Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Bəzən insan sakit bir anda, heç nə olmadan, birdən keçmişə gedir. Bir qoxu, bir mahnı, bir küçə, bir şəkil kifayətdir. Birdən ürəyində köhnə qapılar açılır. Unutduğunu sandığın xatirələr səssizcə geri qayıdır. Toz basmış hisslər yenidən nəfəs almağa başlayır. Sanki zaman bir anlığa dayanır və sən yenə o köhnə anların içində qalarsan.
Və içində bir cümlə yaranır:
“Kaş ki, keçmişə qayıda bilsəydim…”
Kaş ki, bəzi sözləri vaxtında deyə bilsəydim. Daxilimdə yığılıb qalan sevgini, təşəkkürü, peşmanlığı vaxtında dilimə gətirə bilsəydim. Kaş ki, bəzi insanları daha çox qucaqlaya bilsəydim, daha çox üzlərinə baxıb “yaxşı ki, varsan” deyə bilsəydim. Kaş ki, “sonra” sözünü bu qədər rahat deməsəydim. Çünki “sonra” çox vaxt heç vaxt olmur.
O vaxtlar hər şeyin həmişə davam edəcəyini düşünürdüm. İnsanlar həmişə yanımda olacaq sanırdım. Sevdiklərimin səsi heç vaxt susmayacaq kimi gəlirdi. Həyatın məni yarı yolda qoymayacağını düşünürdüm. Amma həyat sakitcə, səs salmadan öyrətdi ki, heç nə əbədi deyil. Heç bir an, heç bir münasibət, heç bir sevgi zəmanətli deyil.
Bəzi ayrılıqlar xəbərsiz gəlir. Qapını döymədən girir həyatımıza. Bəzi vida sözsüz olur. Nə qucaq var, nə “sağ ol”, nə “bağışla”. Sadəcə bir gün o insan artıq yoxdur. Bəzi insanlar həyatımızdan çıxanda, biz bunu çox gec anlayırıq. Onların boşluğunu hiss edəndə artıq geri dönüş olmur.
Kaş ki, daha az inciyərdim. Kaş ki, hər sözə ürəyimi yormazdım. Kaş ki, daha çox anlayardım, daha çox dinləyərdim. Kaş ki, qürurumu ürəyimin önünə keçirməzdim. Çünki bəzən insan qürurunu qoruyarkən, ən dəyərli bağlarını itirir.
Bəzən susduğum üçün peşman oldum. İçimdə qalan sözlər boğazımda düyün oldu. Bəzən danışdığım üçün peşman oldum — düşündürmədən deyilən sözlərin yaratdığı yaralara görə. Bəzən getmədiyim üçün peşman oldum — qorxduğum üçün. Bəzən də getdiyim üçün — tez vaz keçdiyim üçün.
Həyat qəribədir — nə etsən, bir tərəfi yarımçıq qalır. Nə qədər çalışsan da, hər şeyi doğru etmək mümkün deyil. İnsan bəzən doğru bildiyini edər, amma nəticə yenə yanlış olar.
Keçmişdə çox şeyə görə özümü günahlandırmışam. “Əgər belə etsəydim…”, “kaş ki, onda başqa cür davransaydım…” deyə-deyə özümü yormuşam. Gecələr beynimdə eyni səhnələri yüz dəfə təkrarlamışam. Eyni cümlələri fərqli sonluqlarla yaşamışam. Amma zamanla başa düşdüm ki, o günkü mən, bugünkü ağlımla yaşaya bilməzdi.
O vaxt bacardığım qədər idim.
O vaxt bildiyim qədər sevirdim.
O vaxt gücüm çatdığı qədər mübarizə aparırdım.
O vaxt qorxa bildiyim qədər qorxur, cəsarətim çatdığı qədər cəsarətli olurdum.
Bunu qəbul etmək asan olmadı. Öz səhvlərinlə barışmaq, özünə “bağışlayıram səni” demək ən çətin mərhələdir. İnsan başqalarını bağışlamağı bacarır, amma özünü bağışlamaq illər aparır.
Keçmişə qayıtmaq istəyi — əslində, özünü bağışlaya bilməməkdir. İnsan keçmişini qucaqlaya bilməyəndə, indisini də rahat yaşaya bilmir. Hər gün dünənin kölgəsində qalır. Hər yeni günə köhnə yaralarla başlayır.
Bəlkə də qayıtsaydım, yenə səhv edərdim.
Yenə inanardım.
Yenə yanılardım.
Yenə ağlayardım.
Yenə ümid edərdim.
Yenə ürəyimi ortaya qoyardım.
Çünki o mən idim. Qorxuları ilə, xəyalları ilə, saf niyyətləri ilə, sadəlövhlüyü ilə…
İndi anlayıram ki, keçmiş məni yaralamaq üçün yox, formalaşdırmaq üçün var idi. Hər səhv, hər itki, hər göz yaşı məni bu günkü mənə çevirdi. Hər yıxılma məni bir az daha möhkəm etdi. Hər xəyal qırıqlığı məni bir az daha ayıq saldı.
Kaş ki, keçmişə qayıda bilsəydim — deyə düşünəndə, artıq başqa cür cavab verirəm:
Yox.
Qayıtmaq istəmirəm.
Çünki indi daha güclüyəm.
Daha səbirliyəm.
Daha dərin düşünürəm.
Daha diqqətlə sevirəm.
Daha az özümü itirirəm.
Və ən əsası — özümü bağışlamağı öyrənmişəm.
Artıq bilirəm ki, mükəmməl olmaq yox, səmimi olmaq vacibdir. Səhvsiz yaşamaq yox, səhvlərdən dərs almaq əhəmiyyətlidir. Keçmişi silmək yox, onu anlayaraq yoluna davam etmək lazımdır.
Bəlkə də insanın ən böyük qələbəsi başqalarını məğlub etmək deyil.
Öz qorxularını, peşmanlıqlarını, vicdan əzabını məğlub etməkdir.
Və mən bu savaşı yavaş-yavaş qazanıram…
“Ədəbiyyat və incəsənət”
(12.02.2026)


