İnsanlar sevgini bu qədər ucuz, qorxunu bu qədər bahalı saymamalı idi... Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

-Sənin getməyin ona böyük zərbə oldu.

-Bilirəm.

-Tez-tez səni xatırlayırdı. Ölən günəcən. Deyirdi, "Zaur satmaz məni onlara..."

 

Söhbət Anarın “Büşmərtəbəli evin altıncı mərtəbəsi” romanından gedir. Oxumayanlar varsa əgər, onda “Təhminə” filmindən gedir…

 

Yazanlar bəzən Təhminəni çox qınadı, yazdı-pozdu və pislədi Amma Təhminə çox sevdi. Özü də çox...amma bilirsiniz, sevmək bəzən bəs etmir, gərək eyni zamanda sevildiyini biləsən. Biləsən ki, hamı səndən üz döndərsə də o həmişə səninlədir. Sənə bir seçim kimi baxmayacaq. Razıyam, sevmək gözəl olsa da, ağrılı bir duyğudur. Lakin Təhminə özünü seçmədi. Seçə bilmədi. İnsan hər şeydən keçə bilər, amma özündən keçsə geri dönüşü olmaya bilər. Cəmiyyətimizdə həmişə qınaq obyekti olan insanlar həqiqətən də qınaq mənbəyi olmaya bilər. Lakin hər kəs necə sərf edirsə, elə anlamış olur filmi. 

Deyirlər, Təhminə son günlərində də Zauru düşünürdü. Bunu birinə sübut etmirdi, ucadan demirdi, sadəcə inanırdı. İnanmaq istəyirdi. Deyirdi ki, Zaur məni satmaz onlara. Deyirdi ki, nə olur-olsun, o məni yarı yolda qoymaz. Bəlkə də bu, son ümid idi. Bəlkə də insanın ölümə gedərkən özünə dediyi yeganə təsəlli. Çünki insan bəzən başqasına yox, öz inamına sadiq qalmaq istəyir.

Amma sual buradadır: Zaur satdı onlara? Yoxsa Təhminə elə düşünərək öldü? Bəlkə Zaur heç kimə satmadı, sadəcə susdu. Bəlkə də susmaq satmaqdan daha ağırdır. Çünki satılan şey heç olmasa açıqdır, ünvanlıdır. Susqunluq isə görünməzdir, amma nəticəsi daha dağıdıcıdır.  Zaur danışsaydı, mövqeyini qoysaydı, seçim etsəydi  bəlkə hər şey başqa cür olardı. Amma onun susqunluğu hər kəsin işinə yaradı.

Təhminə isə içində bir şübhə olsa belə, onu boğdu. Çünki insan sevdiyi adamı son anda da günahlandırmaq istəmir. İnsan bəzən həqiqəti bilə-bilə ona göz yumur ki, içindəki dünya dağılmasın.

Ən faciəlisi də elə budur. Bəzən insanlar cavabsız suallarla ölür. Bəzən də cavabsız suallarla yaşayır. Təhminə sualla getdi, Zaur isə sualla qaldı. Hansının daha ağır olduğunu demək çətindir. Amma bir həqiqət var: insanı öldürən təkcə xəyanət deyil, həm də yarımçıq qalan inamdır.

Və bəlkə də ən ağrılı məqam budur ki, Təhminə son ana qədər inandı, Zaur isə son ana qədər qərar verə bilmədi.

Hər kəsin həyatından bir Təhminə, bir  Zaur keçir. Beləliklə, bəzən Təhminələr günahlandırılır. Bəzən Zaurlar. Bəzən isə heç kim. Günah havada qalır, ad qoyulmur, ünvan tapmır. İnsanlar isə hər şeyə ad qoymağa tələsir: bu haqlı idi, o haqsız idi, biri səhv etdi, o biri gecikdi. İnsanlar haqlı-haqsız davasında olur...Halbuki bəzi hekayələr var ki, orada günah da yarımçıqdır, haqq da. Orada yalnız itirilmiş imkanlar var. Bu istiqamətdə Təhminələr yol gözləyir.  Gözləyir ki, bəlkə qarşısındakı adam bir gün qorxularını udar, cəsarətini toplar, seçimini edər. Bəzən Zaur­lar yol gözləyir. Düz zamanı, münasib anı, hər şeyin “yerinə düşəcəyi” günü. Amma həyat heç vaxt hər şeyi yerinə salmır. Həyat yalnız fürsət verir. Fürsəti isə ya tutursan, ya da ömür boyu xiffətlə xatırlayırsan. İnsanların çoxu xəyanəti yalnız başqa bir sevgidə axtarır. Amma əsl xəyanət çox vaxt səssiz olur. Susmaqla edilir. Gecikməklə edilir. “Bir az sonra” deməklə edilir. Sevdiyini gözlədib, özün geri çəkilməklə edilir. Kiminsə sənə ümid bağladığını bilə-bilə qərarsız qalmaq, kiminsə həyatını yarımçıq saxlayıb öz rahatlığını seçmək- bu da xəyanətdir. Bəlkə də ən ağırı budur.

Belə oldu… amma belə olmamalı idi. İnsanlar sevgini bu qədər ucuz, qorxunu bu qədər bahalı saymamalı idi. Cəsarət zəiflik kimi təqdim olunmamalı idi. Azad olanlar qınanmalı, tərəddüd edənlər müdafiə olunmamalı idi. Çünki hər qorxu bir gün bəhanəyə, hər bəhanə isə peşmanlığa çevrilir.

Bəzən insanlar bir-birini itirir, amma dərhal anlamır. İllər keçir, həyat axır, yollar dəyişir. Hər şey yerindədir- iş var, ailə var, məsuliyyət var. Amma içəridə izah olunmayan bir boşluq qalır. Elə bir boşluq ki, nə ad qoymaq olur, nə doldurmaq. İnsan anlayır ki, itirdiyi nə bir münasibət idi, nə də bir insan. İtirdiyi öz cəsarəti idi.

Və insan bəzən düşünür: bəlkə başqa bir dünyada… Bəlkə səhvlərin bu qədər ağır sayılmadığı, qorxuların hökm etmədiyi bir dünyada onlar-Təhminə və Zaur qovuşa bilərdilər. Bəlkə o dünyada insanlar səhvlərini udmağı bacarardılar. Bir-birinə gecikməz, yarımçıq qalmaz, susaraq incitməzdi. Bəlkə sevginin dəyərinin olduğu bir dünyada seçim etmək bu qədər ağrılı olmazdı.

Bəlkə o dünyada yol gözləyənlər tək qalmazdı. Bəlkə orada xəyanət susmaqla ölçülməzdi. Bəlkə orada sevgi izah tələb etməz, sübut istəməzdi,  sadəcə yaşanardı. Bəlkə o dünyada insanlar “belə oldu” deməzdi, “belə olmalı idi” deyə bilərdi.

Amma bu dünyada hər şey yarımçıqdır. Sevgilər də, cəsarətlər də, vidalar da. Bu dünyada çox şey gec başa düşülür. Çox şey itəndən sonra dəyər qazanır. Və insan ömrünün bir yerində dayanıb anlayır ki, bəzi yollar bir dəfə açılır. Geri dönəndə isə artıq orada heç nə yoxdur- nə yol, nə də gözləyən.

Və bəlkə də ən ağır həqiqət budur: bu dünyada qovuşmayanlar, yalnız başqa bir dünyanın ümidinə qalır. O dünyanın olub-olmadığını isə heç kim bilmir…

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.