Nərgiz Mustafayeva, Gəncə. “Ədəbiyyat və incəsənət”
Boz ayın gəlişi hər şeydən əvvəl yaradılışın ilk ünsürü olan suyun oyanışı ilə başlayır. “Əzəl Çərşənbə” və ya “Gözəl Çərşənbə” adlandırılan Su Çərşənbəsi, Azərbaycan türklərinin məişətində sadəcə bir təqvim günü deyil, ruhun və yaşayış sahəsinin təmizlənmə ritualıdır.
Xalq qış fəslini “ölüm” və ya “yuxu” kimi qəbul edirdi. Su Çərşənbəsində suların oyanması, əslində torpağa dirilik suyunun verilməsidir. İnanca görə dirilik suyundan içən kəs ölümsüzlük qazanır. Bu inanc, təbiətin hər il yenidən canlanması (ölümsüzlüyü) ilə paralellik təşkil edir.
Folklorumuzda “Dirilik suyu” ölümsüzlük rəmzidir. Nağıllarımızda bu su bəzən “qoşa bulaq” kimi təsvir olunur, biri öldürür (təmizləyir), digər isə dirildir (yəni həyat verir). Klassik ədəbiyyatımızda və şifahi xalq yaradıcığında Məğribdən Məşriqə qədər dünyanı fəth edən İsgəndərin yeganə tapa bilmədiyi şey “Dirilik suyudur”. Foklorumuz deyir ki, dünya malına tamah salan, dirilik suyunu tapa bilməz, onu ancaq qəlbi saf və təbiətlə vəhdətdə olanlar tapa bilər.
Xalq inancında dirilik suyunu tapan və içən şəxs məhz Xızır (Xıdır Nəbi) hesab olunur. Ona görə də o, darda qalanların köməyinə çatır – çünki o, “əbədi diridir”.
Su Çərşənbəsində adətlər arasında ən maraqlısı günəş çıxmadan bulaq başına getməkdir. Səhər tezdən gətirilən, hələ heç kəsin toxunmadığı suyun şəfaverici olduğuna inanılırdı. Bu suyu (Lalsu) gətirən şəxs yol boyu heç kəslə danışmamalı, evə gətirdikdə isə ailə üzvlərinin üzünə həmin sudan çiləməlidir.
Qədim adətlərimizə görə bu gün evdəki bütün qab-qacaqlar, xüsusilə mis qablar “təzə su” ilə yuyulmalı, parıldadılmalıdır. İnanca görə köhnə ilin tozunu və yükünü üzərində daşıyan əşyalar bu gün suyun gücü ilə təmizlənməlidir. Qız - gəlinlər yorğan-döşək üzləri, pərdələri yuyar, evlərin künc-bucağına “aydınlıq olsun” deyə su çiləyərdilər.
Su Çərşənbəsində süfrə qurularkən süfrənin mərkəzinə mütləq şəffaf, büllur və ya mis qabda təzə su qoyulur. Bu suyun ağzı açıq saxlanılır ki, evə “aydınlıq” daxil olsun, süfrənin ruzisi və evdəkilərin bəxti su kimi aydın olsun. Süfrəyə qoyulan nemətlərin mümkün qədər “açıq rəngli” (ağ noğul, küncüt halvası, ağ rəngli şirniyyatlar) olmasına üstünlük verilir. Bu qışın qaranlığından baharın işığına keçidin vizual simvoludur.
Yeməyə başlamazda əvvəl ailə böyüyü suyun müqəddəsliyindən danışar, “suyun haqqı” yad edilər, “Su içənə ilan toxunmaz”, “Su murdarlıq götürməz” kimi atalar sözləri ilə süfrəyə xeyir-dua verilərdi.
Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(24.02.2026)


