Başqasına bənzəmək arzusu bizi hara aparır? Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Müasir dövrdə insanlar sosial mediada gördükləri şəxslərə bənzəmək istəyir, onlar kimi olmağın yollarını axtarırlar. Bu meyli bəzən müsbət dəyərləndirmək olar. Çünki hər bir insanın ilham aldığı, örnək götürdüyü biri ola bilər və bu, inkişaf üçün motivasiya yaradır.

 

Lakin problem ondadır ki, sosial şəbəkələrdə və kinolarda gördüyümüz hər davranış nümunə deyil. Şiddət, psixoloji təzyiq, aqressiya və təhlükəli davranışlar bəziləri üçün zamanla “normal” hal alır. Bu cür səhnələri izləyərək böyüyən insanlar fantaziyanı reallıqla qarışdırır, gördüklərini həyatda təkrarlamağın doğru olduğunu düşünürlər. Məhz bu nöqtədə “bənzəmək” artıq müsbət xüsusiyyət yox, təhlükəli bir tendensiyaya çevrilir.

Son illərdə baş verən hadisələr bunu açıq şəkildə göstərir. Bir müddət əvvəl bir qazinin şəhərin mərkəzində üstünə benzin tökərək insanların diqqətini çəkməyə çalışması cəmiyyətdə ciddi rezonans doğurdu. Təəssüf ki, bir neçə ay sonra eyni davranış başqa biri tərəfindən təkrarlandı. Bu, artıq fərdi hadisə yox, təhlükəli yoluxucu davranış modelidir. Belə hallar göstərir ki, kor-koranə təqlid keyfiyyət deyil, əksinə, iradəsizlik və məsuliyyətsizlikdir.

İnsan gördüyü yaxşı nümunələrdən dərs almalı, pis davranışları isə xəbərdarlıq kimi qəbul etməlidir. Əks halda, başqasının həyatını təqlid etmək öz həyatını itirmək riski yaradır.

Bu sindromun başqa bir təhlükəli tərəfi isə azyaşlılar arasında içki və siqaretə meyildir. Bəzi yeniyetmələr “mən də artıq kişiyəm, mənə olar” düşüncəsi ilə bu vərdişlərə aludə olurlar. Əslində isə bu, özünü sübut etmək yox, özünü məhv etməkdir. Məktəblərdə bir şagirdin siqaret çəkməsi digərləri üçün “fərqli görünmək” vasitəsinə çevrilir və zərərli vərdişlər zəncirvari şəkildə yayılır.

Unutmamalıyıq ki, fərqli olmaq başqasına bənzəmək deyil, özünü düzgün şəkildə formalaşdırmaqdır. Sosial media və filmlər həyat dərsi yox, sadəcə görüntüdür. Həyatı isə insan özü yaşamalı və məsuliyyətini də özü daşımalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.