Sənin içindəki evin hekayəsi Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bu, bir evin hekayəsidir. İçindəki evin. O ev ki, sən hələ doğulmamış tikməyə başlamısan. Divarlarını səslərdən qorumaq üçün qalın çəkmişdin. Qapılarını heç vaxt çırpılmasın deyə möhkəm bağlamışdın. Pəncərələrini başqa bir dünyaya açmışdın. Sakit, isti, təhlükəsiz bir dünyaya.

26 il... Nə qədər qapı, nə qədər səs, nə qədər ev. Kimi çırpıldı, kimi sındı, kimi tərk edildi. Amma içindəki ev heç vaxt səni tərk etmədi.

Bu hekayə onun haqqındadır. Sənin haqqında. Və bəlkə də, hamımızın haqqında.

Gəl, içəri gir. Qapını ört. Çırpma. Sadəcə ört.

Və oxu.

 

Doğulursan. Gözlərini açırsan. İşıq var. Səslər var. Ananın səsi, atanın səsi. Nə baş verdiyini bilmirsən. Sadəcə nəfəs alırsan. Ağlayırsan. Sonra sakitləşirsən. İlk gün belə keçir.

  1 yaş. İməkləyirsən, yoxsq sürünürsən deməliydim? Evin için gəzirsən. Divarlara toxunursan. Nə olduqlarını bilmirsən. Bəzən qapı çırpılır. Sən diksinirsən. Ağlayırsan. Anan gəlir, qucağına alır. Sakitləşirsən. Sabah yenə çırpılır.

 2 yaş. Yeriyirsən. Yıxılırsan, qalxırsan. Səsləri tanımağa başlayırsan. Hansı səs yaxşı, hansı pis. Bəzən səslər yüksəlir. Sən qorxursan. Otağına qaçırsan. Orada təksən, amma təhlükəsizsən.

  3 yaş. Danışırsan. Sözlər öyrənirsən. Evdə eşitdiyin sözləri. "Gəl bura", "get otağına", "sus", "bəsdir". Bu sözlər içinə yazılır. Gecələr yuxuda eşidirsən.

 4 yaş. Oynayırsan. Yastıqlardan evcik qurursan. İçinə girirsən. Orada sakitlik var. Orada heç kim səsini qaldırmır. Orada xoşbəxtsən. Anan səsləyir, çıxırsan. Yenə o böyük ev, yenə səslər.

 5 yaş. Evin içini daha yaxşı tanıyırsan. Divarların rəngini, qapıların səsini, pəncərələrin hara baxdığını. Bəzi günlər sakit keçir, bəzi günlər səs-küylü. Sən öyrənirsən sakit günləri sevməyi.

 6 yaş. Məktəb başlayır. Səhər durursan, gedirsən. Günorta qayıdırsan. Qapını açırsan. İçəridən səs gəlir. Nə deyirlər, bilmirsən. Amma bilirsən ki, bu gecə də belə olacaq. Otağına keçirsən, qapını örtürsən.

 7 yaş. Məktəbdə uşaqlar deyir "sənin evin necədi?" Sən deyirsən "adi". Danışmırsan çox. Sənin evin haqda danışmağı sevmirsən.

 8 yaş. Bir gecə yata bilmirsən. Səslər çox yüksək. Qapı çırpılır, şüşə sınır haradasa. Sən yorğanın altında gizlənirsən. Düşünürsən ki, kaş mənim öz evim olsaydı. Orada heç kim bağırmazdı. Orada qapılar çırpılmazdı. Onda rahat yatardım.

 9 yaş. Hər gecə bu fikirlə yuxuya gedirsən. Öz evini tikirsən içində. Əvvəl divarlar çəkirsən. Hündür, qalın divarlar. Səs keçirməsin. Sonra qapılar qoyursan. Elə qapılar ki, heç vaxt çırpılmasın. Pəncərələr açırsan. Bağçaya baxsın. O bağçada ağaclar olsun, çiçəklər olsun.

