Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Uşaqkən nə çox istərdik böyüməyi, böyük adam sayılmağı…
Nə çox istərdik 18 yaşı ötüb keçməyi. Elə deyilmi?
Bəs indi?
İndi hamımız 18 yaşı çoxdan vurub keçmişik.
Artıq hamımız böyük sayılırıq.
Amma o zaman xəyalını qurduğumuz şey tam olaraq bu günkü halımız deyildi, elə bil.
Çünki əvvəllər tez keçməsini istədiyimiz zamanın bu gün artıq tez keçməsini istəmirik.
Çünki əvvəllər bizə nələrsə verən zaman indi bizdən nələrsə alır.
Əvvəllər zamanla böyüyürdük, indi isə yenə zamanla yaşlanırıq.
Əvvəllər zaman gələcək vəd edirdi, indi isə hər keçən gün sona yaxınlaşmağı vəd edir.
Çünki artıq həyatın zəmanəti olmadığını anladığımız yaşdayıq.
Əvvəllər böyüyüb qərarlar vermək istəyirdik.
İndi isə gözləntilər, qayğılar, arzular hərəsi bir yandan yaxamızdan yapışdığı bir vaxtda çox zaman bir qərar vermək iqtidarında belə olmuruq.
Əvvəllər nağıllara inanardıq.
İndi isə heç birimiz nağıllara inanmırıq.
Nəinki nağıllara inanmaq, hətta bəzən həyat qapımızı elə sürprizlərlə döyür ki, acı olduğu üçün reallığa belə inanmaq çətin olur.
Uşaqkən “Gəl dost olaq” deyə başlayan sadə bir cümlə ilə böyük dostluqlar qurulardı.
Halbuki bu gün birinə “dost” deyə bilməyimiz üçün min şahid lazımdır.
Uşaqkən sevgi sadəcə xoşbəxtlik gətirərdi.
İndi isə xoşbəxt sonluqla bitən bir roman belə tapa bilmirik.
Bəli…
Əvvəllər bizə nələrsə qatan zaman indi hər keçən gün bizdən nələrsə alır:
bir gün gəncliyi, bir gün güvəni, bir gün sevinci, bir gün dostu,
başqa bir gün isə bir yaxını…
“Ədəbiyyat və incəsənət”
(19.02.2026)


