Etiraf Featured

 

 Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bir zamanlar ələ-ovuca sığacaq qədər kiçik idim. Dünya mənim üçün hələ adını bilmədiyim rəngarəng beşikdən ibarət idi. Mən ağlayır, gülür, əylənir və bu hərəkətlərimlə hər kəsin çöhrəsində təbəssüm yaradırdım. Fəqət bütün bu yaşananların arasında bir şeyin fərqində deyildim: kimin ovuclarında olduğumun, kimin məni qoruduğunun, kimin mənə bir nəfəs qədər yaxın olduğunun.

 

O zamanlar həyat mənə yalnızca səslər, rənglər, işıqlar və isti bir nəfəsdən ibarət idi. Gözlərimi yumub ağladığım zaman məni nəvazişlə sakitləşdirən bir səs eşidirdim. O səsin içində həlimlik, zəriflik və qəribə bir istilik var idi. Sanki qaranlıqda yanan bir çıraq kimi içimi işıqlandırır, məni bütün qorxulardan və təklikdən alıb öz ağuşuna sarırdı. Ən qəribəsi isə o idi ki, mən o səsi tanımırdım, amma o səs məni tanıyırdı. Mən illərcə o səsin axtarışına düşdüm...

Gecələr yuxumda divlər, xuxanlar görüb dik atılıb qeyri ixtiyari ağlamaq istəyəndə iki isti əl məni sakitcə ovuclarına alaraq sinəsinə sıxıb bərk-bərk qucaqlayırdı. O an mənə elə gəlirdi ki, bütün dünya elə həmin o iki ovucun içindədir. O ovuclarda heç kəsin təmin edə bilmədiyi bir güvən var idi. Ağlayanda o ovuclarda sakitləşir, üşüyəndə o ovuclarda isinir, qorxanda o ovuclarda gizlənirdim. O ovuclarda dünyanın ən güclü adamı hiss edirdim özümü.

Yuxusuz gecələr, sevincli günüzləri əvəzləyərkən mən zərrə-zərrə böyüyürdüm. Addımlayır, söz deyir, yıxılır, durur və həyatı bütün çılpaqlığı ilə tanımağa başlayırdım. Lakin hələ də bilmirdim ki, bütün bu nailiyyətlərin arxasında kim dayanır. Hər dəfə yıxılanda məni qaldıran, qorxanda sakitləşdirən, qarnımı doyuran, üstümü örtən, xəstələnəndə səhərədək başımda dayanıb gözünü belə qırpmayan, hər səhvmidə məni bağışlayan kim idi görəsən. Kim idi əlimi oda uzadanda əlini oda qurban verən? Kim idi gözümü yummayınca yuxuya getməyən? Kim idi hər gözümü açanda və yumanda mənə gülümsəyən?

İllər keçdi, aylar dolandı böyüdükcə həyat əsil simasını göstərməyə başladı mənə. Çətinlikləri gördükcə necə aşılmaz böyük sədlərlə qarşılaşdığımı dərk etməyə başladım. Mən böyüdükcə çətinliklərdə mənlə bərabər böyüdü. Bu hamar, kələ-kötür yolarda çox büdrədim. Bəzən yoruldum, bəzən incindim, bəzən küsdüm. Lakin hər dəfə qaranlıq quyuya düşəndə başımın üstündə bir nur şəfqətli və zərif əllərini mənə uzatdı. O nur heç zaman sönmədi. Mən nə qədər uzaqlaşsam da o işıq məni yenə də tapırdı. Günüzlər yol gedəndə uğurlu yolum, gecələr evə qayıdanda ay-ulduzlu çıraqbanım olurdu.

Mən ömrüm boyumca o nəfəsin hərarəti ilə yuxuya gedib oyanmışam. Sanki hər dəfə təkra-təkrar deyirdi “Qorxma, mən burdayam”! Uğurlarıma ondan çox sevinən kimsə olmadı. Sevincim onun sevinci, kədərim onun kədəri idi. Bəzi şeyləri çox gec anladım. Çox gec başa düşdüm ki, uşaqlıqda məni qoruyan o əllərin qırışları mən böyüdükcə artır, yumşaq və zərif ovucları cadar-cadar olurdu. Mən sevinclə, həvəslə böyüməyə can atdığım hər an fərqində belə deyildim ki, o öz ömrünü mənə qurban verir.  Mən yolumu tapmaöa çalışdıqca o arxamca səssizcə dua edirdi.

Həyatıma sevgi ilə və yaxud sevgisiz daxil olan hər kəslə yollarım bir gün mütləq ayrılırdı. Sənsiz yaşamaram deyən hər kəs, mənsiz çox gözəl yaşayırdı. İşıq kimi gördüyüm o adamlar həyatımdan getdikdən sonra işıqları da özləri ilə bərabər sönürdü. Fəqət bir işıq var idi ki, o heç sönmədi. Deyəsən mən doğulandan ölənədək mənə şahidlik edəcəkdi. 

Mən o işığın nə olduğunu çox gec anladım. Uşaqlıdan məni ovucunda saxlayan, əzizləyən, sevgiylə bağrına basan, qaranlıqdan qoruyan, mənə sevgini öyrədən, mənə işığın nə olduğunu göstərən o idi. O idi mənə işıq olan, nur olan. Təəssüf ki, çox gec anladım o insanın kim olduğunu. Elə düşünürdüm ki, o həmişə var olacaq. Çünki insan uşaqlıqdan öyrəşdiyi sevgini itirəcəyinə inanmaq istəmir.

Bir gün həyat mənə ən ağır dərsi verdi. Evimiz bir daha əvvəlki kimi isinmədi. Divarlarımız əvvəlki kimi yumşalmadı. O nur xəfifcə sönməyə başladı. O nəvazişli səs xəyali oldu, o nəfəs yuxu oldu. O isti qucaq məni bir də heç zaman bağrına basmadı. İnanıram ki, uzaqlarda olsa da yenə mənə dua edir, yenə məni qarşılıq gözləmədən sevir, xidmət edir.

O təkcə bir insan deyildi, Mənə görə ilk liman, ilk sığınacaq idi. İlk müəllim idi. İlk tərbiyəçi idi. Qəbul olan bütün dualarımın səbəbi idi. O məni qoruyan, qarşılıq gözləmədən sevən fədakar biri idi. O mənə sevgini öyrədən idi. O…Ana  idi. O…Mənim Anam idi. Məkanın Cənnət olsunəziz anam.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.