Öz seçimlərimiz, yoxsa kütlənin əks-sədası? Featured

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Əvvəllər nənələr, analar dizi sökülmüş şalvarı, dirsəyi sökülmüş köynəyi və pencəyi yamaqlayanda heç kim onu geyinmək istəməzdi, xüsusilə də gənc nəsil. Amma sonra kimlərsə çıxıb nəinki yamaqlı, hətta cırılmış şalvarın özünü dəbə gətirəndə (dirsəyi yamaqlı köynək və ya pencək dəbi gözəl və davamlı ola bilər  bunu sadəcə bir misal olaraq çəkdim, söhbət sırf bu dəbdən deyil, ümumi dəb anlayışından gedir) heç vaxt bunu geyinməyəcək insanlar belə, sırf dəbdir deyə gedib bu paltarları mağazadan alıb geyinməyə başladılar.

 

Bu gün subyektiv fikir, subyektiv düşüncə anlayışı yoxa çıxmağa başlayıb. İnsanlar normalda bəlkə heç vaxt geyinməyəcəkləri paltarları, heç vaxt istifadə etməyəcəkləri əşyaları belə sırf dəbdir deyə, sırf müəyyən bir kütlə bəyənir və ya istifadə edir deyə alıb geyinir, istifadə edir. Bizim zövqlərimizi belə başqaları formalaşdırır. Və bu sadəcə dəbdə deyil musiqidə də belədir.

“Dəbdir deyə mən də alıb geyindim” deyən insanla “dəbdə olsa belə, mən bunu geyinmərəm” deyən insan arasındakı fərq getdikcə böyüməyə, ikinci tərəf isə azalmağa başlayır.

Bəs bu nədən irəli gəlir? Məndən soruşsanız  dəyərsizlikdən.

Məncə hər insanın öz dəyərləri, öz şəxsi düşüncəsi, öz sərhədləri olmalıdır. Dində belə fiqhdə təqlid olduğu halda, əqaiddə təqlid yoxdur. Çünki əqidə bir növ insanın kimliyidir. Necə ki bizim zövqlərimiz də bizim kimliyimizdən xəbər verməlidir.

Bəlkə də çoxu bu mövzunu o qədər də vacib saymır. Lakin məsələnin dərininə ensək görərik ki, dəyər həm də bir növ insanı qoruyan qalxandır. Bu gün insanlar sırf kütlədən geri qalmamaq və ya kütlə tərəfindən qəbul edilmək naminə öz dəyərlərini tapdalayır, fərdiliyini itirirlər.

İnsan kütləyə qarışanda rahat olur, amma fərqində olmadan səssizcə yox olur. Utancaqlıq yaxşı bir vərdiş deyil, amma utanma duyğusunun tamamilə olmaması daha təhlükəlidir. Çünki dəyərləri olmayan, utanma duyğusu olmayan insan hər şeyi etməyə qadirdir. Və bu gün cəmiyyət bunun yaratdığı uçuruma doğru sürüklənir.

Bir anlıq dayanıb düşünək dinlədiyimiz mahnılar, geyindiyimiz paltarlar, bəyəndiyimiz şeylər  həqiqətən bizi ifadə edir, yoxsa sadəcə geri qalmamaq qorxusunu gizlədir?

Zövq dediyimiz anlayış həqiqətən öz seçimlərimizin nəticəsidir, yoxsa kütlənin bizdəki əks-sədasıdır?

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.