Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər gün eyni vaxtda küçəyə çıxıb avtobus gözləyirdim. Çox zaman eyni avtobusla dərsə gedirdim. Onun gəldiyini görəndə artıq əl etməyimə ehtiyac yox idi; məni tanıyırdı. Bu gün də eyni şəkildə avtobusu saxladı. Salamlaşıb oturmaq üçün boş yerin olub-olmadığına baxdım. Avtobus demək olar ki, dolu idi. Ən arxalarda bir boş yer gözümə dəydi. Yavaş-yavaş həmin yerə doğru addımladım. Boş yer olduğuna çox sevinmişdim. Hər səhər yuxulu-yuxulu dərsə gedən biri üçün bundan xoşbəxt nəsə ola bilməzdi.
Yerimi rahatlayıb ətrafa göz gəzdirdim. Oturduğu yerdə dərin yuxuya dalan kim, avtobusun aynasına söykənib uzaqlara dalan kim, əlində telefon, qulağında qulaqcıqla heç nə ilə maraqlanmayan kim… Hər kəs öz düşüncəsinə çəkilmişdi. Mən isə arxada oturub sadəcə onları izləyirdim. İçəridə qəribə bir səssizlik var idi. Bəlkə də mənim üçün yad idi; çünki mən də hər gün onlardan biri idim. Bir gün aynadan çölü izləyən, bir gün oturduğu yerdə yuxuya dalan, bir gün isə əlində telefon, qulağında qulaqcıqla öz dünyasına qapanan… Bu gün isə heç nə etmədən onları izləyirdim. Və onların həyatını düşünməyə başladım. İçəridəkilərin baxışı, duruşu, hərəkətləri əslində onlar haqqında çox şey deyirdi. Bəlkə də bunu hər kəs görürdü, ancaq kimsə müşahidə etmirdi. Mən isə bu səhər çox şeyin şahidi oldum. Onların hər biri öz içində bir dünya daşıyırdı. Hər kəsin bir hekayəsi var.
O gün anladım ki, bu avtobus bizi sadəcə bir yerdən digər yerə aparmır; o, eyni zamanda hər kəsi öz hekayəsi ilə bir yerdə daşıyır. Və mən bu gün bu hekayələrin səssiz şahidi oldum. Heç kim danışmırdı, amma baxışlarında başqa bir dünya vardı. Onu görmək üçün bəzən sadəcə ən arxada oturmaq kifayətdir.
Bu günün hekayəsi avtobusun ən axırıncı dayanacağa çatması ilə sona çatdı. Ən sonda çantamı çiynimə alıb səssizcə avtobusdan düşdüm. Arxamı dönüb baxanda avtobusa yeni insanlar mindiyini gördüm. Anladım ki, avtobusda hekayələr heç vaxt bitmir — sadəcə şəkil dəyişdirir və hər dəfə yenidən başlayır.
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)