 10 yaş. İçindəki ev böyüyür. Otaqlar əlavə edirsən. Bir otaq özün üçün. Bir otaq qorxularını qoymaq üçün. Bir otaq xatirələrini. O evdə gəzirsən gecələr. Sakitdi. İstidi. Orada xoşbəxtsən.

 11 yaş. Məktəbdə sinif yoldaşların dəyişmir. Eyni üzlər, eyni sözlər. Bəzən deyirlər "sən niyə beləsən?" Sən bilmirsən nə demək istədiklərini. Çəkilirsən içinə. İçindəki evə gedirsən.

 12 yaş. Gecələr daha çox oyaq qalırsan. Səslər bitmir. Qapı çırpılır, sən diksinirsən. Sonra içinə gedirsən. Orada oturub çay içirsən. Xəyali çay. Pəncərədən baxırsan. Xəyali bağçaya. Xəyali ağaclara.

 13 yaş. Evdə bir gün dava daha da böyüyür. Sən otağında, qulaqcıqlar qulağında. Musiqini qoyursan yüksək səsə. Eşitmirsən. Amma bilirsən ki, davam edir. Sən içindəki evdəsən. Orada sakitlik var.

 14 yaş. Məktəb davam edir. Sinif yoldaşların eyni. Bəziləri dəyişib, bəziləri dəyişməyib. Sən də dəyişirsən. İçindəki ev möhkəmlənir.

 15 yaş. Gecələr içindəki evdə gəzirsən. Divarları yoxlayırsan. Hələ də səs keçirmir. Qapıları yoxlayırsan. Hələ də möhkəmdir. Pəncərələrdən baxırsan. Bağça böyüyüb. Ağaclar boy atıb. Sən gülümsəyirsən.

 16 yaş. Kollecə qəbul olursan. Eyni şəhər. Amma evdən çıxmalı olursan. Ata gil evdən köçür. Sən bir neçə otaqda qalırsan. Kirayə, tanışlar, müxtəlif yerlər. Hər otaq başqa, hər ev başqa. Amma sən içindəki evi hər yerə aparırsan. O həmişə səninlədir.

 17 yaş. Ailəndən tamam ayrılırsan. Bir gün çantanı götürüb çıxırsan. Qapını örtürsən. Çırpmırsan. Arxana baxmırsan. Küçədə dayanırsan. Nəfəs alırsan. Dərindən. İlk dəfə. Həqiqətən nəfəs alırsan.

 Bu otaq kiçikdi. Bir otaq, bir pəncərə. Pəncərədən başqa evlər görünür. Sən oturub baxırsan. İçindəki evə keçirsən. Orada rahatsan. İlk gecə yatırsan. Heç kim qapını çırpmır. Səhər oyanırsan. Heç kim qapını çırpmayıb. Gülümsəyirsən.

 18 yaş. Kollec davam edir. Dərslər, imtahanlar, dostlar. Dostlar deyir "evə gedək?" Sən deyirsən "gedək". Evinə aparırsan. Kiçik otaq, təmiz, səliqəli. Dostlar deyir "rahatdı burda". Sən deyirsən "bilirəm". İçində deyirsən "bura mənim evimin başlanğıcıdı."

 19 yaş. Kollec bitir. Nə edəcəyini düşünürsən. Hərbi xidmət gözləyir. Gedəcəksən, bilirsən. Gecələr içindəki evdə oturub pəncərədən baxırsan. Bağça hələ də ordadır. Ağaclar hələ də böyüyür. Sən gözləyirsən.

 20 yaş. Hərbi xidmət. Çağırış gəlir. Gedirsən. Ailən yola salır. Qapıda dayanıb baxırsan o evə. İllər boyu yaşadığın ev. Nə deyirsən? Heç nə. Dönüb gedirsən.

 Hərbi hissə. Sərt yataqxanalar, sərt səslər. Qapılar çırpılır. Əmrlər səslənir. Sən öyrəşmisən. Öyrəşmisən qapı çırpılmasına. Amma burada fərqlidir. Burada səbəb var. Burada nizam var. Gecələr yataqda uzanıb içindəki evə gedirsən. Orada hələ də sakitlik var. Orada heç nə dəyişməyib.

