Aynur İsmayılova. Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
“Bəzən gerçək olan görünən deyil, görünməyəndir.”
Daha dərinlərdə bir yerdə qəlbin titrədiyini hiss edərsən. Sənə görünəndən daha yaxın, daha doğma olan kövrək bir duyğu var. Bəlkə də sən onu heç vaxt görməmisən, amma ruhun onu tanıyır...
Çünki insan çox zaman gördüklərinə inanar və həyatını, düşüncələrini ona uyğun inşa edər. Amma həqiqət bəzən görünməyən qatlarda yaşayır. Bəzən həmin duyğu o qədər yadlaşır ki, onu tapmaq imkansız olur. Bəzən isə sadəcə səssizliyə çəkilib onu dinləmək, hiss etmək yetər ki, bütün gerçəklər ortaya çıxsın.
Sanma, aldanırsan. Sanma, hiss etdiklərin gördüklərinə üstün gəlməyə çalışır. Sadəcə bir an, bir gün olsa, dünyaya gözlərini bağla. Və özünə dönüb ruhunu, duyğularını hiss et. Özünə şans ver. Hiss et, dinlə, tanı ruhunu.
Sual verməkdən qorxma. Önəmli olan cavab tapmaq deyil; bəzən insanı dəyişdirən cavab yox, verdiyi sualdır. Bir gün anlayacaqsan ki, gerçək olan sadəcə sən və sənin inandığın həqiqətlərdir. Qalanı sadəcə illuziyadır.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


