Azərbaycan Ədəbiyyat Fondu Bakı məktəblisini sevindirdi Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr Şöbəsi

  

Bir neçə ildir ki, “Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondu Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihə həyata keçirir. Layihənin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Növbəti buraxılışlardan birində layihənin iştirakçısı 287 nömrəli Zəkalar liseyinin şagirdi Natəvan Hacalıyeva olub.

 

Natəvanın nailiyyətləri diqqətçəkən, yazdığı esse isə original və düşündürücü olduğundan, Azərbaycan Ədəbiyyat Fondu məktəblini stimullaşdırmaq qərarına gəlib. Belə ki, Natəvana Fond öz məhsulu olan 3 kitabı hədiyyə etmək qərarına gəlib:

1.”Azərbaycan ədəbiyyatı antologiyası” – Azərbaycan Ədəbiyyat Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq ərsəyə gətirilən kitabda 50 ən tanınmış çağdaş şair və yazıçımızın özlərinin seçdikləri ən yaxşı əsərləri toplanmışdır.

2.Anar, “2=3+4” - Xalq yazıçısı Anarın Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında dərc edilmiş yeni kitabında Səməd Vurğun və Rəsul Rza ailələrindən çıxmış 3 Xalq yazıçısı və 4 Xalq şairi barədə məlumatlar, onların yaradıcılıq nümunələri yer almışdır.

3.Varis, “İrəvanda xan(l) qalmadı” - Yazıçı Varisin Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında dərc edilmiş, Dövlət sifarişi ilə yazılmış bu romanı 1827-ci ildə 167 gün İrəvan qalasının Çar Rusyası tərəfindən mühasirəsinə, həmyerlilərimizin qəhrəmancasına şər imperiyasının qarşısında duruş gətirmələrinə həsr edilibdir, Qərbi Azərbaycanın gerçək tarixini özündə əks etdirir.

 

 

Yəqin ki, Natəvanın şəxsiyyəti və essesi sizdə maraq doğurubdur. Odur ki, təqdim edirəm:

 

ŞAGİRD:

Mən, Hacalıyeva Natəvan Elnur qızı 09.08.2009-cu ildə Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimi “Dəniz” uşaq bağçasında almışam. Orta təhsilimə 2015-ci ildə 287 nömrəli Zəkalar liseyində başlamışam. Hal-hazırda həmin liseyin 11-ci sinfində təhsilimi davam etdirirəm.

Təhsil aldığım illərdə həm məktəbdaxili, həm də özəl müəssisələrin bilik yarışları və sınaq imtahanlarında iştirak edib bir çox fəxri fərman və təltifnamələrə layiq görülmüşəm.

İbtidai sinifdə “Qiraətçi” nişanına layiq görülmüşəm.

RFO-da riyaziyyat fənni üzrə dəfələrlə yarımfinal mərhələsinə qədər yüksəlmişəm. 2022- Beynəlxalq SASMO olimpiadasında diplom əldə etmişəm.

2023- Yazıçılığa olan marağımdan BŞTİ tərəfindən keçirilən “Düşünən şagird” hekayə müsabiqəsində iştirak etmiş və birinci yerin qalibi olmuşam. Bu nailiyyətimi diqqətə alıb gənc yazıçı olaraq məni Yazıçılar Birliyindəki mötəbər tədbirə dəvət ediblər.

2024-cü ildə doqquz illik orta təhsilimi qırmızı attestatla tamamlamışam.

2024-2025-ci illər üzrə keçirilən beynəlxalq “Economics olimpiad” yarışmasında sertifikat qazanmışam.

EDU təhsil şirkətinin H.Əliyevin 100 illiyi (2023) və Anım Günü (2025) münasibətilə keçirdiyi intellektual yarışlarda komandam ilə iki dəfə qalib olmuşam.

Çoxşaxəli mütaliə etməyi çox sevirəm. İqtisadi, siyasi mövzulara xüsusi maraq göstərirəm, intellektual yönümlü inkişafıma önəm verirəm. Yaxın gələcəkdə ilk kitabımı çap etmək niyyətindəyəm.

İkinci qrup üzrə hazırlaşıram. Gələcəsinə maaliyyə və ticarət sahəsi üzrə mütəxəssis olmağı arzu edirəm.

 

ESSE:

Sən hələ məni oxumamısan.         

Sahib olduğumuz hər bir əşya dəyər görməyə layiqdir. Xüsusilə də, kitablar. Çünki onlar insan düşüncəsini, təcrübəsini və ümidini öz səhifələrində daşıyan səssiz bilik xəzinəsidir. Bəs nə üçün dövrümüzdə bizə müsbət mənada bir çox şeyin yolunu göstərən kitabları rəflərində tozlanmağa tərk edirik? Əslində, cavab çox sadədir. Çünki insanlar çox vaxt asan əldə olunan məlumatları daha üstün tuturlar. Düşündürərək öyrədən kitabların hikmətinə dəyər vermirlər. Bu isə bizim gələcəyimiz üçün çox məyusedici bir vəziyyətdir. Çünki bu, insanı asana alışdırır. İnformasiyanın sadəcə bir hissəsi ilə kifayətlənməyi normallaşdırır. Və ən əsası, bizə kitabların bəxş etdiyi o çoxşaxəli bilikləri, fikirləri əlimizdən alır.

Kitabların ikinci plana keçməsinin əsas sabəbkarları, təəssüflər olsun ki, dövrümüzdə demək olar, bütün sahələri ələ keçirən internet, süni intellekt kimi yeni icadlardır. İnsanlar sanki kitablarla artıq təqaüdə çıxma vaxtı gəlibmiş kimi davranırlar. Onları işlərindən azad etməyə can atırlar. Amma kitablar buna layiq olmadıqlarını düşünür. Məyus olsalar da, onlar qışqırmır, şikayət etmir, sadəcə rəflərdə tozlanaraq susurlar. Elə bu susqunluq da onların ən güclü etirazıdır. Çünki açılmayan hər səhifə oxunmamış bir düşüncə, yarımçıq qalmış bir təcrübə deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.