanır ki, sağlamlığının dəyərini, səhətinin qayğısına qalmağı unudur.

Sonra bir sancı ilə başlayan ağrılı xəstəlik, ölüm xofu, bəzən də insanın onun üçün xüsusi yeri olan əşyalara başqalarının necə etinasızlıqla yanaşdığının şahidi olması bütün bu şeyləri insanın gözündə  dəyərsiz edir. Hekayəmizin qəhrəmanı İvan İliç kimi insan fani olduğunu ən çox bu zaman dərk edir, bir gün öləcəyini bilir, amma öldükdən sonra hara gedəcəyini bilməməsi onu qorxuya salır.

Xəstəliyin fiziki əzabı ilə yanaşı ruhun mənəvi əzabı da başlayır.

İvan İliç xəstəliyi dövründə bəzən ümidlənib sağalacağına inanır, bəzən də ağrıları yenidən ona ümidlərinin boş olduğunu onsuz da öləcəyini xatırladır. 

Bu dövrdə hətta ailə üzvlərinin sağlamlığı, öz həyatlarına heçnə olmamış kimi davam etmələri də onu çox qıcıqlandırır.

Amma bütün bunların fonunda İvan İliçə ən çox çətin gələn şey həyatını yanlış yaşadığını özünə etiraf etmək olur.

Bəli, Tolstoyun hekayədə gəldiyi qənaət də elə məhz budur.

İnsan ölümdən qorxur, çünki son günlərində dərk edir ki, sən demə bütün ömrünü, şüurlu həyatını yanlış yaşayıbmış.

Və nəhayət bir gün İvan İliç adət etdiyi ölüm qorxusunu tapa bilmədi.

Onun üçün bir anda, ətrafdakılar üçün isə 2 saat ərzində baş verən prosesin sonunda başının üstündəkilərdən kimsə 

- Vəssalam, qurtardı! - dedi.

- O bu sözü eşidib içində təkrarladı: " Qurtardı ölüm... O daha yoxdur..."

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.