Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatda hər obrazın qasırğa olduğunu deməkdə haqlıyıq... Feysbukda #yazmaqeşqdir, #oxumaqvəfadır həştəqləriylə paylaşdıqlarımı toplasam, elə bu adda bir kitab olar. Hərçənd, müasir Azərbaycanda naşir, nəşriyyat problemi yaşayan yazıçıyam, yenə də, general olmağı arzulamayan əsgərə inanılmadığı kimi, kitabının nəşr edilməyini arzulamayan yazıçı da mənimçün qeyri-səmimidir.
Oxumağı vəfa sayanlardandır həmsöhbətim. Şəfiqə Şirəliyeva Bakı Slavyan Universitetinin tələbəsidir. Bu dəfə onunla romantik ədəbiyyatın şah obrazlarından saydığım Emmadan danışdıq. Biləndə ki, Şəfiqə də Emmanı sevir, çox sevindim... Ceyn Eyrin kölgəsində qalmış Emma... Mükəmməl işlənmiş obraz... Əsl qadın obrazı...
Ceyn Austen “Emma”nı yazanda nə düşünüb, yazı masasının baxdığı aynalardan eşikdə hansı kəpənək uçub, soyuyan çayı hansı fincanda olub, bunlarla maraqlanmağa ayaq yeri qoymur Emma. 1815-ci ildə nəşr olunan kitabın ilk oxucusunun kim olmağı mənimçün daha maraqlıdır. Və həmin oxucunun Emmanı mənim baxdığım yerdən görüb-görməməyi...
Bəlkə də, elə bu maraq idi Emmanı sevən başqa bir oxucunu söylətməyimin səbəbi. Emma Vudhaus kimi bir obrazı yaratmaq yerinə, kiminsə romanında, lap elə hekayəsində olsun, həmin obrazın özü olmaq necə möhtəşəm olardı!
***
-Emma obrazını anlamaq çətindirmi?
-Düşünürəm ki, Emma anlaşılması çətin obraz deyil, tam əksinə, onun daxili inkişafı realdır. Əsərin əvvəlində Emma təcrübəsiz, bir az da özündən razı kimi tanıdılır bizə. Lakin əsərdə zaman irəlilədikcə, biz onun öz səhvlərindən nəticələr çıxardaraq “böyüdüyünü” görürük.
-Bəlkə də, onun “böyüməyi” Ceyn bacının arzusu idi...
-Məncə, bu əsərdə müəlliflə obraz arasında arzudan çox inam hiss olunur. Bir gənc qadının özünütanıma prosesinin haradan başlayıb-haradan bitdiyini kimsə deyə bilməz. Amma bu prosesin qısamüddətli hissəsinə belə, şahidlik etmək, fikrimcə, bütün qadınlara lazımdır. Xüsusilə, gəncliyin yaşıl çəmənində hansı gülü ən çox sevdiyinə dair qəti qərar verə bilməyənlərçün Emma işıq gələn tərəf ola bilər. Emmanı tanıdıqca, öz səhvlərimizi xatırlayırıq... Əlbəttə, bu xatırlama kifayət edir ki, deyək: “Emma, səni elə gözəl anlayıram...”
-Harriet Smitə öz fikrincə etdiyi yaxşılıqlarla Emma kimə nəyi sübut etmək istəyirdi?
-Emmanın sübut etməyə çalışdığı sosial baxımdan ətrafdakılardan üstünlüyü, bir də, insanlar haqqında yetərincə məlumatlılığı idi. Və biz əsər boyunca görürük ki, onun bu cəhdləri boşuna imiş... Hayberidə hamı Emma Vudhausun sosial üstünlüyünü qəbul edir, ona ehtiram göstərir, hətta sevirlər. Harrieti Robert Martinə layiq görməməsi Emmanın həyat və insanlar haqqındakı təcrübəsizliyinin göstəricisidir. Müəllif bunu hadisələrin və Harrietlə Emmanın söhbətlərinin fonunda elə gözəl anladır ki! Yəni insan taleyi üzərində eksperiment aparmaq olmaz...
-Ümid vermək günahdır, yoxsa ümidi qırmaq?
-Düşünürəm ki, hər iki hal da pisdir. Hər nə qədər Nitsşe ümidi işgəncə sayırdısa da, ümidin insanların “yaşamağa dəyər” tutanağı olduğunu bilirik. Ümid öləndə ruh da ölür... Ruhunda dirilik olmayan insan isə, artıq yoxdur. Ümid işıqdır.
