Aygün Bayramova,
“Ədəbiyyat və İncəsənət” portalının incəsənət şöbəsi
Mən zamanam. Hər tərpənişimdə onun ürək döyüntülərini daşıyıram. Hər saniyəmdə bir nəfəs, bir həyat var. Və mən şəhidin yaşamla mübarizə apardığı anın şahidiyəm. Mən tale ilə bağlı ömür sürürəm. Onun hər nəfəsi mənim yaddaşımda yüklənib. Mən həm də onunla birgə taleylə vuruşan müşahidəçiyəm. İndi özüm də bilmirəm, bizi nə gözləyir.
Ömürlük şahidlikmi?
Yoxsa əbədi sükutmu?
Əslində nəzərə alınsa ki, mən də əbədi deyiləm, çünki insan yaratdığı heç nəyin ömrü uzun olmur. Təkcə dünya yaranandan insan yaradan müharibələr əbədiləşdi. Deyəsən, heç dayanan da deyil. İnsan neylədi? İnsanı yaşatmaq üçün silah yaratdı. İnsan həm də insanı məhv etmək üçün silah yaratdı. Bir tərəfdən özünü qoruyanda digərini öldürdü. Öldürdüyünə düşmən dedi. Mən bütün bunları görmüşəm. Məndən güclü şahid yoxdur…
İndi mənim sahibim öləcək. Ona qarşı açılan kinli, nifrətli güllənin uzun yol gəlişini hesablayıram. Hədəf ürəkdir. Birdəfənlik sükut üçün mükəmməl düşünülmüş addımdır. Və budur, o, öz istəyinə nail olur. Düşmənin dili ilə desək, qurban öldürüldü! Mən məni daşıyan bu canla yerə yıxılıram. Çox güclü çöküşdür. Deyəsən, zərbədən mən də ölürəm. Əqrəblərim məni sillələyir, özümə gətirməyə cəhd edir. Hələ ki, dözürəm… dözürəm… dözü..r..ə..m…
Yavaş-yavaş kilidlənmiş qollarımı kimsə açır. Bunu hiss edirəm. Üzümü, gözümü sirkələyirlər. Dil açıb deyə bilmirəm ki, məni rahat buraxın! Anlayıram ki, rahat buraxsalar, əbədiyyətə qovuşacağam. Oyanıram, yenidən həyata zorla qaytarıldığımın şahidi oluram. Mən şahid olduğumu bir daha xatırlayıram. İndi hər şey aydındır. Bir yiyəsiz çarpayının baş ucunda qoyulan xatirəyə dönmüşəm. İndi ölmək istəmirəm. Çünki əvvəlkindən daha çox gərəyəm bəlkə də. İndi ümid yerinə dönmüşəm. Məndə onun nəfəsi, qoxusu, bütün zamanları var.
İndi hər şey yaxşı yadımdadır. Mən yaddaşın özüyəm, həm də qəhrəmanlıqla dolu anların xatirəsi. Artıq sadəcə qol saatı deyiləm. Mən onun qəhrəmanlığının yaddaşıyam. Mən zamanam, amma eyni zamanda xatirəyəm — əbədi və heç vaxt unudulmayacaq xatirə.
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