 21 yaş. Müharibə. Səslər başqadır. Qapı çırpılması deyil, partlayış səsləri. Sən içindəki evə daha çox çəkilirsən. Orada təhlükəsizsən. Orada səslər yox. Orada ancaq sən varsan. Gecələr yuxuya gedəndə o evdə gəzirsən. Divarlara toxunursan. Hələ də səs keçirmir.

 22 yaş. Hərbi xidmət bitir. Qayıdırsan. Sağ qayıdırsan. Ailənin yanına. Köhnə evə. Atangil evdən köçüb, amma sən yenə o köhnə evə qayıdırsan. Ailən ordadı. Eyni səslər, eyni qapılar. Bəzi şeylər dəyişməyib.

 Universitetə qəbul olursan. Ailənlə yaşamağa başlayırsan yenə. Köhnə ev, köhnə səslər. Qapılar hələ də çırpılır. Sən artıq fərqinə belə varmırsan. Müharibədən sonra heç nəyi fərqinə varmırsan. İçindəki evdəsən. Orada universitetə hazırlaşırsan, dərs oxuyursan, yatırsan, oyanırsan.

 23 yaş. Universitet. Gündüz dərs, axşam iş, gecə ev. Pul yığırsan. İçindəki evdə təmir edirsən. Divarları rəngləyirsən. Açıq rənglər. Döşəməni dəyişirsən. İsti döşəmə. Pəncərələri böyüdürsən. Daha çox işıq girsin.

 24 yaş. Universitetin bitməsinə az qalıb. İş tapırsan. Yaxşı iş. Pul yığırsan. İçindəki evdə artıq hər şey hazırdı. Divarlar, qapılar, pəncərələr. Orada gəzirsən. Hər şey yerində. Sən xoşbəxtsən. Bir şey əskikdir. Nə olduğunu bilmirsən.

 25 yaş. İşdə yüksəlirsən. Daha çox pul, daha çox saat. Ailə evində otağında yatıb çıxırsan. Səhər tez gedirsən, gec gəlirsən. Heç nə hiss etmirsən. İçindəki evdə oturub pəncərədən baxırsan. Bağça böyüyüb. Ağaclar meyvə verir. Sən baxırsan. Nə gözlədiyini bilmirsən.

26 yaş. Bu gün. Bu səhər.

Düşünürsən.. 26 il. Müharibə, ayrılıqlar, ölümlər, qayıdış. Nə qədər qapı. Çırpılan, çırpılmayan. Nə qədər səs. Eşidilən, eşidilməyən. Nə qədər ev. İçindəki, çölündəki. Hələ də ailə evində yaşayırsan. Hələ də öz evin yox. Amma içindəki ev var. O həmişə var idi. O həmişə olacaq.

 Bu gecə nə olacaq? Bilmirsən. Heç nə bilmirsən. Sadəcə oyanmısan bu səhər. Çay içirsən. Pəncərədən baxırsan. İçindəki evdə oturmusan.

 Səhər açılır. Oyanırsan. Otağında, ailə evində. Çöldən səslər gəlir. Qapı çırpılır haradasa. Sən tavana baxırsan. Nəfəs alırsan. Qalxırsan. Çaydanı ocağa qoyursan. Su qaynayana kimi pəncərədən baxırsan. Göy üzü var. Bir quş uçur. Buludlar yavaş-yavaş keçir.

Su qaynayır. Çayı dəmləyirsən. Bir fincan qoyursan qabağına. İçindəki evə keçirsən. Orada oturursan. Pəncərədən bağçaya baxırsan. Ağaclar var. Çiçəklər var. Hamısı sənin içindədir. Çayını içirsən. İstidi. Sakitdi. Heç kim yoxdur. Təksən. Amma təklik pis deyil. Təklik tanışdı. Təklik təhlükəsizdi.

Düşünürsən… 26 il…

Çay bitir. Fincanı yuyursan. Yerinə qoyursan. Paltarını geyinirsən. İşə gedirsən. Qapını örtürsən. Çırpmırsan.

Heç kim gəlmir.

Həyat davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.