Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən ən doğru qərar elə qərarsızlığın içindən doğur. Həyatda elə şeylər var ki, bir addıma bağlıdır; o an verdiyin qərar səni tam fərqli yerlərə aparır — yaxşı və ya pis mənada. Yaxşı və ya pis olması isə səndən, sənin seçimindən asılıdır.
Bəzi seçimlər itirmə qorxusu yaratmasa da, qazandıra bilər. Əgər qarşına çıxan şeylərin sənə zərəri yoxdursa, seçməkdə fayda var. Ən azından yoxlamış olursan. Belə seçimlərdən heç vaxt qaçma. Bəlkə onlardan biri sənin həyatında köklü dəyişiklik edəcək, kim bilir.
Sınamaq, yoxlamaq, cəhd etmək insanı dəyişən, gücləndirən seçimlərdir. Ortada qalıb geri addım atmaq isə qorxunun, gücsüzlüyün, cəsarətsizliyin simvoludur. Hər zaman irəli getməyi bacarmaq lazımdır. Qərarsız qalmaq nə olduğun yerdə sənə rahatlıq verər, nə də olmaq istədiyin yerə aparar.
Seçim etmək çətindirsə, düşün: ən çox kim və harda olmaq səni xoşbəxt edəcək. O zaman görəcəksən ki, bu heç də çətin deyil, əziz insan.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


