Bir xatirənin ünvanı Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Magistral yolların kənarında qoyulmuş qırmızı güllər bəzən min sözün ifadə edə bilmədiyi mənanı çatdırır. Zaman keçdikcə onlar böyük bir xatirəyə çevrilərək sevgi ilə nifrətin qovuşduğu ünvana dönür. Bu güllər adi bir xatirə əşyası deyil, yarımçıq qalmış ömürlərin səssiz nişanəsidir.

 

Hiss olunur ki, bu yolda avtoqəza nəticəsində həyatını itirən insanlar olub. Kim olduqları, neçə yaşlarında olduqları və hara tələsdikləri isə məlum deyil. Məlum olan isə yalnız ayrılığın rəngidir. Qırmızı!

Ömrümüzün demək olar ki, tən yarısı yollarda keçir. Yollarda nə qədər plan qursaq da, çox zaman elə yollar özləri bizim axırımıza çıxır. Ani bir diqqətsizlik, bir göz qırpımı qədər qısa vaxt kəsiyi və...“Xatirə nişanı”.

Bəzən bir yeri dəyərli edən orada doğulub böyüməyindir, bəzən mənzərəsidir, əlçatmazlığıdır.

Bəzən ilk tanışlıqdır, keçirilən xoş anlardır, gəncliyinin və ya tələbəliyinin orada keçməsidir.

Bəzən də ayrılıqdır.

Sevdiyin birini son dəfə gördüyün yer, sevdiyin birinin öldüyü yer.

Bəzən yol kənarlarında qoyulmuş çiçəklər görürük.

Onlar da bir növ yol nişanlarına bənzəyir, amma yol nişanları qaydaların göstəricisidir, onlar isə xatirələrin.

Bizim üçün adi olan, avtomobil və ya avtobusla bir dəqiqədə ötüb keçdiyimiz o yerlərdə kimlərsə illərlə, hətta bəlkə bir ömür ilişib qalır.

Bu yerlər həyat axıb gedərkən zamanın kimlər üçünsə donduğu yerlərdir.

Bu yerlər eyni anda həm sevgiylə sədaqətin, həm də nifrətlə qəzəbin, acının ünvanı olur.

Hər şeyin məhv olduğu, bütün gözəl sabahlarını, ümidlərini, xəyallarını dağıdan, səndən qoparan, amma yenə də qopa bilmədiyin bir yer.

Fəqət bu yer və bu güllər sadəcə kimin üçünsə bir xatirə deyil, eyni zamanda hamımız üçün bir xatırlatmadır - bəzən tələsməmək, bəzən isə gecikməmək üçün.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.