Talış dilində gözəl şeirlərin müəllifi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Xanəlinin şairlik istedadı daha çox talış dilində yazdığı şeirlərində parlayır, şairin ilham pərisi doğma ana dilində daha çox cilvələnir" Filoloq Əğərizo Allahverdi Bayramın Xanəli Tolış barədə dediyi bu sözlərdən səmt götürərək bu gün 86 yaşını qeyd edən qocaman şair barədə yazıya başlayır və onu redaksiyamız adından təbrik edirik.

 

Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olub. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirib. 1959–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub. 1969-cu ildə oranı bitirib. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləyib.

1961-ci ilin sentyabr ayından Qızılavar kənd 8-illik məktəbində pioner baş dəstə rəhbəri, 1962-ci ildən 1977-ci ilə kimi həmin məktəbdə tarix müəllimi və eyni zamanda partiya təşkilatı katibi işləyib. 1962-ci ilin noyabr 1965-ci ilin sentyabr tarixlərində hərbi xidmətdə olub. 1977–1978-ci tədris ilindən 2002–2003-cü tədris ilinə kimi Masallı rayonu Elşən Heybətov adına Dəlləkoba kənd 8 illik məktəbinin direktoru işləyib.

Bədii yaradıcılığı məktəb illərində başlayıb. İlk şeiri 1958-ci ildə Masallı rayonunda çıxan "Yeni Həyat" qəzetində cap olunub. Şeir yazmağa yeni başlayan Xanəli Ağayevin bir şair kimi inkişaf etməsində müxtəlif illərdə fəaliyyətlərində iştirak etdiyi ədəbi birliklərin böyük təsiri olub. İlk dəfə 1958–1960-cı illərdə "Yeni həyat" qəzeti nəzdində Əyyüb Xankişiyevin başçılığı ilə açılan ədəbi birlikdə iştirak edib

Burada o, rayona qonaq gələn şair Bəxtiyar Vahabzadə və Məmməd Araz ilə tanış olub, onlarla şeir, sənət haqqında söhbətlər edib. Bölgə ədəbi birliklərinin Lənkəranda çıxan "Leninçi" qəzeti nəzdində fəaliyyətdə də müntəzəm iştirak edib. Ədəbi birliyin fəalları arasında Xanəli ilə bərabər daha sonra Azərbaycanın tanınan şairləri olan Şəkər Aslan, Vaqif Hüseynov, İltifat Saleh də vardı.

Bakı Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil aldığı müddətdə Bakıya hər dəfə smestr imtahanlarına gedərkən Sabir adına kitabxananın nəzdində fəaliyyət göstərən ədəbi birliyin yığıncaqlarında iştirak edib. Onun buradakı dostları isə sonralar tanınan şairlər Kəmalə Ağayeva, Kələntər Kələntərli, Əhəd Muxtar olub. 1962-ci ildə Mirzə Ələkbər Sabirin anadan olmasınən 100 illiyi respublikada geniş qeyd olunub.

Sabir yaradıcılığının vurğunu olan Xanəinin, Sabirin "Uşaq və buz" şeirindən təsirlənərək yazdığı "Dərsə gedən bir uşaq" adlı poeması "Azərbaycan pioneri" qəzetində çap olunub. Bu poeması ədəbiyyatçılar tərəfindən rəqabətlə qarşılanıb. Bu illərdən sonra Xanəlinin şeirləri müxtəlif qəzet və jurnallarda çap olunmaya başlayıb

İndiyə kimi Xanəli Tolışın şeirləri əsasən Masallıda çıxan "Yeni Həyat" ("Çağırış"), Lənkaranda çıxan "Leninçi" ("Lənkaran"), Astarada çıxan "Sovet Astarası", Lerikdə çıxan "Lerik", Cəilabadda çıxan "Sözun işığı", Bakıda çıxan "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ordusu", Moskvada çıxan "Talışskiy vestnik", Sankt Peterburqda çıxan "Tolı.", Rəstdə (Iran) çıxan "Kadeh" jurnalının "Vıje-ye Tale."(Talış bülleteni) adlı əlavəsində, Bakıda çıxan "Göyərçin", Lənkəranda çıxan "Səfəq" jurnallarında çap olunub.

Ayrıca "Tolişə zıvon" 1996/"Əlifba" 1996/"Talış dilinin tədrisinə dair" 1991 /"Tolışi ərməgon" 1993/"Min bir mahnı" 1991/"Svobodnaya Yevropa" 2002 və s./ kimi dərslik və almanaxlarda da Xanəli Tolışın şeirləri yer verilib. Xanəli Tolış şeirləri əsasən üç dildə yazıb və bu gün də yazmağa davam etməkdədir: Azərbaycan dili, Rus dili və Talış dillərində. Azərbaycan dili Xanəlinin əlinə qələm alıb yazmağa öyrəndiyi və ilk şeirləri yazdığı dildir.

Yaradıcılığının əsasən bu dildə yazdığı şeirlər təşkil edir. Rus dilindəki şeirləri əsasən hərbi xidmətdə olduğu illədə yazmışdır. Yaradıcılığının az bir hissəsini əhatə edir. Talış dili isə Xanəli Tolışın yaradıcılığının ruhunu təşkil edir. Filoloq Əğərizo Allahverdi Bayraminin ifadə etdiyi kimi:

"Xanəlinin şairlik istedadı daha çox talış dilində yazdığı şeirlərində parlayır, şairin ilham pərisi doğma ana dilində daha çox cilvələnir"

Xanəli Tolışın Talış dilində yazdığı şeirləri üçün filologiya elmləri namizədi Novruzəli Məmmədov bunları yazır:

 "Uşaqlıqda anasından talışca eşitdiyi nağılların, şeirlərin onun gələcəkdə doğma talış dilində şeirlər yazmasında böyük təsiri olub. Talış dilində ilk şeirini əsgərlikdən anasına yazıb. Sair Tofiq İlhamın talışca mahnıları şifahi yayılandan sonra Xanəli Tolış öz şeirlərini üzə çıxarmağa başlayıb"

Xanəli Tolışın indiyə kimi 9 kitabı çap olunub.

 

Kitabları:

- Qaranquş yuvası (Şeirlər — Azərbaycan türkcəsində)

- Vənəşə (Şeeron — Talış dilində)

- Şinə çay (Şeeron, bəhri-təvilon, mahnion — Talış dilində)

- Kərbəla karivanaı (Mərsiyələr, minacatlar və dini şeirlər — Azərbaycan türkcəsində)

- Bagışla (Şeirlər və poemalar — Azərbaycan türkcəsində),

- Ox, Vətən, Vətən (Şeeron — Talış dilində)

- Dünya, mənə halal eylə (Şeirlər — Azərbaycan türkcəsində)

- Qəm karvanı (Mərsiyələr, dini şeirlər — Azərbaycan türkcəsində)

- Bir ovuc su (Şeirlər — Azərbaycan türkcəsində)

 

Xanəli Tolışın yaradılığına yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyi 28 mart 2003-cü ildə hörmətli şairi birliyin üzvlüyünə qəbul edib. Xanəli Tolış bu gün də yaradcılığına davam edir. Masallı rayonunda fəaliyyət göstərən "Göy gurşağı" ədəbi məclisinin sədridir. Xalq arasında olur, bölgə şairlərinin yübileylərində iştirak edir, yaradcılığında dövrümüzün ictimai, siyasi, ədəbi ruhunu yaşatmağa çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.