-Emmanın Harrietin ruhunda yandırdığı işıqları tale bir-bir söndürdü.
-Burda yenə Ceyn Austen möhtəşəmliyini dilə gətirməliyik. Hərçənd, deyirlər ki, ədəbiyyatın cinsi yoxdur, amma bəzən mükəmməl qadın obrazları üçün mütəşəkkir olduqlarımızın elə qadın yazarlar olduğunu da görürük. Harriet obrazının hər şeyə razı təbiətinə onun doğulması və böyüməsinin təsirini Austen oxuculara ustalıqla, elə obrazın öz diliylə anladır. Bir daha görürük ki, o dövrün İngiltərəsində sosial statuslar taleyin palitrasında da öz sözünü deyir.
-Sosial statuslar həmişə olub, var və olacaq. Olmasa, dünya elə mifologiyadakı kimi, ya kiminsə çiyinlərində, ya da kiminsə sehrli güzgüsünün içində olardı... Bəlkə də, Emma həmdövrümüz olsaydı, o qız olmazdı.
-Ailə mühitindən kənarda heç nə görməyən bir qızdır Emma Vudhaus. Müasirimiz olsaydı, təhsil alardı, özünə karyera qurardı, həyata yalnız evlilikdən ibarətmiş kimi yanaşmazdı. Daxili baxımdan isə, fikrimcə, elə eyni qalardı; hamıya yol göstərməyə çalışan, hamı üçün ən yaxşısını arzulayan, öz sevgisinin və sevildiyinin fərqində olmayan Emma.
-Amma Frenk Çörçill var...
-Həm də, yoxdur. Emma üçün Frenk yenə sosial status baxımından ona uyğun olan adam idi, vəssalam! Daxilən isə o, heç vaxt Frenki öz duyğu aləminin mərkəzində tapmadı.
-Axtardı...
-Yenə qadın psixologiyası və yenə qadının sevilmək istəyi... Məncə, bu, instinktivdir. İnstinktivlik özünütənqidlə aşılmalıdır. Ceyn Austen bizə bunu əsərin sonlarına yaxın deyir.
-Razıyam. Müəllif bu romanda öznütənqidin fərqli formalarını verir. Sizcə, müasir qızlar bu özünütənqidin hansı formasına möhtacdır?
-Vacib olan forma başqaları ilə müqayisə etmədən özünü analiz etməkdir. Çağdaşlarımız özlərini daim başqaları ilə ölçürlər. Fizikən də, ruhən də yaralanır insan başqasından geri qaldığını görəndə. Bir gənc, bir tələbə kimi həmişə özümdən soruşuram: “Dünənki Şəfiqədən nə öyrəndim?” Bu sualın cavabını özümüz tapdığımız kimi, hesabatımızı da özümüzə verməli, qərarlarımızın məsuliyyətini dərk etməliyik.
-Emmanı sevməmək olarmı?
-Emmanın Harrietin həyatında yandırıb-söndürdüyü ümidlər, Naytlinin öyüdlərinə və iradlarına etinasız yanaşması oxucuya çox da xoş gəlməyə bilər. Bununla belə, ilk oxunuşdan anlayırıq ki, o, qərəzsiz, səmimi və hər şeydə ədalət axtarandır. Təbii, burada onu da nəzərə almalıyıq ki, hər kəsin ədalət ölçüsü də fərqlidir, o ölçüyə uymaq metodları da... Emma insan kimi mükəmməl deyil. Ki, heç bir insana “o, mükəmməldir!” deyə bilmərik. Amma sizin də dediyiniz kimi, Emma mükəmməl ədəbi obrazdır! Ceyn Austen Emmanı sevib-sevməməyi belə, oxucunun öhdəliyinə buraxır. Bu, onun yazıçı manevridir. Və Emma bu gün hələ də sevilirsə, demək, uğurlu manevrdir.
-Təşəkkürlər, Şəfiqə! Ədəbiyyatın Ceyn Austen fəslində görüşdük bu dəfə də... Yolumuz bir də hansı ədəbi fəsildə, hansı obrazın ruh dənizində kəsişəcək, bilmirəm.
-Siz sağ olun! O fəsildə, o dənizdə yenidən görüşənədək!
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


